13 yaşlı uşaq təyyarənin şassisində gizləndi: Kabildən Yeni Dehliyə uçdu
Əfqanıstanda 13 yaşlı bir uşaq sərnişin təyyarəsinin şassi yuvasında gizlənərək paytaxt Kabildən Hindistanın paytaxtı Yeni Dehliyə qədər uçub.
Yenicag.az “Indian Express”ə istinadən xəbər verir ki, adı açıqlanmayan əfqan uşaq Kabil hava limanına gizlicə daxil olaraq sərnişinlərin arasına qarışıb. “Kam Air” şirkətinə məxsus RQ-4401 reysi ilə havaya qalxan sərnişin təyyarəsinin arxa şassi yuvasına daxil olan uşaq təhlükəli səyahətini Yeni Dehli Beynəlxalq Hava Limanına qədər davam etdirib.
Təyyarə endikdən sonra uçuş zolağında təkbaşına gəzdiyi müşahidə edilən uşaq yerli təhlükəsizlik əməkdaşları tərəfindən saxlanılaraq dindirilib. O, ifadəsində sadəcə maraq səbəbindən belə bir işə girişdiyini bildirib və sərnişin təyyarəsinin arxa şassi yuvasında gizləndiyini etiraf edib.
Sonradan məlum olub ki, o, əslində Əfqanıstanın şimalındakı Kunduz şəhərindəndir və İranın paytaxtı Tehrana getmək istəyib. Lakin mindiyi reysin Yeni Dehliyə getdiyini bilməyib.
Hindistan Mərkəzi Sənaye Təhlükəsizlik Qüvvəsinin (CISF) açıqlamasına görə, uşağın dindirilməsindən sonra o, gəldiyi təyyarə ilə yenidən Kabilə göndərilib./qaynarinfo