Milli-mədəni identikliyin əsas göstəricilərindən biri

media-hightechnic-468x90

Xalçalar təkcə məişətdə istifadə olunmur, həm də Türk toplumlarının kimlik ifadəsi, tarixi yaddaşı və kollektiv yaddaşının bir hissəsi kimi çıxış edir

Yeddinci məqalə

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üzrə orta qrant müsabiqəsinin qalibi olan “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi (CASCFEN) “Türk dünyası: ortaq mirasdan ortaq gələcəyə doğru” adlı layihənin icrasına başlayıb. 1 may 30 sentyabr tarixləri arasında reallaşdırılacaq layihə müasir dövrdə Türk dünyasında inteqrasiyanın daha da dərinləşməsi istiqamətində atılan addımlara dəstək xarakteri daşıyır. Biz, ortaq dəyərlərimizi, ortaq mirasımız bilmədən etibarlı ortaq gələcək qura bilmərik. Prezident İlham Əliyevin bəyan etdiyi kimi bizim ailəmiz Türk dünyasıdır. Ailəmizin etibarlı təməllər üzərində qurulması həm də ortaq tarixi keçmişimizə sahib çıxmaqdan keçir.

Layihənin məqsədi Türk dünyasında bu istiqamətdə atılan addımları, ortaq mirasımızla bağlı tarixi faktları türk dünyasına, o cümlədən uşaq, yeniyetmə və gənclərə çatdırmaqdır. Layihə çərçivəsində bir sıra işlərin görülməsi, həmçinin, mövzu ilə bağlı Türkiyə, Azərbaycan və digər türk dövlətlərindən olan mütəxəssislərin fikirləri əsasında 12 məqalənin hazırlanması nəzərdə tutulub. Müxtəlif sahələri əhatə edəcək həmin 12 məqalənin yeddincisi oxuculara təqdim edilir.

Bu məqalədə Türk dünyasında önəmli yer tutan və ortaq dəyər olan xalçaçılıqdan bəhs edəcəyik.

media-c29497a6-d5f5-478a-a551-2ef407aea442

Ötən yazıda da qeyd olunduğu kimi tarix boyu xalçaçılıq Azərbaycanda xüsusilə fərqlənib. Bu sırada Təbriz xalçaçılıq məktəbinin isə ayrı bir yeri var. Məlumat üçün bildirək ki, bütün dünyada tanınan Təbriz xalçaçılıq məktəbi Türk xalçaçılıq ənənəsində ən qədim və nüfuzlu məktəblərdən biri hesab olunur.

Təbriz xalçaçılıq məktəbi bütün dünyada tanınır

Beləliklə, tarixi mənbələrdə qeyd edildiyi kimi, XIII əsrdən etibarən Təbriz şəhəri ticarət, sənət və mədəniyyət mərkəzi kimi formalaşaraq, xalçaçılığın əsas ocaqlarından birinə çevrilmişdir. Təbriz xalçaları zəngin rəng palitrası, simmetrik və qeyri-simmetrik kompozisiyaları, həmçinin yüksək texniki keyfiyyətləri ilə seçilir. Onlarda tez-tez “medalyon” (göl) motivləri, nəbati naxışlar, “mücərrəd” və “naturalist” təsvirlər yer alır.

media-cd33f9ce-e7a5-4e8c-abe7-efab420a446e

Təbriz xalçalarında istifadə olunan əsas rənglər mavi, narıncı, krem və yaşıl çalarlardır. Bu xalçalar əsasən ipək və yundan hazırlanır, bəzən isə qızıl və gümüş saplarla da işlənir. Səfəvilər dövründə (XVI-XVII əsrlər) Təbriz xalçaları saray sənəti səviyyəsinə yüksəlmiş və Avropada böyük nüfuz qazanmışdır. Bu məktəbin klassik nümunələri bu gün dünyanın aparıcı muzeylərində – London Victoria & Albert Muzeyində, Nyu-York Metropolitan Muzeyində və Berlində nümayiş etdirilir.

Azərbaycanda xalçaçılıq sənətinin çiçəklənmə dövrü

Tarixi mənbələrdən də bəlli olduğu kimi, Səfəvilər hakimiyyəti zamanı Azərbaycanda orijinal bədii quruluşa malik bu cür nəfis xalıların və xalçaların istehsalı genişlənir, xalçaçılıq sənəti öz çiçəklənmə dövrünü yaşayırdı. Həmin vaxt Şirvan, Qarabağ, Bakı, Quba kimi toxuculuq mərkəzlərində hazırlanan xalçaların ölçüləri böyüyürdü. Xalq sənətkarlarının yaratdığı nümunələrdə Təbriz xalılarını bəzəyən islimi, xətai, bulud, əjdaha, simurq, həyat ağacı kimi təsvir və elementlər qismən dəyişdirilərək əks olunurdu.

XVI əsrdə Səfəvi saray emalatxanalarında xalılarla yanaşı, dövrün dəyərli dekorativ-tətbiqi sənət nümunələrindən hesab edilən bədii tikmələr də hazırlanırdı. XVII-XVIII əsrlərdə Azərbaycanın ayrı-ayrı istehsal məntəqələrində həmin tikmələrdən bəhrələnərək yeniləri yaradılırdı.

Bu barədə əslən Güney Azərbaycandan olan xalça kolleksiyaçısı, “Amir Textiles and Rugs” (Oskouei MMC) rəhbəri Əmir Oskouididən də məlumat aldıq.

media-4c0bbe43-1021-4962-84c1-91a4fd396db1

Onun fikirlərinə keçməzdən öncə bildirək ki, hələ atasının əntiq əşyalar dükanında satıcı işləyərkən, o, özündə nəfis toxunmuş xalçalara və tekstil məmulatlarına böyük həvəsi kəşf edib. Əmir Oskouidi sonradan Təbrizdə tanınmış qədim xalça taciri olan Həsən Əhaninin şagirdi olub.

2007-ci ildə Əmir Oskoui ABŞ-a köçüb və Amerika şirkətində işləməyə başlayıb. İki il yarım xalça ticarətini öyrənərək öz biznesini açıb və 2018-ci ildə Azərbaycan saray xalçalarını toplamağa başlamaq qərarına gəlib.

Dörd il sonra Əmir Oskoui öz xalça mağazasını açıb. Əvvəlcə o, antik xalçaların satışına diqqət yetirib. Lakin sonra xalçaların bərpası ilə bağlı biznesini genişləndirib. Əmir bəy tezliklə bərpa üzrə mütəxəssislərdən ibarət komanda toplayıb və xalçanın bərpası prosesini özü öyrənməyə başlayıb.

Saray xalçalarının incəlikləri

Onu da qeyd edək ki, 2024-cü ilin dekabrın 24-də Azərbaycan Milli Xalça Muzeyində “Azərbaycan xalçasının ehtişamı. Səfəvi dövrü xəzinəsi” sərgisi açılıb. Həmin sərgidə Əmir Oskoueinin kolleksiyasından XVII-XVIII əsrlərə aid 14 unikal xalça və bədii tikmə nümayiş etdirilir. Sənət əsərləri sırasında dünyaca məşhur “Əfşan”, “Qoca”, “Xətai” (“Əjdahalı”) kompozisiyalı saray xalıları xüsusi yer alıb. Sərgi əvvəlcə 5 aylıq nəzərdə tutulmuşdu, lakin daha sonra 3 ay müddətinə uzadıldı və 10 avqust 2025-ə qədər davam edəcəkdir.

Layihə çərçivəsində Təbriz miniatürlərindəki saray xalıları haqqında süni intellekt vasitəsilə hazırlanmış videoçarx da göstərilib. Burada XVI-XVII əsrlərə aid Səfəvi dövrü saray xalçalarının yaradılması prosesi müasir texnologiya və tarixi sənətkarlığın vəhdətində təqdim edilib.

Konkret olaraq Təbriz xalçaçılıq məktəbinə gəlincə müsahibimiz dedi ki, Azərbaycanda xalçaçılıq sənətin intibah dövrü Səfəvilərin hakimiyyətə gəlməsi ilə başlamışdır: “Sufilik – mənəvi aləmdə səyri-süluk etmək, kəsrətdən vəhdətə qovuşmaq, yəni insanın özünə qayıdışı və həqiqi eşqi tapması deməkdir. Saray xalçalarının incəliklərinə nəzər saldıqda, dövrün böyük sənətkarlarından biri olan Sadiq bəy Əfşar kimi ustaların əsərlərində istifadə olunan simvolların sufilikdəki yeddi mərhələli mənəvi yüksəlişi simvolizə etdiyini görmək olar. Bu elementlərin sadələşdirilmiş formalarını biz şəhərlərdən uzaqda yaşayan digər türk boylarının xalçaçılıq ənənəsində də görə bilirik”.

media-955c62ee-7726-40e6-b44d-bd7f6a84924d

O da qeyd edildi ki, Təbrizin ən qədim iki xalçasından biri XVI əsrdə (1539–1540) toxunmuş məşhur Şeyx Səfi xalçasıdır: “Bu xalça Ərdəbildəki Şeyx Səfi məscidindən çıxarılmış olsa da, toxunuş yeri baxımından Təbiz ustalarının əsəridir. Lakin buna baxmayaraq, “Ərdəbil xalçası” adı ilə tanınır. Bu gün həmin xalçalardan biri Londondakı Victoria and Albert Museum-da, onun əkizi isə bir qədər kiçik ölçüdə olmaqla, Los Angeles County Museum of Art-da (LACMA) qorunur.

Onu da vurğulamq yerinə düşər ki, Təbriz xalçaları həm estetik, həm də texniki baxımdan ən mürəkkəb və zəngin xalça növlərindən hesab olunur. Onlar yalnız yerli deyil, bütün Türk və İran xalçaçılıq ənənələrinə təsir etmişdir.

Sibir bölgəsində yaşayan türk xalqları da xalça və keçə toxuculuğu ənənələrini qoruyub saxlayıblar

Türk dünyasının xalçaçılıq dəyərlərindən söhbət açarkən, onu da qeyd etməliyik ki, Çində yaşayan Uyğur türkləri qədimdən xalça və keçə sənətinin inkişaf etdiyi bir mədəniyyətə sahib olublar. Məlumatlara əsasən, uyğur xalçaları daha çox Kaşqar, Hotən və Yarkənd kimi mərkəzlərdə istehsal olunurdu. Həmçinin, Altay türkləri, Tuvalar və Saxalar (Yakutlar) kimi Sibir bölgəsində yaşayan türk xalqları da xalça və keçə toxuculuğu ənənələrini qoruyub saxlayıblar.

Hakas və Çuvaş xalqları da özünəməxsus dekorativ sənət ənənələrinə sahibdirlər. İraq və Suriya ərazilərində yaşayan türkmənlər də öz xalçaçılıq ənənələrini qoruyub saxlamışlar. Onların xalçalarında əsasən qırmızı və tünd mavi rənglər üstünlük təşkil edir. Naxışlar isə Oğuz türklərinə xas olan klassik motivlərlə bəzədilir.

Kıbrıs türklərinin xalçaçılıq ənənələri Osmanlı dövründən qaynaqlanır. Kıbrısda toxunan xalçalar adətən sadə, lakin estetik baxımdan zərif motivlərlə seçilir.

Cavid Şahverdiyev

Bu yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən “Türk dünyası: ortaq mirasdan ortaq gələcəyə doğru” layihəsi çərçivəsində hazırlanmışdır və bu yazıda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 27.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600