“Xəzər dənizi enəndə nə qədər çox fəsadlar yaradacaqsa, qalxanda da bir o qədər fəsadlar yaradır”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Xəzər dənizinin səviyyəsinin enmə problemi barədə danışan ekoloq Ənvər Əliyev deyib.
Onun sözlərinə görə, Xəzər dənizinin səviyyəsinin tərəddüdü təkcə iqlimdən asılı deyil. “Təxminən 200 milyon il Xəzərin yaranma dövrüdürsə, onun 50-60 milyonu formalaşdığı dövrdür. Sivilizasiyadan illər öncə səviyyə tərəddüdü olub. Düşünürəm ki, bu onun yerləşdiyi geoloji məkandan da asılıdır. Geoloqlar düşünür ki, burada tektonik hadisələrin də payı var, amma iqlimşünaslar da məsələni başqa cür şərh edir. Hər halda, Xəzər nə birdəfəlik enib, nə də qalxıb. Transqressiya və reqresisya milyon illər ərzində bir-birini əvəz edir”, – deyə o əlavə edib.
Ə.Əliyev qeyd edib ki, iqlimdə periodiklik mövcuddur. “Uzun müddət ərzində Xəzər dənizi gözümüzün önündə 1920-ci illərin sonlarında bu baş verdi. 1970-ci illərdə kütləvi şəkildə enmə də baş verdi. 1980-ci illərdə Qaraboğazgöl körfəzində olan şəlaləni, təbii kanalı bağladılar. Bundan sonra Xəzərin səviyyəsi qalxdı və hay-küy yaratdı və qonşu İranın prezidenti də bunu bağlı xəbər göndərmişdi. Eyni zamanda, Lənkəranın dəmiryolu infrastrukturu da ziyan çəkdi”, – deyə o bildirib.
Ekoloq vurğulayıb ki, qətiyyən təbiətə müdaxilə etmək olmaz: “Xəzər dənizi enəndə nə qədər çox fəsadlar yaradacaqsa, qalxanda da bir o qədər fəsadlar yaradır. Dənizin özünün stabil səviyyəsinin olması daha yaxşıdır. Ümumiyyətlə, Xəzərin səviyyəsinin enib-qalxması adi haldır. Bu dənizin naturasına aid olan məsələdir. Bu, təkcə iqlimlə və tektonik hadisələrlə bağlı deyil, həm də onların qarşılıq əlaqəsini nəticəsidir. Düşünürəm ki, Qaraboğazgöl qolu nə birdəfəlik bağlansın, nə də başlı-başına buraxılsın.
Əgər Xəzərin stabil vəziyyətdə qalmasını istəyiriksə, oraya şlüzlər qoyaq və əgər mümkündürsə, səviyyə enəndə bağlayaq, qalxanda isə açaq. Hər halda, elmi fikirlər fərziyyələrlə yaranır. Təsdiqlənirsə elm, təsdiqlənmirsə, elə fərziyyə olaraq da qalır. Hazır vəziyyət onu göstərir ki, Xəzər enmə prosesindədir. Əgər qarşıdakı illərdə ölkəyə çoxlu yağıntılar olarsa, onun səviyyəsində qalxma müşahidə etmək olar”.
İsmayıl Bakuvi
www.yenicag.az