Dünyanı rənglər aləmində görmək və onun fəlsəfəsini dərk etmək böyük istedad tələb edir. Rənglərin dili, yaradıcı təfəkkürün gücü ilə böyük həqiqətləri, fikir və görüşləri anlatmaq insanların bu aləmi dərk etməsində vacib rol oynayır. Bəzən onu yaşadığı dünya ilə baş-başa qoyur, bəzən də fikir dünyasının qanadlarında uzaq keçmişə boylandırır. Bu, elə böyük bir zəhmət, elə parlaq istedaddır ki, dünyanın fəlsəfi dərkini əks etdirən hər bir tabloya diqqət yetirən və rəssamın düşüncələrini rənglərdən oxuyan insanlar əsərin ideyasını dərk etməklə ruhi-mənəvi rahatlıq qazanırlar.