“13 ildir davam edən Suriya böhranında maraqlı hadisələrlə qarşılaşırıq. HTŞ (Həyat Təhrir əş-Şam – red.) adı altında yeni yaranmış bir təşkilat Əsəd rejiminə qarşı hərəkətə keçib. Türkiyənin Əsəd ilə dialoq təşəbbüsü zamanı Suriya rəhbərliyinin ilk tələbi Türkiyə ordusunun Suriya ərazisindən çıxması olmuşdu. Halbuki Suriyada təkcə Türkiyə ordusu deyil, İran, Rusiya və ABŞ hərbi qüvvələri də mövcuddur. Əsədin bu kontekstdə yalnız Türkiyəni hədəf alması onun situasiyanı doğru analiz etmək qabiliyyətini itirdiyini göstərir”.
Bu sözləri Yenicag.az-a açıqlamasında Türkiyədə fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, professor Hasan Oktay deyib.
Analitik Suriyanın parçalanması fonunda bölgədə federativ bir kürd dövlətinin qurulacağı ilə bağlı səslənən iddialara münasibət bildirib.
H. Oktay söyləyib ki, Türkiyə, HTŞ-nin bu yeni həmlələri qarşısında bütün ehtimalları nəzərə alaraq yüksək səviyyədə hazırlıq vəziyyətinə keçib:
“Xüsusilə, Suriya böhranının ilk günlərindən etibarən, Türkiyənin Suriya şimalında – öz cənubunda 30 kilometrlik təhlükəsizlik zolağı yaratmaq məqsədinin əhəmiyyəti indi daha yaxşı başa düşülür. Çünki Suriya ərazisində baş verən bu cür hadisələrin Türkiyəyə ziyan vurmaq potensialı nəzərə alındıqda, Türkiyə qabaqlayıcı tədbir olaraq öz sərhədlərindən kənarda addımlar atmışdır. Buna baxmayaraq, PKK bölgədə fəaliyyətlərini davam etdirmək üçün adını dəyişdirərək xarici dəstək almaqda və müəyyən əraziləri nəzarətə götürüb orada kantonlar yaradaraq müstəqilliyə doğru hərəkət etməkdədir. Türkiyə üçün bu prosesləri diqqətlə izləmək və zamanında cavab vermək prioritetdir”.
H. Oktay əlavə edib ki, Türkiyənin dəstəklədiyi Suriya Milli Ordusu (SMO) HTŞ-nin bu hərəkətlərinə qarşı birbaşa toqquşmadan yayınaraq öz nəzarət sahəsini genişləndirmək niyyətindədir:
“Türkiyə, bir tərəfdən, Suriyanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayır, digər tərəfdən isə HTŞ-nin fəaliyyəti kontekstində PKK-nın dövlət quruculuğu səylərini yaxından izləyir. Hətta qısa zamanda HTŞ-nin SMO ilə birgə əməliyyat keçirilməsi planlaşdırılır. Türkiyə, Suriyada Bəəs rejimindən uzaqlaşmış və ərazi bütövlüyünə hörmət edən bir sistemin formalaşmasını hədəfləyir. Orada nə hər hansı bir kürd dövləti, nə də digər terror təşkilatları tərəfindən qurulacaq dövlət Türkiyə tərəfindən qəbul edilə bilməz. Suriyada demokratiyanın, hüququn aliliyinin, ədalətin və bərabər vətəndaşlığın təmin olunması əsas prioritetlərdəndir”.
Rafi Müslümov
www.yenicag.az