“Uşaqların başı imtahanlarla xarab olur” – Nazirliyə ETİRAZ
“Çox təəssüf ki, Elm və Təhsil Nazirliyi son dövrlərdə təhsil sistemini eybəcər eksperimentlərlə bərbad vəziyyətə salıb. Bura həm tədris, həm imtahan sualları, həm də məktəblərin daxili nizam-intizam sistemi daxildir. Hər şey – müəllimlərin müxtəlif sertifikasiyaları, testləri və s. Bu qədər fasiləsiz, qarışıq eksperimentlər aparmaq, müxtəlif sistemlər tətbiq etmək… Artıq bunun axırına çıxa bilmirik”.
Bun Yenicag.az-a açıqlamasında sosioloq Elçin Bayramlı deyib.
Mütəxəssis Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən sertifikasiya imtahanlarında təqdim olunan suallardakı qarışıq məqamları, eləcə də sözügedən imtahanların cəmiyyətdə tənqidə səbəb olmasının səbəblərini izah edib.
“Burada nə baş verir? Nə oyun çıxarırlar? Laboratoriyada sanki təhsil sistemini sınaqdan keçirirlər… Bir dəfə normal bir imtahan sistemi yaradın! Hər il dəyişirlər. Hər il qaydalar, şərtlər dəyişir. Bir dəfə bir sistem qurun ki, camaat da bilsin nədir, onunla məşğul olsun. Uşaqların da başı xarab olur, müəllimlərin də, valideynlərin də. Bu nə biabırçı sistemdir axı?!
Ona görə də artıq heç kim orta məktəblərə ümid etmir. Uşaqları hazırlıq kurslarına, repetitor yanına göndərirlər, instituta hazırlatdırırlar. İmtahanlara gəlincə, bu sualları kim tərtib edir, necə tərtib edir?! Hər dəfə biabırçılıqlar üzə çıxır, amma yenə də düzəlmir. Son imtahanlarda uşaqlara akademik səviyyəli suallar qoyublar ki, müəllimlər belə cavab tapa bilmir. Orta məktəb şagirdlərinə dərsliklərdə olmayan suallar təqdim ediblər. Bu suallar haradan çıxır?! Nə etmək istəyirlər?! Məqsəd nədir – bilinmir”, – deyə o, söyləyib.
Müsahibimizin sözlərinə görə, ETN tərəfindən həyata keçirilən imtahanlar ekspertlər, sosioloqlar, valideynlər, müəllimlər tərəfindən dəfələrlə tənqid olunsa da, sözügedən qurum bu məsələ ilə bağlı nə ciddi bir reaksiya, nə də ciddi bir tədbir görüb:
“Guya “islahat-islahat” deyə-deyə hər gün bir eksperiment keçirirlər. Axı bu cür eksperimentlərlə təhsildə problemlər həll olunmur. Normal imtahan sistemi qurulmalıdır, normal suallar tərtib edilməlidir. Tədrisdə hər şey optimal olmalıdır. Uşaqları fənlərlə yükləyib, sonra da qeyri-adi suallar vermək – bu, onların başını xarab edir. Onsuz da orta təhsil sistemini şagirdlərin heç 10 faizi mənimsəyə bilmir. Mənimsəyənlər də verilən biliklərin 20 faizini güclə öyrənir. Qalanı isə arada itib-batır”.
E. Bayramlı iddia edib ki, uşaqların başı bu qədər qəliz imtahanlardan, eksperimentlərdən xarab olur:
“Sadə və sistemli şəkildə imtahan sistemi qurmaq lazımdır. Normal suallarla, ardıcıl qaydada imtahanlar keçirilsin. Hamı bilsin ki, sistem nədir. Amma indi 100 dəqiqədən bir hər yerdə imtahan, hər yerdə sertifikasiya, hər yerdə qiymətləndirmə… Artıq müəllimlər də, şagirdlər də bezib. Belə təhsil sistemi olmaz! Bu məsələyə birdəfəlik son qoymaq lazımdır. Artıq 30 ildir bu eksperimentlər dayanmır. Heç kim baş aça bilmir, yadda saxlaya bilmir qaydaları. Dərsliklər dəyişir, imtahan sistemi dəyişir. Kurikulum sistemi təhsili onsuz da məhv elədi. Test sistemi isə ümumiyyətlə, təhsili alt-üst elədi. Robot sistem tətbiq edirlər, robot uşaqlar yetişdirirlər. Hamı test əzbərləyir – bu təhsil deyil! Artıq Azərbaycanda “təhsil” anlayışından danışmaq mümkün deyil. Ona görə də əksər adamlar uşaqlarını özəl məktəblərə, yaxud xaricə göndərməyə çalışırlar. Formal təhsil sistemi və formal məktəblərin artıq heç bir xeyri yoxdur”.
Rafi Müslümov