Son bir neçə ayda mətbuata Mingəçevirlə bağlı ardı-arası kəsilməyən məlumatlar daxil olur.
Məlumatların böyük əksəriyyəti şəhərdə yaradılan və ölkə qanunvericiliyə aid olmayan məqamlarla bağlıdır. Sənaye şəhəri olan Mingəçevir keçid dövrünü olduqca ağır keçirir. Məhz Prezident İlham Əliyevin təşəbbüsü, diqqəti və qayğısı nəticəsində şəhərdə yeni sənaye müəssisələrinin yaradılması ilə bağlı ciddi işlər gedir. Məqsəd həm də yeni iş yerlərinin açılması, əhalinin məşğuliyyətinin təmin edilməsi ilə bağlıdır. Əhalinin işsiz qalan hissəsi demək olar ki, orta və xırda sahibkarlıqla məşğul olurlar.
Rəisin şəhərdə müəyyənləşdirdiyi və şəxsən özü “yazdığı qanunlar” isə sahibkarlığı nəinki boğur, həm də tamamilə məhv etmiş olur. Onlarla sahibkar iş saatına, işçisinin cinsinə görə rəisə “aylıq haqq” verir. Aylıq haqqın məbləği isə demək olar ki, fantastikdir.
Verə bilməyənlər isə polis səlahiyyətlərinə aid olmayan formada şöbəyə gətirilir. Mingəçevir Şəhər Polis İdarəsinin rəisi, polkovnik-leytenant Cavid Muradov şəxsən müavininə (red. Mehman) bu işi tapşıraraq qrup halında özləri cinayət törədirlər.
Hal-hazırda redaksiyamıza daxil olan məktublarda, foto və audio faktlarda yeni rəisin şəhərin iqtisadi dayaqlarını necə məhv etdiyi açıq-aydın görünür. Faktlar tam hazır olduqdan sonra saytımızda dərc ediləcəkdir.
Mingəçevir əhalisi Ramil Usubovdan imdad diləyir!
BELƏ BİR HƏSSAS DÖNƏMDƏ PREZİDENTİN TAPŞIRIQLARININ ƏKSİNƏ GETMƏK, SAHİBKARLARA QARŞI AMANSIZ DAVRANMAQ, SIRAVİ VƏTƏNDAŞLARI ÖLKƏ RƏHBƏRLİYİNƏ QARŞI QALDIRMAQ BİRMƏNALI ŞƏKİLDƏ MİLLİ MARAQLARA XƏYANƏT KİMİ QİYMƏTLƏNDİRİLMƏLİDİR.
Məlumat üçün qeyd edək ki, bundan öncə də yeni rəisin özbaşınalıqları barədə mediada ara-sıra yazılar dərc edilirdi. Həmin yazılarda da polis rəisinin sadə vətəndaşları necə ələ saldığı, necə təhqir etdiyi açıq-aydın görünürdü. Şikayətlərdən birini təqdim edirik.
Redaksiyamıza Mingəçevir şəhəri, Naxçıvan küçəsi, ev 31, mənzil 1 B ünvanında qeydiyyatda olan Mustafayev Alı Baba oğlunun şikayət məktubu daxil olub. Barəsində inzibati tənbeh tətbiq edilən A.Mustafayev Mingəçevir şəhər Məhkəməsinin inzibati 15.01.2016-cı il tarixli qərarından Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti verdiyini yazır.
Şikayət məktubundan məlum olur ki, Mingəçevir şəhər Məhkəməsinin 3(051)-56/2016 saylı 15.01.2016-cı il tarixli inzibati xəta haqqında iş üzrə qərarı ilə (sədrlik edən hakim R.Kazımov) A.Mustafayev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 310.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 7 gün inzibati həbs edilib. A.Mustafayev aşağıdakılara görə, məhkəmənin həmin qərarını əsassız və qanunsuz sayır və hesab edir ki, həmin qərar apellyasiya instansiya məhkəməsi tərəfindən ləğv edilməlidir. Şikayətçi yazır: “Barəmdə Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən tərtib edilmiş 14.01.2016-cı il tarixli 005121 saylı protokolda və qərarda göstərilənlər həqiqəti əks etdirmir, yalandır və mən qanunsuz olaraq törətmədiyim xətada təqsirli bilinmişəm”.
“Aksiyaya çağırış elanına əl vurmadan şəklini çəkdim”
A.Mustafayev daha sonra yazır: “14.01.2016-cı il tarixində ağır səhhətimlə və digər işlərimlə əlaqədar Bakı şəhərindən yaşadığım Mingəçevir şəhərinə gəldim. Şəhərə gecə saatlarında çatdığım üçün xəstə bacımın evində qalıb, səhər saatlarında, təxminən 09:40 radələrində uzun illər işlədiyim “Qızıl Aypara Cəmiyyəti”nin Mingəçevir şəhər bölməsinə gedərək, mühasibdən əmək kitabçamı geri götürdüm. Bayıra çıxıb əməkdaşlarla söhbət edərkən «Xəzər» televiziyasının bölgə üzrə operatoru Fərid Hacıyev mənə yaxınlaşaraq, əlindəki 15.01.2016 ci il tarixli aksiyaya çağırış vərəqəsinin kimin tərəfindən yayılmasından xəbərim olub-olmadığını soruşdu. Mən isə onun mənə təqdim etdiyi aksiyaya çağırış elanına əl vurmadan şəklini çəkdim və maraqlanıb nəticəni ona deyəcəyimə söz verdim”.
“Mingəçevir Şəhər Polis Şöbəsinin rəis müavini Allahverdi Siraclı təkid edirdi ki, hansısa məlumatı gizlədirəm”
“Saat 09:55 radələrində Mingəçevir Şəhər Polis Şöbəsinin Q və ŞVQ-nin rəisi Elman Məmmədovla Beyləqan rayon Məhkəsinin 2-14 saylı, 19.05.2005-ci il tarixli qərarına əsasən cavadeh Beyləqan rayonunun 2-ci Aşıxlı kənd sakini Ağayev Heydər İmran oğlunun uzun müddət qəsdən axtarılmadığına görə uzun müddətli axtarışın vəziyyət ilə əlaqədar qəbuluna getdim. Oraya gedən müddətdə polis növbətçisi Şıxəli Süleymanovla salamlaşıb, şəklini çəkdiyim aksiyaya çağırış vərəqəsi barədə yeni təyin olunmuş rəisə xəbər verməsini xahiş edərək, Pasportstol rəisinin qəbuluna getdim. Orada olan zaman Səbuhi adlı polis əməkdaşı Mingəçevir Polis Şöbəsinin rəis müavini Allahverdi Siraclının məni çağırdığını dedi. Mən A.Siraclının yanına gedərək, çağırılmağımın səbəbini soruşdum. O isə vəziyyətlə əlaqadər kiminsə keçirəcəyi aksiya barədə soruşdu. Söhbət zamanı Mingəçevir Polis Şöbəsinin rəis müavini Allahverdi Siraclı təkid edirdi ki, hansısa məlumatı gizlədirəm. Mən onun fikirləri ilə razılaşmıyaraq, otaqdan ayrıldım və Polis Şöbəsini tərk etdim”.
“Aksiyaya çağırış vərəqəsinin foto şəklini icra hakimiyyətinin əməkdaşı Rəsul müəllimin İphone mobil telefonuna köçürərək, bu barədə başçıya məlumat verməsini xahiş etdim”
“Saat 11:00 radələrində “Qızıl Aypara Cəmiyyəti”nin Mingəçevir şəhər bölməsinin mühasibi Dilgüşə Ahəngaridən götürdüyüm Əmək kitabçamla işə düzəlmək və işsizlik statusu almaq üçün Mingəçevir şəhər Məşğulluq İdarəsinə getdim. İdarənin direktoru İsmayıl Məmmədovla görüşüb tələb olunan sənədləri qeyd edib, qısa vaxtda idarəyə təqdim edəcəyimi bildirdim.
Saat 11:50 radələrində mərhum qardaşımın həyat yoldaşı Mustafayeva Südabə Ağabala qızının ailəsinə ünvanlı sosial yardımın təyin edilməsi üçün Mingəçevir şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinə getdim. Təxminən saat 12:30 radələrində Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının qəbuluna girmək üçün icra hakimiyyətinə getdim. Orada icra başçısının və aidiyyəti digər əməkdaşların olmamasına görə icra hakimiyyətinin əməkdaşı Rəsul müəllimlə görüşüb, Heydər Əliyev Mərkəzinin qarşısına gəldik. Fərid Hacıyevin əlində çəkdiyim aksiyaya çağırış vərəqəsinin foto şəklini icra hakimiyyətinin əməkdaşı Rəsul müəllimin İphone mobil telefonuna köçürərək, bu barədə başçıya məlumat verməsini xahiş etdim. Saat 13:10 radələrində yaxın market satıcısı Bilaldan ərzaq bazarlığı edərək, yataq və xərcəng xəstəsi olan əmimin evinə gedib, onu ziyarət etdim. Əmimin yanında olarkən AR Səhiyyə Nazirliyinin əməkdaşı Ləman xanım mobil telefonuma zəng edərək, səhiyyə nazirinə etdiyim müraciətlə bağlı Mingəçevir şəhər Xəstəxanasının baş həkimi Yusif Quliyevin yanına getməyimi təklif etdi və hər hansı bir neqativ hərəkət yaranarsa, onun mobilinə zəng etməyimi xahiş etdi. Orada olarkən Mingəçevir şəhər Polis Şöbəsinin rəisinin sürücüsü Azər Quliyev davamlı zəng edərək, təcili rəisin çağırışına getməyimi xahiş etdi.
Təxminən saat 16:50 radələrində Mingəçevir şəhər Gənclər və İdman İdarəsinə gedib idarənin rəisi Kamal müəllimlə görüşdüm. Orada rəhbəri olduğum “Azərbaycan Respublikasının əməkdar məşqçisi Baba Mustafayev adına Azərbaycan-Avropa İdman Klubu” MMC-nin birgə fəaliyyəti və mərhum atamın adına xatirə turnirinin keçirilməsinə dair fikir mübadiləsi etdik”.
“Mingəçevir Polis Şöbəsinin rəisinin sürücüsü Azər Quliyev mobil telefonuma zəng vuraraq, təcili rəis Cavid Muradovun qəbuluna getməyimi tələb etdi”
“Saat 17:10 radələrində isə Mingəçevir şəhər Xəstəxanasına getdim. Xəstəxananın işçiləri baş həkim Yusif Quliyevin otağında olmadığını bildirdikdən sonra, mobil telefonuna zəng vurub onunla danışdım. Onun 20.01.2016-ci il tarixdə, yəni gec gələcəyinə görə xəstəxanada yatmağımı xahiş etdiyimi nəzərə alıb etiraz etmədi. Sonra mən xəstələrin qəbul şöbəsində qeydiyyata düşdüm.
Xəstəxanada olduğum vaxt, saat 18:30 radələrində Mingəçevir Polis Şöbəsinin rəisinin sürücüsü Azər Quliyev mobil telefonuma zəng vuraraq, təcili rəis Cavid Muradovun qəbuluna getməyimi tələb etdi. Ona xəstəxanada işlərimin olduğunu bildirib sonra gəlməyimi təklif etsəm də, o, rəisin arxamca avtomobil göndərdiyini bildirdi. Məcburiyyət qarşısında qalıb şöbəyə gəlməyə razılıq verdim”.
“Polis rəisi Cavid Muradov tərəfindən təhqirlərə və söyüşlərə məruz qaldım”
“Təxminən saat 18:40 radələrində Mingəçevir şəhər Polis Şöbəsinin rəisinin tapşırığı ilə xəstəxananın qarşısına gəlmiş “VAZ 2107″ markalı, 55 BT 283 dövlət nişanlı avtomobilin sürücüsü Novruz adlı şəxs xəstə vəziyyətdə məni Mingəçevir şəhər Polis Şöbəsinə apardı. Şöbədə rəis müavini Vahid müəllimin otağında bir müddət gözləyəndən sonra digər müavin Allahverdi Siraclı ilə birlikdə rəisin qəbuluna girdik. Otaqda polis rəisi Cavid Muradov tərəfindən təhqirlərə və söyüşlərə məruz qaldım. Sonra rəisin tapşırığı ilə polis şöbəsinin İTB-nin rəisi Emin Şirinovun, İntizibatı protokol tərtib edən Nicat Kazım oğlu Nəsibovun, şahid Məftun İsabala oğlu Əhmədovun və Post-patrul xidməti bölməsinin sürücüsü Elçin İnqilab oğlu Məmmədovun, növbətçi Şıxəli Süleymanovun və müavin Allahverdi Siraclının mənə qarşı verdikləri şər, böhtan xarakterli izahatları ilə həbs olundum və səhhətimə ağırlıq verən hərəkətlərlə müvəqqəti saxlanma təcridxanasına salındım. Həbs edilən zaman dəfələrlə vəkillə təmsil olunmağımı və tutulmağım barədə ailəmə xəbər verilməsini xahiş və tələb etsəm də, heç bir nəticəsi olmadı, əvəzində, polis əməkdaşları tərəfindən təhqir edildim.
Polis şöbəsinin müvəqqəti saxlanma təcridxanasında bir gün susuz, qidasız, ölməmək üçün hər gün qəbul etdiyim dərmansız qaldım. Zor tətbiq edilməklə, vəkillə görüşməyim təmin edilmədi. Belə olan vəziyyətdə səhhətim pisləşdi, ürəyim getdi, bir neçə dəfə dilim qatalandı və 14-21 yanvar 2016-cı il tarixlərində Mingəçevir şəhər Polis Şöbəsinə 15 dəfə Mingəçevir Təcili Təxirəsalınmaz Tibbi Yardım stansiyasının briqadaları çağırışla gələrək, mənə tərkibi məlum olmuyan iynələr vuruldu”.
“Mənə qarşı tərtib olunan protokol və qərar qərəzli, qeyri-obyektiv, əsassız və qanunsuzdur”
“Hesab edirəm ki, protokolda qeyd olunan guya Mingəçevir şəhəri, H.Əliyev prospekti, Mərkəzi Poçtun qarşısında əhalini qanunsuz nümayişə çağıraraq səs-küy salmağım və guya məni nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamağım yalan və absurddur. Halbuki həmin ərazidə gün ərzində olmamışam (təhlükəsizlik kamerasından çıxarış edilə bilər), çünki əhalini nümayişə çağıran adam gün ərzində dövlət orqanlarının (məşğulluq idarəsi, əhalinin sosial müdafiə mərkəzi, icra hakimiyyəti, gənclər və idman idarəsi, şəhər mərkəzi xəstəxanası, Q və ŞVQ-nin və s.) əməkdaşları ilə görüşməzdi və lazımi qurumlara xəbər verərək, polisin çağırışı ilə göndərdiyi avtomobillə könüllü gəlməzdi.
Həm polis şöbəsində, həm də məhkəmədə bildirdim ki, heç kimi nümayişə çağırmamışam, səs-küy salmamışam, ümumiyyətlə, protokolda və qərarda göstərilənlər uydurmadır. Çünki bir hal şahidi belə, mülki vətəndaş deyil. Polis rəisinin bir daha məni şərlənməyimi nəzərə çatdırması, adı məni fiziki zorakılıq edən və ssenarini quran, məhkəmə iclasında yalan ifadələr verən İTB rəisi Emin Şirinovun məhkəmədə şərlənmə şousu yaratması, məntiqsiz suallar verən, yazılan yalan ifadələrə görə şahidlərə və protokol yazanlara təkid etməsi, Mingəçevir Hüquq Məsləhətxanasından mənim müdafiəçim Hüseynov Müsaqif Səfər oğlunun suallarına düzgün cavab verə bilməyən, kimin sifarişini icra etməsi məlum olmayan, məhkəmə qərarında adı belə çəkilməyən, məhkəmə sədrinin ona vəkilimdən çox dindirilməsinə dair polis şöbəsinin İTB-nin rəisi Emin Şirinovun adı qərarda da hansısa sifarişə görə adı gizlədildi. Bunların həqiqətə uyğun olmadığını sübut etmək üçün günün müxtəlif vaxtlarında mənimlə görüşən “Qızıl Aypara Cəmiyyəti”nin Mingəçevir şəhər bölməsinin əməkdaşlarının, Mingəçevir şəhər Məşğulluq İdarəsinin direktoru İsmayıl Məmmədovun, Mingəçevir şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinin əməkdaşlarlarının, Mingəçevir şəhər İcra Hakimiyyətinin əməkdaşı Rəsul müəllimin, AR Səhiyyə Nazirliyinin əməkdaşı Ləman xanımın, Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin rəisi Kamal müəllimin, Mingəçevir şəhər Xəstəxanasının baş həkimi Yusif Quliyevin, polis şöbəsinə getdiyim “VAZ 2107″ markalı 55-BT-283 dövlət nişanlı avtomobilin sürücüsü Novruz adlı şəxsin, Q və ŞVQ-nin rəisi Elman Məmmədovun və digər çoxlu sayda görüşdüyüm şəxslərin şahid qismində məhkəməyə dəvət edilmələrini və dindirilmələrini xahiş etsəm də, heç bir nəticəsi olmadı.
Bütün bunlar onu göstərir ki, mənə qarşı tərtib olunan protokol və qərar qərəzli, qeyri-obyektiv, əsassız və qanunsuzdur”.
***
Qeyd etdiyimiz kimi, barəsində inzibati tənbeh tətbiq edilən A.Mustafayev Mingəçevir şəhər Məhkəməsinin inzibati 15.01.2016-cı il tarixli qərarından Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti verib. A.Mustafayev Məhkəmə Kollegiyasından xahiş edib ki, şikayəti təmin edilsin, Mingəçevir şəhər Məhkəməsinin 3(051)-56/2016 saylı 15.01.2016-cı il tarixli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin./tezadlar.az
Məsələyə münasibət öyrənmək üçün Mingəçevir şəhər Polis Şöbəsi ilə əlaqə saxlamaq cəhdimiz alınmadı. Odur ki, qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
www.yenicag.az