Trampın səhvi Ukraynanı ÇÖKDÜRÜR – Rusiya hər istiqamətdə hücuma keçir
“Tramp dövründə ABŞ-nin Ukraynanın silahlandırılmasında gecikmələr oldu”
Bu fikri Rusiya Ukrayna müharibəsində baş verən proseslər, Rusiyanın artan hücumlar dalğası, Ukraynaya lazımı həcmdə silah-sursatın çatdırılmamasını Yenicag.az-a şərh edən hərbi ekspert Ramil Məmmədli deyib.
Ramil Məmmədlinin sözlərinə görə, Rusiya bütün cəbhə xətti boyu hücumlarını artırıb:
“Ukrayna müharibəsində son bir ay ərzində baş verən proseslər ürəkaçan deyil. Rusiya Luqansk, Donetsk, Zaparoje və Sumı vilayətlərində əməliyyatların sayını və miqyasını artırıb. Bu isə onu göstərir ki, Rusiya bütün cəbhə boyu hücuma keçib. Ukrayna ordusunun əks-hücumları isə bütün istiqamətlərdə effektiv deyil. Xüsusilə, Rusiya ordusu Luqansk vilayətində tam nəzarəti ələ keçirib və vilayət artıq tamamilə Rusiyanın nəzarətindədir. Donetskdə isə mövqe döyüşləri davam edir. Zaparoje istiqamətində əməliyyatların miqyası artıb, məqsəd Zaparoje şəhərini mühasirəyə almaq və Novaya Ukrayna yaşayış məntəqəsini ələ keçirərək cəbhəni genişləndirməkdir. Sumı vilayətində isə vəziyyət xüsusilə ağırdır; Rusiya ordusu burada ciddi irəliləyişlər etməyə çalışır və bəzi istiqamətlərdə üstünlük qazanıb”
O əlavə edib ki, Ukrayna ordusunun əks-hücumları hər istiqamətdə effektiv deyil və Ukraynanın silah təminatı problemləri mövcuddur.
“Ümumilikdə Ukraynada vəziyyət gərgindir. Ukraynanın silah-texnika parkında müəyyən problemlər yaranıb. Tramp hakimiyyətə gəldikdən sonra ABŞ-ın Ukraynanın silahlandırılması layihəsində gecikmələr müşahidə olunub. Nəticədə, yerüstü əməliyyatlar və hava hücumundan müdafiə sistemləri üçün lazım olan texnika və texnologiyalar Ukraynaya vaxtında çatdırılmayıb. Avropa isə bu tələbatı tam qarşılaya bilmir. Vəziyyət getdikcə daha da gərginləşir. Dünyanın İran-İsrail və ABŞ arasındakı toqquşmalarla məşğul olduğu bir vaxtda Rusiya Ukraynada üstünlüyü ələ keçirməyə çalışır”
Səxavət Məmməd