Roma danışıqlarının BEŞİNCİ RAUNDU: “Bu, özü də prosesin davam etdirilməsi üçün irəliləyiş deməkdir”
“ABŞ Prezidenti Donald Tramp bu məsələ ilə yaxından maraqlanır. Çünki Rusiya-Ukrayna müharibəsinin həll olunmasında nailiyyət edə bilməyib. Ən azından bu məsələdə həll yolu tapmağa çalışır”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov deyib.
O, İranın xarici işlər naziri Abbas Əraqçinin ABŞ ilə yaxınlıq üzrə danışıqların beşinci raundunda iştirak etmək üçün Romaya getməsini və “X” sosial şəbəkəsindəKİ “qərar vermək vaxtıdır” yazısını şərh edib.
Politoloq bildirib ki, İranın ABŞ ilə apardığı danışıqlar artıq Romada davam etdirilir:
“Bu, İranla ABŞ arasında nüvə proqramı ilə bağlı aparılan danışıqların beşinci mərhələsidir. İndiyə qədər keçirilən danışıqlarda ciddi nəticələr əldə olunmayıb. Baxmayaraq ki, danışıqlardan sonra verilən bəyanatlarda tərəflər müəyyən irəliləyişlərin olduğunu bildirirlər, əslində, danışıqlarda konkret nəticələr barədə açıqlama verilmir. Bu da onu göstərir ki, hələ də həm İran, həm də ABŞ istədikləri nəticələri əldə etməyiblər”.
“Sual oluna bilər ki, beşinci raundda ciddi nəticələr əldə olunacağı gözlənilirmi? Təbii ki, danışıqlara qatılan tərəflər hər görüşdən müəyyən nəticə gözləyirlər. Əgər danışıqlardan sonra növbəti görüşün vaxtı və yeri təyin olunursa, bu özü də prosesin davam etdirilməsi üçün irəliləyiş deməkdir. Dünya dövlətləri, o cümlədən regional və qlobal güclər danışıqlardan ciddi nəticələr gözləyirlər. Nəticə isə yalnız tərəflərin qarşılıqlı iddialardan və narazılıqlardan imtina etməsi ilə mümkündür”, – deyə o, əlavə edib.
“Bəs bu danışıqlarda əsas müzakirə mövzusu nədir? Bu, çox maraqlıdır. ABŞ Konqresi tərəfindən verilən bəyanata görə hazırda aparılan danışıqların əsas mövzusu İranın uranı zənginləşdirməsinə icazə verilib-verilməməsi ilə bağlıdır. Belə ki, ABŞ İranın uranı zənginləşdirməsini tamamilə dayandırmasını istəyir. Yəni ehtiyac duyduğu zənginləşdirilmiş uranı başqa ölkələrdən almasını tələb edir. Tehran isə bu məsələni “qırmızı xətt” adlandırır”, – deyə Ə. İbrahimov vurğulayıb.
Həmsöhbətimiz diqqətə çatdırıb ki, problem də məhz buradadır:
“Məsələ həll olunduqdan sonra digər məsələlər gündəmə gələcək. Məsələn, İranın əlində hazırda 60 faizədək zənginləşdirilmiş uranın taleyi, həmin materialın ölkədən çıxarılması və sair kimi mövzular da müzakirə olunacaq. Həm İran, həm də ABŞ bu danışıqlardan nəticə əldə olunmasını çox istəyir. Xüsusilə ABŞ prezidenti Donald Tramp bu məsələ ilə yaxından maraqlanır. Çünki Rusiya-Ukrayna müharibəsinin həll olunmasında nailiyyət edə bilməyib. Ən azından bu məsələdə həll yolu tapmağa çalışır”.
Nəsimi Ələsgərli