Köhnə, istifadəyə yararsız avtomobillər getdikcə müasirləşən yollarımızın estetik görünüşünə xələl gətirməklə yanaşı, ekoloji tarazlığın pozulmasına, eləcə də yol-nəqliyyat hadisələrinin artmasına səbəb olur. Son araşdırmalara görə, Azərbaycanda istismar olunan avtomobillərin 80 faizindən çoxunun istehsal tarixi 10 ili ötüb. Hətta bu gün ölkənin avtomobil yollarında ötən əsrin 70-80-ci illərində istehsal olunmuş nəqliyyat vasitələrinə də rast gəlmək mümkündür. Bütövlükdə isə hazırda Azərbaycanda hər 20 avtomobildən biri həddindən artıq köhnəldiyindən istismara yararsız hesab olunur.