Azərbaycan müstəqillik tarixinin daha bir qürurlu günlərini yaşayırıq. Azərbaycanın ilin ən əlamətdar hadisələrindən birinə – BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi heç şübhəsiz dövlətçilik tariximizdə mühüm bir hadisə olaraq xatırlanacaq. Bakının bu mötəbər tədbirə hazırlaşması üçün cəmi 11 ay vaxtı olmasına baxmayaraq, hökumət öz vəzifələrinin öhdəsindən layiqincə gəldi. Ölkə on minlərlə qonağı, o cümlədən ekspertləri, hökumət strukturlarının nümayəndələrini və dövlət başçılarını yüksək səviyyədə qəbul etdi. Onu da qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi həm də, beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.