!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tehranın Zəngəzur dəhlizi XOFU: Molla rejiminə Ermənistanla sərhədlər vacibdir, yoxsa İranın mövcudluğu? – TƏHLİL

!Reklam – Yazi

Azərbaycanın möhtəşəm zəfəri ilə nəticələnən 44 günlük Vətən müharibəsinin gedişində və məlum üçtərəfli bəyanatın imzalanmasından sonra, o cümlədən həmin sənəddə yer alan müddəaların icra prosesində region dövlətlərinin davranışı diqqət mərkəzində saxlanılan vacib məsələlər sırasındadır.

Təbii, Azərbaycanın qonşu dövlətləri arasında cərəyan edən proseslərə qeyri-adekvat mövqe sərgiləmək baxımından İran xüsusilə seçilir. Bu ölkənin ali dini rəhbəri başda olmaqla, çox sayda rəsmi şəxsləri və hakim siyasətin ruporu rolunda çıxış edən media orqanlarının çıxışlarının əsas leytmotivini hər addımda Azərbaycanın milli dövlət maraqlarının şübhə altına alınması, hətta Bakıya yönəlik təhdidlər səsləndirilməsi təşkil etməkdədir.

Xatırlatmaq lazım gəlir ki, 44 günlük müharibənin ilkin mərhələsində diplomatik və qeyri-rəsmi kanallar vasitəsilə Azərbaycanın savaşı dayandırmasının vacibliyini bəyan edən İran hökuməti müharibədə dönüş yarandığında fakt qarşısında qaldığını anlayaraq ritorikanı dəyişməyə, özünü Bakının hərbi uğurlarından məmnun tərəf kimi göstərməyə üstünlük verdi.

Bununla belə, həmin dönəmdə Ermənistana silah çatdırılmasında əsas tranzit funksiyasını üzərinə götürən İranın bu davranışı Azərbaycanda haqlı olaraq səmimi mövqe kimi qiymətləndirilmədi və zaman keçdikcə bu yanaşmanın tamamilə doğru olduğu təsdiqləndi.

Rəsmi Bakının üçtərəfli bəyanatın əsas müddəaları sırasında yer alan Zəngəzur dəhlizinin təmin edilməsinə yönəlik qətiyyətli addımlarının intensivləşməsi İran rejiminin gerçək mahiyyətini bir daha ortaya qoydu və bu heç kəs üçün gözlənilməz olmadı.

Əslində, 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasını özünə qarşı ən böyük təhlükə kimi görən, o zaman yeni vüsət alan müharibədə Ermənistanı birmənalı dəstəkləyən və bu ölkə üçün “əsas nəfəslik” funksiyasını yerinə yetirən İrandan fərqli davranış gözləməyə dəyməzdi. Belə də oldu və Tehran rejimi az qala 30 ilə yaxın davam etmiş Azərbaycan ərazilərinin işğal faktından narahatlığını heç nə ilə büruzə vermədi.

Bu baxımdan, 31 il əvvəl müstəqilliyin bərpa olunması Tehran rejiminə necə diskomfort yaşatmışdısa, Azərbaycanın İkinci Qarabağ müharibəsində əldə etdiyi zəfər də molla hakimiyyətinə o səviyyədə təsir göstərdi. Ancaq nə qədər məmnun olmasa da, İran Azərbaycanın regionda yaratdığı yeni reallığı dəyişə bilmədi.

Lakin İran rejimi yeni reallıqdan doğan şəraitdə Azərbaycanın üçtərəfli bəyanatın müddəalarının yerinə yetirilməsinə Ermənistanı məcburetmə addımları Tehranın narahatlığını birə-beş artırıb. Rəsmi Bakının Zəngəzur dəhlizi məsələsində tutduğu birmənalı və son dərəcə qətiyyətli mövqe, həmçinin Türkiyə ilə Rusiyanın bu kontekstdə Azərbaycanla həmfikir olması İran hakimiyyətində aqonik ovqat yaradıb.

Bunun nəticəsində İranın ali dini rəhbəri, prezidenti, Baş Qərargahın rəisi və başqa rəsmiləri Zəngəzur dəhlizinin yaranması ilə formalaşacaq vəziyyətə “Ermənistanla sərhədlərinin dəyişdirilməsinə dözməyəcəklər”i haqda təşviş, eyni zamanda, təhdid dolu bəyanatlarla reaksiya verdilər.

Bəli, bu o ölkədir ki, Azərbaycanla sərhədlərinin az qala 30 il ərzində Ermənistan tərəfindən işğal olunmasına cınqırını çıxarmayaraq işğal faktının rəsmiləşməsi, Bakının buna məcbur edilməsi üçün “Qərb xoru”na qoşulmuşdu. İndi isə siyasi həyasızlıqla “Ermənistanla sərhədlərinin dəyişdirilməsi”nin qəbuledilməzliyindən danışırlar.

Lakin mövcud gerçəklik bundan ibarətdir ki, Azərbaycan İran mollalarının şivənindən asılı olmayaraq, Zəngəzur dəhlizinin inşası üçün başladığı prosesi uğurla sona çatdırmaq əzmindədir. Bu yolda hərbi güc tətbiqinə gedilməli olsa belə, Azərbaycan bundan çəkinməyəcək.

İran buna əngəl törətməyə qalxarsa, artıq Ermənistanla sərhədlərinin deyil, öz mövcudluğunun hayına qalmalı olacaq. Tehranda da bunu çox gözəl bilirlər…

“Yeni Çağ” Analitik Qrupu

COP29

www.yenicag.az

946
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv