Yaxın Şərqdə yeni müharibə ehtimalı – “Rusiya, Türkiyə və İran arasında…”

“Bu gün Yaxın Şərqdə proseslər artıq gərginləşmək istiqamətində gedir. Burada maraqların toqquşması isə artıq açıq şəkildə büruzə verməkdədir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında siyasi təhlilçi Mürtəza Bünyadlı deyib.

O, Suriya rejiminin uzun illərdir müxalif qüvvələrin nəzarətində olan İdlib və Hələbi geri alması ilə bağlı başlatdığı əməliyyatlara, habelə bölgədə yeni müharibə fitilinin alovlanması ehtimallarına toxunub.

Onun sözlərinə görə, ola bilər ki, son günlər Bəşər Əsəd rejimi bu barədə hansısa addımları atsın:

“Digər tərəfdən isə bəllidir ki, İsrail ordusu Suriya ərazisində İranyönlü qüvvələri – “Hizbullah”ın oradakı dayaqlarını məhv etmək istiqamətində addımlar atır. Burada çox ciddi və qarışıq oyunların getməsinin şahidiyik. Hazırkı şəraitdə istər Rusiya, istərsə də İran Suriya rejiminə dəstək versə də, Bəşər Əsəd yenidən Suriyanın ərazi bütövlüyünü təmin etmək iqtidarında deyil”.

“Türkiyə də bölgədə sülhün, Suriyanın ərazi bütövlüyünün tərəfdarıdır və bununla bağlı Əsəd rejiminə öz şərtlərini irəli sürüb. Əgər kimsə Türkiyə ilə Suriya arasında münasibətləri yenidən pozmaq istəyirsə, bu, yaxşı nəticələrə gətirib çıxarmayacaq. İndiki halda Astana üçlüyü üzvləri olan Rusiya-Türkiyə-İran arasında hər hansı bir nifaqın yaranması problemi daha da dərinləşdirməyə xidmət edəcək. Mənə elə gəlir ki, burada məhz gərginliyi yaratmaqda maraqlı olan başqa güclər də mövcuddur”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov

COP29