2020-dən BU GÜNƏ: Ordunun inkişaf xətti NECƏ QURULUR?
“Bu gün Silahlı Qüvvələrimiz təkcə cəbhə bölgəsində deyil, sülhməramlı missiyalarla beynəlxalq platformalarda da nüfuz qazanmaqdadır”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.
O, 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü ilə bağlı təəssüratlarını bölüşüb.
Politoloq bildirib ki, Azərbaycan Silahlı Qüvvələri 44 günlük Vətən müharibəsində təkcə ərazi bütövlüyümüzü bərpa etmədi, həm də xalqın tarixi ədalət hissini yerinə yetirdi:
“Bu zəfər sadəcə hərbi yox, siyasi və mənəvi baxımdan da dönüş nöqtəsi oldu. Müzəffər Ordumuzun bu uğuru həm də regionda yeni geosiyasi düzənin əsasını qoydu. Bu gün Silahlı Qüvvələrimiz təkcə cəbhə bölgəsində deyil, sülhməramlı missiyalarla beynəlxalq platformalarda da nüfuz qazanmaqdadır. Texnoloji modernləşmə, peşəkarlıq və yeni nəsil zabit heyəti orduya yeni nəfəs gətirir. 2020-ci ilin ruhu bu gün də hərbi doktrinamıza yön verir. Lakin sabaha baxarkən təkcə qələbə xatirəsi ilə yaşamaq olmaz, ordu daim dinamik şəkildə inkişaf etməlidir. Xüsusilə kibertəhlükələrə qarşı hazırlıq, pilotsuz sistemlərin inteqrasiyası və milli hərbi sənayenin gücləndirilməsi vacibdir. Gənclərin vətənpərvər ruhda yetişməsi də uzunmüddətli güvənliyimizin əsas təminatıdır”.
“Azərbaycan Ordusu bu gün regionun güclü ordularından biri kimi qəbul olunur, lakin biz bunu qorumaq üçün hərbi-siyasi iradəni daima canlı saxlamalıyıq. Torpaqların işğaldan azad olunması ilə işimiz bitmir – indi bu torpaqları qorumaq mərhələsindəyik. Bu isə həm diplomatik, həm də hərbi baxımdan dayanıqlı güc tələb edir. Ən önəmlisi, bu güc şəxsi mənafeyə deyil, xalqın iradəsinə xidmət etməlidir. Bizim Silahlı Qüvvələrimiz yalnız bu yolla həm bu günü, həm də sabahı ilə xalqın inamını qazana bilər. Bu ordu artıq yalnız dövlətin deyil, millətin qüruruna çevrilib”, – deyə o, fikirlərini tamamlayıb.
Nəsimi Ələsgərli