Yeniyetmələrdə artan zorakılığın gizli SƏBƏBLƏRİ: Sosioloq əsas faktorları açıqladı
“Bizə elə zənn edirik ki, kiçik bir münaqişədir, gənclər və yeniyetmələr bu münaqişəni böyütdülər və bir-birlərinə zərər verdilər. Belə deyil. Onlar bu həddə çatana qədər çox şeylər yaşayır”.
Bu sözləri Yenicag.az-a açıqlamasında sosioloq Lalə Mehralı son vaxtlar paytaxt və əyalətlərdə günbəgün artan aqressiyalar fonunda baş verən qətl hadisələri barədə danışarkən deyib.
O, xüsusən yeniyetmə və gənclər arasında zorakılıq və aqressiyaların artmasının əsl səbəblərini açıqlayıb:
“Gənc nəslin ən böyük problemlərindən biri də aqressiyalarını cilovlaya bilməmək, zorakılıq tətbiq etməkdən ibarətdir. Bu, xüsusilə yeniyetmələr arasında ciddi problemlər yaradır. Səbəblər müxtəlifdir və yalnız bir problemlə bağlı deyil. Ekoloji problemlər, texnoloji asılılıqlar, aludəçilik, səhv seçilmiş ətraf mühit, qidalanma təsir göstərir. Hər bir davranışımızın altında müxtəlif cür səbəblər yatır. Əslində bu çoxdan başlayan prosesdir, sadəcə olaraq aqressiv nəticəyə çatana qədər o vəziyyətin fərqində olmuruq. Biz elə zənn edirik ki, kiçik bir münaqişədir, gənclər və yeniyetmələr bu münaqişəni böyütdülər və bir-birlərinə zərər verdilər. Amma bu həddə çatana qədər onlar çox şeylər yaşayır. Aqressiv oyunlar oynayırlar, geni dəyişdirilmiş qidalarla qidalanırlar, çirkli su içirlər, çirkli hava udurlar. Əslində bizim üzərində dayanıb düşünmədiyimiz ən kiçik detal belə, psixolojiyamıza təsir göstərir. Psixologiyamızda özünə yer edən mənfi düşüncələr isə bizim əməllərimizi formalaşdırır; kiməsə zərər veririk, döyürük, büçaqlayırıq, öldürə bilirik. Bütün bunların kökündə bu vəziyyətə gətirib çıxaran uzun bir yol dayanır və biz, hansısa hadisə baş verməyənə qədər o yolun bu qədər uzanmasının fərqində olmuruq.” – deyə o bildirib.
Cəvahir