1 May – Əmək bayramı yoxsa Dünya Zəhmətkeşlərinin qanlı tarixi?!
İlk olaraq 1 May tarixinə nəzər salaq. Hər il 1 May tarixinin manifestasiyalarla Beynəlxalq zəhmətkeşlər Bayramı kimi anılması qərarı ilk dəfə II İnternasionalın 1889-cu ilin iyulunda keçirilən Paris Konqresində verilib. Buna qədər isə 1886-cı ilin 1 mayında artıq Çikaqoda həmkarlar ittifaqları 8 saatlıq iş günü tələbi ilə nümayişlər təşkil etmişdi. Lakin istər Amerika istərsə də Avropada 1 May bayramdan çox zəhmətkeşlərin həmrəyliyi, fəhlələrin keçirdiyi nümayişlərin zorakılıqla dağıdılması ilə tarixdə özünə yer qazanmış oldu. Lakin fəhlə sinfinin burjuaziyaya qarşı birgə mübarizəsi Fransada 1936-cı ildə əmək hüquqlarının təkmilləşdirilməsi, Marşal Peten hakimiyyətinin 1 May tarixini 1941-ci ildə əmək günü elan etməsi, 1947-ci ildə isə bayram statusu verməsi ilə nəticələndi.
Türkiyə Cümhuriyyətində də 1 May günü qanlı tarix kimi unudulmamışdır. “Türkiye Devrimci İşçi Sendikaları Konfederasyonu”nun təşkilatçılığı ilə 1 May 1977-ci ildə Taksim Meydanında 500.000 insanın qatıldığı nümayişlərdə 34 nəfər həyatını itirmiş, 136 yaralanmışdır. Bu tarixə qədər Türkiyədə 1 May “İşçi Bayramı” üçün hazırlanan “dünyanı ovuclarında yüksəldən işçi” logosu:
Azərbaycanda 1920-ci ildən başlayaraq 1 May rəsmi bayram kimi qeyd olunub. Lakin hələ 1919-cu ildə əməkçilərin 1 May bayramı qeyd ediləndə Azərbaycan Demokratik Respublikası da bu bayramda fəal iştirak etmiş, bu bayramın sinfi qarşıdurma yaradan amil kimi qiymətləndirilməsini qəti rədd etmişdir. Azərbaycan müstəqillik əldə etdikdən sonra bu gün totalitar rejimin atributu kimi qiymətləndirmiş, 1992-ci ilin oktyabr ayında Azərbaycanın bayramları haqqında qanun qəbul edilərkən 1 May ideolojiləşmiş bayram kimi o sıraya daxil edilməmişdir.
Bu gün Avropa ölkələrinə nəzər salsaq görərik ki, hələ də 1 May nümayişləri zəhmətkeşlərin kütləvi etirazları ilə müşahidə olunur. İşsizliyin daha çox yer aldığı İspaniya, Portuqaliya, Yunanıstan kimi ölkələr nümayişlərin daha çox həyata keçirildiyi ölkələr sırasındadır. Bu hadisələrlə paralel Azərbaycandakı mövcud proseslərə nəzər salaq və müqayisəli təhlil aparaq. İşçi və işəgötürənlər arasında münasibətlərin tənzimlənməsi, tərəflərin hüquq və öhdəliklərinin müəyyən edilməsini özündə əks etdirən hüquqi sənəd, Azərbaycan Respublikasının Əmək Məcəlləsi 01 fevral 1999-cu il tarixli, 618-IQ nömrəli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmişdir. Ölkəmizdə müxtəlif fəaliyyət sahələri üzrə yaradılan şirkətlərin, təşkilatları, irili-xırdalı iaşə obyektlərinin sayı sürətlə çoxalır. Bu, ölkə iqtisadiyyatının inkişafını əks etdirən göstəricidir. Lakin faktlar göstərir ki, ölkəmizdə əmək hüquqlarının pozulması ən çox rast gəlinən inzibati xətalardandır. Xüsusən də özəl müəssisələrdə işçilərin əmək hüquqları ciddi şəkildə pozularaq əmək müqaviləsi bağlamaqdan yayınılır. Halbuki, əmək müqaviləsi işçi-işəgötürən münasibətlərinin təminatı olmaqla, hər iki tərəfin hüquqlarını qoruyur. İşəgötürənlərin işçi ilə əmək müqaviləsi bağlamaması vergidən yayınma, statistik məlumatlar və sahələr üzrə inkişaf tempinin müəyyən edilməsində yalnış iformasiyaların formalaşması ilə nəticələnir. Bütün bunlara vahid nəzarət mexanizminin işlənməsi məqsədilə “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 27 dekabr 2013-cü il tarixli 875-IVQD nömrəli Qanunu əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin yaradılmasının hüquqi əsasını müəyyən etmiş və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinə edilən dəyişiklikliyə əsasən, əmək müqaviləsi bildirişini müvafiq elektron informasiya sisteminə daxil etmək işəgötürənin vəzifələrinə aid edilmişdir. Bu sistemi işəgötürən və işçi münasibətlərinin elektron tənzimlənməsi, bu sahədə nəzarətin gücləndirilməsi, dolayısıyla sosial rifahın yüksəldilməsinə töhvə kimi qiymətləndirmək olar.
Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra yaradılması bir sıra qurumlar, dövlət proqramlarının qəbulu ilk növbədə insanların maddi və sosial rifah halının yüksəldilməsinə xidmət edir. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 1992-ci il 15 dekabr tarixli Qanunu, “Kiçik sahibkarlığa dövlət köməyihaqqında” Azərbaycan Respublikasının 1999-cu il 04 iyun tarixli qanunu, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər)”, “Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı”, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” və bu kimi bir çox hüquqi sənədlər ölkəmizdə işsizliyin azaldılması istiqamətində atılmış məqsədyönlü addımlardır. Önəmlisi isə işlərin şaxəli şəkildə ölkə miqyasında icrasıdır.
Sadalanan bütün faktları analiz etsək görərik ki, həqiqətən 1 May Azərbaycanda dövlət bayramı kimi qeyd edilməsə də dünyanın bir çox ölkələrindəki kimi etiraz nümayişlərinin müşahidə olunmadığı, insan hüquqlarının qorunduğu, yüksələn xətlə inkişaf edən ölkədir.
Sonda isə Karl Marksın təbilincə desək “Əmək nəticə verən yeganə duadır”. Dualarınızın qəbul olması diləyilə Əmək Bayramınız mübarək əziz Əməksevərlər.
Şəhriyar Möhsümov