“Ünvanlı sosial yardım sosial dövlət quruculuğu yaşayan gənc ölkəmizdə vətəndaşlara dəstək layihəsi kimi nəzərdə tutulub”.
Bu barədə ünvanlı sosial yardımla bağlı Yenicag.az-a məlumat verən sosial ekspert Üzeyir Şəfiyev bildirib.
Onun sözlərinə görə, ünvanlı sosial yardım alan şəxslər üçün bir neçə şərtlər mövcuddur:
“Bunlardan birincisi, ondan ibarətdir ki, ailənin adambaşına düşən gəliri ehtiyac meyarından aşağı olmalıdır. Ünvanlı sosial yardım dövlət tərəfindən ehtiyacı olan ailələrə ehtiyac meyarı əsasında verilən məbləğdir. Bu məbləğ ötən il 270 manat olsa da, builki statistikaya nəzərən, bu məbləğ 285 manata qaldırılmışdır. Ünvanlı sosial yardım alan şəxslər üçün ilk şərt ailənin adambaşına düşən gəliridir. Əgər bu gəlir ehtiyac meyarından aşağı olarsa, həmin ailələrə sosial yardım olunur. Həmçinin ünvanlı sosial yardım ailələrə müəyyən bir iş tapana qədər dövlət tərəfindən verilən məbləğdir”.
Ekspertin fikrincə, ünvanlı sosial yardım sosial dövlət quruculuğu yaşayan gənc ölkəmizdə vətəndaşlara dəstək layihəsi kimi nəzərdə tutulub:
“Bu yardımların göstərilməsində əsas mühüm məsələ çətin şəraitdə yaşayan ailələri həmin şəraitdən çıxarmaq, yəni onlara iş tapana qədər dəstək göstərmək, bundan əlavə, həm də onların həyat şəraitini və maddi vəziyyəti yaxşılaşdırmaqdan ibarətdir”.
Ü. Şəfiyevə görə, bəzən elə hallar olur ki, şəxslər sosial yardım almaq üçün müxtəlif saxta sənədlər təqdim edirlər:
“Belə hallar dövlət tərəfindən aşkarlanır və bu şəxslərə verilən məbləğlər artıq dayanır. Son zamanlar, xüsusən ehtiyac olunan məhsullarda qiymətlərin qalxması heç də xoş bir hal deyil. Düşünürəm ki, artıq bu istiqamətdə ehtiyac meyarında nəzərdə tutulmuş rəqəmlərdə müəyyən dəyişikliklər olmalıdır. Fikrimcə, nəzərdə tutulmuş resurslar var ki, bunlar ehtiyac duyulan məsələlərdir. Həmin məsələlərə bir qədər yenidən baxılmalıdır. Həmçinin onların siyahısında müəyyən dəyişiklik edilməsinə ehtiyac vardır”.
Nəzrin Bünyatova
www.yenicag.az