Türk tarixini kim və niyə TƏHRİF EDİR? – Şah İsmayılla bağlı QALMAQAL BÖYÜYÜR
“1980-ci ildə hərbi çevrilişdən sonra Türkiyədə universitetlərə, xüsusilə də tarix fakültələrinə səriştəsiz və qeyri-dünyəvi müəllim heyəti yerləşdirilməyə başladı. Bu şəxslərin yeganə xüsusiyyəti dindar və mühafizəkar olmaları idi. Beləliklə, dini yalnız ərəbçilikdən ibarət zənn edən bu kütlə zamanla Türk tarixini bütöv şəkildə deyil, “məvali” düşüncə tərzi ilə ərəb mərkəzli bir tarix inşasına yönəldi”.
Bunu Yenicag.az-a açıqlamasında Türkiyədə fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, professor Hasan Oktay deyib.
O, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşun Şah İsmayıl Xətai ilə bağlı səsləndirdiyi qalmaqallı fikirlərə münasibət bildirib.
H. Oktayın sözlərinə görə, türk tarixinin başlanğıc nöqtəsi Türküstan coğrafiyasıdır və onun davamı Xəzərin şimalından Qıpçaqlar vasitəsilə Macarıstana qədər, cənubda isə İran, bütövlüklə bugünkü İraq və Suriya, daha sonra isə Anadolu və Balkanlara qədər uzanır:
“Bu bölgələrdə qurulan bütün türk dövlətləri – xanlıqlar, imperiyalar bir-birini tamamlayan və əbədi dövlətçilik anlayışının məhsuludurlar. Məvali düşüncəsinə malik bəzi manqurt tarixçilər xilafətlə monqolların türklərə qarşı anlaşmasını gizlətmək üçün xəlifəni qoruma bəhanəsi ilə monqollarla bağlı olduqca şişirdilmiş ifadələr işlədirlər. Onlar üçün monqollar simasında türklər də “digər”dir, yəni düşməndir. Cəlaləddin Xarəzmşah-Əlaəddin Keyqubad, Teymur-İldırım Bəyazid, Şah İsmayıl-Yavuz Sultan Səlim rəqabətlərini anlamaq üçün tarixə bütöv şəkildə baxmaq lazımdır. Bu rəqabətlərdə iştirak edən liderlərin hamısı türkdür. Anadoludan baxanda Əlaəddin Keyqubadı, İldırım Bəyazidi və Yavuz Sultan Səlimi haqlı görüb, digər liderləri təhqir etmək xəsətliyi mövcuddur. Halbuki, onların hamısı türkdür və yalnız hakimiyyət dairəsini genişləndirməyə çalışıblar. Burada birinin digərindən üstünlüyü yoxdur”.
Onun fikrincə, Cəlaləddin və Əlaəddin qarşıdurmasında Səlcuq sultan Əlaəddin Keyqubad xəlifənin oyununa gələrək monqolları məğlub etmiş qəhrəman Cəlaləddinə qarşı döyüşmək səhvini etmişdi:
“Teymur isə dünya lideri olduğu halda, İldırım Bəyazid onun qarşısında yeni formalaşan Osmanlı dövlətini ayaqda saxlamağa çalışan bir sultan idi və Teymur İldırımı möhtəşəm manevrlə evində məğlub etmişdi. Teymurun 5.000 kilometr yol gəlib İldırımı məğlub etməsi Osmanlıda ciddi bir travmaya çevrilmiş, Cəlaləddin-Əlaəddin qarşıdurmasından sonra Teymur hadisəsi Osmanlıda Türküstan coğrafiyasına qarşı ehtiyatlı və məsafəli münasibət formalaşdırmışdı”.
H. Oktaya görə, səlcuqlardan sonra Anadoluda formalaşan bəyliklər dövründə monqol istilası ilə Anadoluya gələn türkmənlər arasında daimi narahatlıqlar yaşanırdı:
“Nadir şahın 1747-ci ildəki ölümündən sonra Cənubi və Şimali Qafqazda yaranan xanlıqlar, əslində, Səlcuqlardan sonra Anadoluda formalaşan bəyliklərin davamıdır. Bu xanlıqları quran tayfalar isə Şah İsmayıl tərəfindən Anadoludan Xəzərin şərqinə yerləşdirilən və Osmanlıda narazılıq içində yaşayan tayfalardır. Şah İsmayıl 1501-ci ildə Ərzincanda öz müridlərini toplamağa qərar verdikdə, Anadoludan minlərlə mürid onun çağırışına səs vermişdi”.
O, diqqətə çatdırıb ki, Yavuz Sultan Səlim bu hadisələri Trabzonda şahzadə olduğu dövrdə yaxından izləyirdi:
“Osmanlı dövləti qərbə doğru genişlənərkən, şərqdən Şah İsmayılın təhdidi və Osmanlı ilə birgə yaşayan tayfaların onun dəvətinə cavab verərək şərqə köç etməsi Yavuz Sultan Səlimi ciddi şəkildə narahat etmişdi. Yavuzla İsmayılın qarşıdurması bir dini və ya sivilizasiya qarşıdurması deyil, sadəcə hakimiyyət sahəsinin genişləndirilməsi mübarizəsi idi. Şah İsmayıl hər nə qədər sünni bir təriqətə mənsub olan babalarının nəvəsi kimi bölgədə başsız qalan şiə hərəkatlarını rəhbərsiz görərək özünə bir sistem qurmaq ehtiyacını hiss etmişsə də, bu məsələyə həm də şiə-sünni məzhəb qarşıdurması çaları əlavə edilmiş və tarix bu şəkildə anlaşılmış və izah edilmişdir. Lakin Şah İsmayılın Anadoluda hər hansı bir dağıntı törətməsi yalandır”.
KAFKASSAM sədri tarix ekskurs edərək söyləyib ki, Yavuz Sultan Səlim atası – Teymur qarşısında məğlub olmuş I Bəyazid (İldırım Bəyazid) ilə eyni adı daşıyan II Bəyazidi taxtdan endirməyə səbəb kimi Şah İsmayılın fəaliyyətlərini göstərmişdi:
“Halbuki bu gərginlik və rəqabət müharibəsiz, diplomatik yollarla da həll edilə bilərdi. Lakin Teymurun məğlubiyyətindən doğan psixoloji əzginlik və şərqdən gələn hərəkatların Teymur hərəkatı kimi qiymətləndirilməsi Osmanlı tərəfindən təhlükə olaraq görülmüş və Yavuz Sultan Səlim bunu atasını devirərək hakimiyyətə gəlmək üçün vasitə etmişdi. Yavuz Sultan Səlim hakimiyyətə gəldikdən sonra İsmayıla qarşı İstanbuldakı yürüşünü Çaldırana qədər davam etdirmiş, bu zaman bəzi yerli qüvvələrin onun ordusuna qoşulduğu ilə bağlı rəvayətlər irəli sürülmüşdür. Osmanlı İmperatorluğunun savaş taktikası, strategiyası və ordu quruluşunu bilməyənlər bu hadisəni olduqca şişirdirlər. Yavuz Sultan Səlimin bu hərəkəti zamanı şərq və cənub-şərqdə 40.000 ələvi türkməni qətlə yetirməsi kimi nə qədər yanlış bir iddia ortaya atılmışsa, yerli qüvvələrin onun ordusuna dəstək verməsi barədə iddialar da tamamilə uydurmadır”.
Professor yekunda bəyan edib ki, təəssüf ki, Türkiyədə məvali düşüncəli tarixçilər bu cür yanlışları davamlı təkrarlayaraq qulaqdan qulağa yayılmasına səbəb olmuşlar:
“Yavuz Sultan Səlim və Şah İsmayıl rəqabəti, sadəcə iki dünya hökmdarının təkbaşına dünyanı idarəetmə istəyindən başqa bir şey deyil. Nə Yavuz Anadoluda, nə də Şah İsmayıl Anadoluda müsəlman xalq adlanan sosioloji bir qrupa qarşı heç bir elmi əsası olmayan iddialarla zülm etmişdir. Bu cür əsassız ifadələrlə tarixin axarı təhrif edilir”.
Rafi Müslümov