Sürücünün yalvarışlarını videoya çəkən yol polisi əməkdaşı işdən çıxarıldı

Bu gün sosial şəbəkələrdə yol polisinin vətəndaşla dialoqunu özündə əks etdirən video görüntülər yayılıb.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, bu görüntülər sosial şəbəkələrdə yayıldıqdan dərhal sonra, həmin videonu lentə almış yol polisi inspektoru Elvin Mövlanov Baş Dövlət Yol Polisi İdarəsinə çağırılıb və o idarə rəhbərliyinin əmri ilə tutduğu vəzifədən azad edilib.

Qeyd edək ki, çəkilmiş video polis əməkdaşının yaxınları tərəfindən sosial şəbəkədə paylaşılıb. Belə ki, Sabirabad rayonunda 99 YP 965 dövlət nömrə nişanlı DYP avtomobilində xidmət aparan Elvin adlı inspektor saxlatdırdığı sürücü ağlayan və yalvaran vəziyyətdə çəkib. Yol polisinin sürücünü çəkməsi və yayması isə sosial şəbəkələrdə ciddi şəkildə qınanılıb. Belə halın qeyri-qanuni olduğu bildirilib. Həmin əməkdaşın işdən çıxarılması ilə bağlı çağırışlar edilib.

Yenicag.az