Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya hərbi təcavüzününü 37-ci günündə əməliyyat şəraiti ilə bağlı geniş raport təqdim edib.
Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, Baş Qərargahın bu gün yaydığı hesabatda Rusiya işğalçı qüvvələrinin yenidən qruplaşdırıldığı və düşmənin Şərq əməliyyat zonasında hücum hazırlığında olduğu bildirilib.
Hesabatda Rusiyanın Ukrayna ərazisində hərbi əməliyyatlara cəlb etmək üçün Şərq hərbi dairəsindən əlavə ehtiyat qüvvələr gətirmək üçün hərəkətə keçdiyi qeyd olunub.
Məlumata əsasən, Ukrayna Ordusu Demidov, Dımer, Litvinovka, Qavrilovka, Kozaroviçi, Jovtnevoe, Qlubovka, Yasnoqorodka, Talakun, Suxoluçye, Lipovka, Qavronşina, Makkovişe, Nikolayevka və Xmelnya da daxil olmaqla müxtəlif istiqamətlərdə 30-dan çox yaşayış məntəqəsini işğalçılardan təmizləyib.
Bildirilir ki, Rusiya şimal istiqamətində Çerniqov şəhərinin blokadasını davam etdirir. Eyni zamanda, Mərkəz hərbi dairəsinə aid qoşunların Ukrayna sərhədinə doğru hərəkətləndiyi müşahidə olunur.
Baş Qərargahın raportunda Rusiya işğalçı qüvvələrinin Xarkovun mühasirəsini davam etdirərək şəhəri artilleriya atəşinə tutduğu, bəzi ərazilərdə müdafiə mövqeyi tutduğu, eyni zamanda, bəzi qoşun birləşmələrinin hücum hazırlığında olduğu diqqətə çatdırılıb.
Bundan başqa, Rusiya qoşunlarının Donetsk və Cənub istiqamətlərində Ukrayna ordusunun mövqelərini, o cümlədən, yaşayış məntəqələrini atəşə tutduğu, düşmənin Mariupolu tam nəzarətə götürmək üçün Popasna ilə Rubejnoe şəhərlərini ələ keçiməyə cəhd göstərdiyi qeyd edilib.
www.yenicag.az