Elektron məhkəmə sisteminin etibarlılığı SUAL ALTINDADIR - YENİLƏNDİ

media-hightechnic-468x90

 

Çox böyük vəsaitlər hesabına qurulan “Elektron Məhkəmə” sistemi bu dəfə məhkəmə tərəfindən sual altına qoyulub. Belə ki, apellyasiya instansiyasında qəbul olunan son qərardadlar, sistemin funksionallığına və etibarlılığına ciddi şübhələr yaradıb.

Əvvəlcə qeyd edilməlidir ki, EMİS məhkəmə işləri üzrə bütün sənədlərə elektron formada çıxış, işin gedişi barədə isə anlıq məlumat almaq imkanı verir. EMİS-dən qeydiyyatdan keçmək çox rahatdır və istənilən şəxs qeydiyyatdan keçə bilər. Əgər elektron kabinet varsa və şəxs məhkəmə işində tərəf qismində çıxış edirsə, həmin iş üzrə sənədlər kabinetə əlavə edildiyi andan Mülki Prosessual Məcəllənin 135.8-ci maddəsinə əsasən ona rəsmi qaydada çatdırılmış hesab olunur və əlavə olaraq kağız daşıyıcıda poçt vasitəsilə göndərilmir. Yəni normalda elektron kabinet həm sənədlərin alınması, həm də elektron məlumatlandırmanın hüquqi əsası kimi çıxış edir.

Lakin hazırkı məhkəmə təcrübəsi göstərir ki, EMİS yalnız şəffaflıq və rahatlıq üçün deyil, eyni zamanda sui-istifadə üçün də imkanlar yaradır. Sistemdəki bu boşluqlar konkret məhkəmə qərarlarının nəticəsinə təsir edir, bəzi hallarda isə tərəfin öz öhdəliyini pozması onun xeyrinə “üstünlük” kimi tanınır.

Bu problemin ən bariz nümunələrindən biri Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasında hakim Leyla Əliyevanın sədrliyi ilə baxılmış 2-2(103)-848/2025 saylı işdir. Məhz bu iş üzrə ortaya çıxan məntiq praktikada çox təhlükəli presedent yaradır. Qərarın məzmunundan belə çıxır ki, elektron kabinetin olması etiraf edilir, amma kabinetlə bağlı əlaqə vasitələrinin “olmaması” və ya təsdiq edilməməsi cavabdeh üçün üstünlük hesab edilir. Yəni sistemdə kabinet var, sənədlər ora yerləşdirilib, lakin e-poçt və mobil nömrənin qeydə alınmaması və ya təsdiqlənməməsi sanki ona əlavə hüquqi “imtiyaz” qazandıran hal kimi şərh olunur.

Bu yanaşma faktiki olaraq istifadəçilərə istənilən vaxt elektron məhkəmə sistemindən sui-istifadə etmək imkanı açır. Şəxs rahat şəkildə kabinet açır, sənədlərlə tanış olur, sonra isə əlaqə vasitələrini dəyişdirib təsdiqsiz saxlayaraq gələcəkdə “mən məlumatlandırılmamışam” iddiası üçün zəmin yaradır. Əgər məhkəmə qərarlarında bu davranış prosesual üstünlük kimi qəbul olunursa, deməli elektron kabineti natamam və ya təsdiqsiz saxlamaq artıq real və praktik “müdafiə strategiyası”na çevrilir. Bu, Elektron Məhkəmə Sisteminin öz mahiyyətinə tam ziddir.

Sonradan bu işə 2-2(103)-963/2025 nömrəli proses çərçivəsində digər hakimlər heyəti (sədr hakim Səməd Cəfərov, hakimlər Elnur Həsənov və Tural Qocayev) tərəfindən yenidən baxılıb. Bu dəfə isə olduqca qəribə şəkildə tərəfin EMİS-in əsasnaməsinin 10.2.2-ci bəndinə riayət etməməsi, yəni öz məlumatlarını (əlaqə vasitələrini) düzgün daxil etmək və təsdiqləmək öhdəliyini yerinə yetirməməsi, bir növ prosesual müddətin bərpası üçün onun xeyrinə “üstün hal” kimi qiymətləndirilib.

Qərardan zərər görən tərəfin nümayəndəsinin açıqlaması:
“Təəccüblüdür ki, qanunla tərəfin üzərinə qoyulmuş açıq öhdəliyin yerinə yetirilməməsi hakimlər tərəfindən həmin tərəf üçün üstünlük hesab edilib. Tərəf özünə “Asan İmza” vasitəsilə elektron kabinet açır və bu, EMİS-in əsasnaməsinin 13.2-ci bəndinə tam uyğun şəkildə 12.09.2024 tarixində baş verir. Bu çıxarışlardan da aydın görünür. Lakin eyni zamanda EMİS-in əsasnaməsinin 10.2.2-ci bəndi ilə tələb olunan məlumatların (xüsusən də əlaqə vasitələrinin) düzgün daxil edilməsi və təsdiqlənməsi öhdəliyi yerinə yetirilmədiyinə görə həmin tərəf üstün mövqeyə çıxarılır.

Başqa sözlə, tərəfin öz öhdəliyini pozması ona üstünlük qazandıran amil kimi təqdim olunur və bu, faktiki olaraq şəxsin öz səhvindən faydalanması anlamına gəlir. Belə yanaşma birbaşa Elektron Məhkəmə Sistemindən sui-istifadəni leqallaşdırır. Çünki bu məntiqə görə hər bir şəxs özünə kabinet açıb, bütün məlumatlarla tanış olduqdan sonra əlaqə vasitələrini dəyişərək təsdiqsiz saxlaya və gələcəkdə bunu öz xeyrinə “üstün hal” kimi istifadə edə bilər.

Praktik olaraq məhkəmədə göstərilmişdir ki, sistem texniki olaraq təsdiqli və ya təsdiqsiz olmasından asılı olmayaraq, daxil edilmiş bütün elektron ünvanlara bildiriş göndərir. Bunu təsdiq edən sübutlar məhkəməyə təqdim olunub. Lakin sistemin istifadəçi tərəfə göstərdiyi interfeys yalnız təsdiqlənmiş elektron ünvana istinad etdiyi üçün, sanki digər ünvanlar “yox imiş” kimi qiymətləndirilir. Nəticədə 10.2.2-ci bəndin tələblərinin pozulması həmin tərəfin xeyrinə çevrilir.

Belə olduqda hər bir şəxs istədiyi zaman elektron ünvanını təsdiq edib kabinetə daxil ola, istədiyi zaman isə elektron ünvanını dəyişib təsdiqsiz saxlamaqla kabineti natamam vəziyyətdə qoya bilər. Bu natamamlıq və öhdəliyin pozulması isə məhkəmə praktikasında həmin tərəfə üstünlük qazandıran hal kimi təqdim olunur. Bu yanaşmanın məntiqi və hüquqi izahını tapmaq mümkün deyil. Belə bir mexanizm Elektron Məhkəmə Sistemində açıq sui-istifadə üçün real imkan yaradır.

Əlavə olaraq, digər dövlət informasiya sistemlərinin kabinetlərinə göndərilən bildirişlərin məhkəmə tərəfindən nəzərə alınmaması da ciddi sual doğurur. Əgər bu inteqrasiyalar məhkəmə tərəfindən hüquqi əhəmiyyətli hesab olunmursa, onda bu inteqrasiyalara illər boyu sərf edilən vaxt və maddi resursların məqsədi nədir, bu da başa düşülmür.”

Bütün bunlar EMİS-in həm Mülki Prosessual Məcəllənin (MPM) tələbləri, həm də EMİS-in öz əsasnaməsi ilə ciddi ziddiyyət təşkil etdiyini göstərir. Bu halda Elektron Məhkəmə Sistemi üzərindən aparılan bu tipli bütün işlərin hüquqi etibarlılığı sual altına düşür. Çünki hazırda mülki və kommersiya işlərinin əhəmiyyətli hissəsi məhz bu sistem üzərindən həyata keçirilir.

Əgər Elektron Məhkəmə Sistemi Mülki Prosessual Məcəllənin və EMİS-in əsasnaməsinin tələblərinə faktiki olaraq uyğun deyilsə, onda bu sistemin məhkəmə icraatında məcburi tətbiqinin hansı konkret hüquqi norma və prinsiplərlə əsaslandırılması sual altına düşür.

Hazırda Elektron Məhkəmə Sistemi Məhkəmə-Hüquq Şurasının (MHŞ) nəzarətindədir və bu məsələ ilə bağlı həmin qurumdan rəsmi mövqe gözlənilir. Bu izahat ümumilikdə elektron ədliyyə sisteminə etibarın qorunması və gələcəkdə oxşar sui-istifadə halların qarşısının alınması üçün həyati əhəmiyyət daşıyır.

 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 26.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa