Bakının Şüvəlan qəsəbəsində 3 polis əməkdaşının və bir mülki şəxsin qətlə yetirilməsi məni bir vətəndaş və hüquqşünas kimi sarsıdıb. Bu ağır cinayəti törədən Rövşən Allahverdiyevin keçmişini və baş vermiş hadisənin səbəblərini, faciənin törədilməsinə yaranmış şəraiti araşdırarkən məni bir məsələ düşündürdü: bu dəhşətli hadisənin törədilməsində günahkar bəzi hakimlər deyilmi? Çünki Daxili İşlər Nazirliyinin açıqlamasında qeyd edilir ki, Rövşən Allahverdiyev axtarışda olub. Səbəbi də onun barəsində vətəndaşları xüsusilə külli miqdarda bir neçə epizod üzrə aldatması ilə bağlı dələduzluq işi üzrə cinayət işinin açılması olub. Onun barəsində 2 dəfə məhkəmə tərəfindən həbs qəti imkan tədbiri seçilsə də, sonralar digər hakimlər tərəfindən həbs qəti imkan tədbiri dəyişdirilərək ev dustaqlığına buraxılıb. Niyə?