Reklam

Reklam

XX əsr Azərbaycan tarixində 1918-ci il bir-birini sürətlə əvəz edən və Azərbaycan xalqının taleyində həlledici sayılan hadisələr baxımından yəqin ki, ən əhəmiyyətli zaman kəsiyidir.

Bu hadisələrin ən yüksək zirvəsi, sözsüz ki, 1918-ci il mayın 28-də Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsidir. Sonrakı mühüm tarixi hadisələr – sentyabrın 15-də Bakının birləşmiş Türk-Azərbaycan hərbi qüvvələri tərəfindən azad edilməsi və Azərbaycan hökumətinin Bakıya köçməsi, dekabrın 7-də Azərbaycan Parlamentinin yaranması və nəhayət, 1918-ci ilin 28 dekabrında Azərbaycan hökumətinin Cənubi Qafqazda İttifaq qoşunlarının komandanlığı və İngiltərə Hökuməti tərəfindən qanuni hakimiyyət kimi tanınması – bütün Şərqdə ilk demokratik quruluşun və azərbaycanlıların ilk milli dövlətçiliyinin – Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının əsasını qoymuşdur.

Hər il mart ayının 31-i respublikamızda azərbaycanlıların soyqırımı günü kimi qeyd olunur, erməni ideoloqlarının dövlət səviyyəsində dəstəklədikləri soyqırımı və terror siyasətinin günahsız qurbanlarının xatirəsi dərin ehtiramla yad edilir. 96 il əvvəl — 1918-ci ilin martında daşnak-bolşevik birləşmələrinin Azərbaycanın müxtəlif bölgələrində törətdikləri amansız qətliamların əsas məqsədi azərbaycanlıları milli etnos kimi yer üzündən silmək, onların tarixi torpaqlarına yiyələnmək olmuşdur.

S.Şaumyanın erməni-bolşevik dəstələri Bakı əhalisinin 400 milyon manatlıq əmlakını müsadirə etmiş, müsəlmanların bir çox ziyarətgahlarını dağıtmışdılar. Daşnak-bolşevik qüvvələri Təzəpir məscidini topa tutmuş, Bakının ən möhtəşəm memarlıq incilərindən sayılan “İsmailiyyə”nin binasına od vurmuşdular. Martın 30-dan aprelin 2-dək sürən qırğınlarda Şamaxı qəzasının 53 müsəlman kəndində ermənilər tərəfindən 8027 azərbaycanlı qətlə yetirilmişdi. Quba qəzasında 162 kənd darmadağın edilmiş, 16 mindən çox insanın həyatına son qoyulmuşdu. Lənkəranda, Muğanda minlərlə soydaşımız öldürülmüşdü. Ermənilər tərəfindən Dağlıq Qarabağda 150 azərbaycanlı kəndi tamamilə dağıdılmış, Şuşada görünməmiş qırğınlar törədilmişdi.

S.Şaumyan Bakıda və ətraf qəzalarda törətdikləri qırğınla əlaqədar 1918-ci il aprelin 13-də Rusiya Xalq Komissarları Sovetinə məktubunda yazırdı: “Bizim süvari dəstəyə edilən silahlı hücumdan bəhanə kimi istifadə etdik və bütün cəbhə boyu hücuma keçdik. Biz artıq 6 min nəfərlik silahlı qüvvəyə malik idik. Daşnakların da 3-4 min nəfərlik silahlı milli hissələri var idi ki, o da bizim sərəncamımızda idi. Məhz onların iştirakı vətəndaş müharibəsinə milli qırğın xarakteri verdi. Lakin onun qarşısını almaq mümkün olmadı. Biz bu işə şüurlu surətdə getdik. Əgər azərbaycanlılar üstün gəlsəydilər, onda Bakı Azərbaycanın paytaxtı elan edilə bilərdi”.

Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusı diqqət yetirmiş, Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul etmişdir. Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdiklərı ağır cinayətləri araşdırmış, bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradılmışdır. 1919 və 1920-ci illərdə mart ayının 31-i Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı prosesinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi olmuşdur. Lakin 1920-ci ilin aprelində Xalq Cümhuriyyətinin süqutu bu işləri yarımçıq qoymuş, Azərbaycan erməni-rus qüvvələrinin dəhşətli soyqırımının miqyasını dünyaya, beynəlxalq aləmə çatdıra bilməmişdir. Əvəzində ermənilər istər dünyaya səpələnmiş böyük diasporu vasitəsilə, istərsə də Ermənistanda daşnak hakimiyyətini əvəz etmiş sovet hakimiyyətinin təbliğat maşınının köməyi ilə qondarma “soyqırımı” kampaniyasına geniş vüsət vermişlər.

70 illik sovet ideologiyasının tarixşünaslığımıza tətbiq etdiyi “vətəndaş müharibəsi”, “əksinqilabi qiyam” kimi saxtalaşdırılan mart hadisələri, əslində, bolşevik-daşnak ittifaqının xalqımıza qarşı yeritdiyi növbəti soyqırımı siyasəti olmuşdur. Xalqımız uzun illər bu gerçək tarixdən məlumatsız olmuş, saxta ideoloji ehkamlar və yalan tarix nəticəsində yaddaşımız uzun illər tamamilə yad istiqamətdə köklənmişdir. Halbuki 1918-ci il martın 31-də Bakı Kommunası və erməni şovinistləri Azərbaycanda kütləvi qırğınlar, qətliamlar törətməklə bəşər tarixində misli görünməmiş soyqırımına imza atmışdılar.

Bədnam erməni millətçilərinin tarixi saxtalaşdırmağa, dünya ictimaiyyətini çaşdırmağa yönəlmiş saxta kampaniyasına qarşı mütəşəkkil müqavimət isə yalnız ulu öndər Heydər Əliyevin xalqın istəyi ilə 1993-cü ildə Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra mümkün olmuşdur. Heydər Əliyev Azərbaycan tarixinin faciəli, ağır, məşəqqətli səhifələri ilə, xüsusən də gənclərin yaxından tanış olmalarını, milli həqiqətləri aydın dərk etmələrini, belə demək mümkünsə, qan yaddaşını qoruyub saxlamalarını zəruri hesab edirdi. Məhz buna görə də ümümilli lider təkcə ümumtəhsil məktəblərində, universitetlərdə deyil, eləcə də ailədə gənclərlə fəal iş aparılmasını, onlarda erməni vandalizminin gerçək miqyası barədə dolğun, obyektiv rəyin formalaşmasını vacib sayırdı.

Tarixi unutqanlığın azərbaycanlılara hansı böyük faciələr bahasına başa gəldiyini ən müxtəlif çıxışlarında dəfələrlə vurğulayan ulu öndər Heydər Əliyev, eyni zamanda, gəncləri ata-babalarımızın bu səhvlərini yenidən təkrarlamamağa çağırırdı. Obyektiv reallığa əsaslanan bu çağırış həm də ona xidmət edirdi ki, gənclər müasir üsul və vasitələrdən, informasiya texnologiyalarının yaratdığı geniş imkanlardan istifadə edib milli həqiqətləri dünya ictimaiyyətinə çatdırsınlar. Bədnam erməni lobbisinə qarşı mübarizədə fəal olsunlar və səmərəli əks-hücumu təşkil etsinlər. Yəni müdafiədən hücum taktikasına keçid məhz yeni dövrün müasir təfəkkürlü, yüksək intellektual imkanları ilə fərqlənən gənclərinin hesabına reallaşmalı idi. Heydər Əliyev bu məqsədi gerçəkləşdirmək üçün bir tərəfdən geniş təbliğat işi aparır, digər tərəfindən imzaladığı tarixi əhəmiyyətli fərman və sərəncamların vasitəsilə gənclər arasında ideoloji-siyasi işi gücləndirirdi.

Ümummilli lider Heydər Əliyevin 1997-ci il 18 dekabr tarixli “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” fərmanı ilə həmvətənlərimizin Qərbi Azərbaycandandakı dədə-baba yurdlarından zorla köçürülməsində Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyasının hərtərəfli tədqiq edilməsi, Azərbaycan xalqına qarşı dövlət səviyyəsində həyata keçirilmiş bu tarixi cinayətə hüquqi-siyasi qiymət verilməsi və onun beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə dövlət komissiyası yaradılmışdı.

Bundan bir müddət sonra 1998-ci il 26 mart tarixdə “Azərbaycanlıların soyqırımı haqqında” fərman imzalayan Heydər Əliyev gənclərin tarixi həqiqətlərlə tanışlığına daha geniş meydan açmış, onları mübarizə ruhunda kökləmişdir. 1918-ci ilin məlum mart hadisələrinin 80-ci ildönümündə imzalanmış fərman erməni millətçilərinin hərəkətlərinə verilən ilk dolğun və hərtərəfli hüquqi-siyasi qiymətdir. Bu fərman gənc nəsildə milli yaddaşın qorunması baxımından bir növ proqram sənədidir. Əsrlər boyu azərbaycanlılara qarşı aparılmış soyqırımı və deportasiya siyasətini geniş təhlil edən tarixi sənəd əsasında martın 31-i hər il Azərbaycanlıların soyqırımı günü kimi qeyd olunur. Fərmanda göstərilirdi ki, “Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmişdir. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif olunmuş hadisələr özünün əsl qiymətini alır. Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırımı da tarixin açılmamış səhifələrindən biridir”.

2003-cü ildən Azərbaycana inamla rəhbərlik edən dövlət başçısı cənab İlham Əliyev də uydurma erməni təbliğatının beynəlxalq səviyyədə ifşa edilməsini, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasını ilk gündən xarici siyasət idarəsi və diaspor qarşısında mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmişdir. Cənubi Qafqaz kimi mürəkkəb geosiyasi məkanda milli maraq və mənafeyini layiqincə müdafiə edən Azərbaycanın yeni dünya nizamının reallıqlarına cavab verən tarazlı xarici siyasətinin uğurlarını təmin edən mühüm amillərdən biri də məhz diplomatiyadır.

Bir zamanlar üzləşdiyi “informasiya blokada”sını çoxdan adlamış Azərbaycan son illər Ermənistanı ideoloji-təbliğati müstəvidə əhəmiyyətli dərəcədə üstələmişdir. Xüsusən də bədnam erməni lobbisinin Azərbaycan və Türkiyə əleyhinə yönəlmiş iftira və böhtan kampaniyasının qarşısının alınması istiqamətində ciddi addımlar atılmışdır. Müşahidə etdiyimiz “ikili standartlar”a, ədalətsizliklərə rəğmən, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü müxtəlif səviyyələrdə etiraf edilir. Təqdirəlayiq haldır ki, bu prosesdə elmi ictimaiyyətin fəallığı da nəzərəçarpacaq dərəcədə güclənmişdir.

Xatırlatmaq yerinə düşər ki, Prezident İlham Əliyev 2011-ci ilin aprelində AMEA-da alimlərlə görüşü zamanı bununla bağlı aydın istiqamətlər müəyyənləşdirmişdir. Cənab İlham Əliyev, ilk növbədə, ermənilərin cəfəng iddialarına qarşı elmi-ideoloji mübarizənin gücləndirilməsi zərurətini alimlərimiz qarşısında mühüm vəzifə kimi qoymuşdur: “Bütün indiki Ermənistan ərazisinin əksər toponimləri Azərbaycan mənşəli toponimlərdir. Şəhərlərin, kəndlərin adları. Hətta bunu Böyük Sovet Ensiklopediyasında da görmək mümkündür. O vaxt erməni şəhərlərinin adları və onların əski variantı yazılmışdı. Biz bütün bunları bilməliyik. Bu gün Ermənistan dövləti bizə qarşı ərazi iddiası ilə çıxış edir. Torpaqlarımız işğal altındadır. Dağlıq Qarabağ işğal altındadır. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Erməni təbliğatı bütün dünyada bizə qarşı işə salınıbdır. Biz isə həqiqətləri çatdırmalıyıq ki, Xankəndi şəhəri Stepanakert deyil, Xankəndidir. Stepanakert quldur dəstəsinin rəhbəri Şaumyanın adına verilmişdir. Mən dəfələrlə bu barədə demişəm, əgər o yaşayış məntəqəsinin tarixi adı olsa idi, o tarixi adı ermənilər bərpa edərdilər. Bu, bizim torpağımızdır. Elmi araşdırmalar və elmi əsərlər, kitablar çox vacibdir. Mən çox şadam ki, bu istiqamətdə işlər gedir”.

31 mart, eləcə də Xocalı soyqırımları ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə dolğunluğu ilə çatdırılması zərurəti həm də onunla şərtlənir ki, bədnam qonşularımız son illərə qədər bizi bu sahədə üstələmişdilər. Uydurduqları yalanlara sanki özləri də inanmış kimi görünən ermənilər bu gün də kompakt yaşadıqları bütün dövlətlərdə “soyqırımına məruz qalmış millət” olduqlarını iddia edir, saxta təbliğatlarının real nəticələr verməsi üçün dəridən, qabıqdan çıxırlar. Hazırda dünyanın bir çox ölkələrinin arxivlərində qorunub saxlanan tarixi sənədlərdə ermənilərin hələ o zamandan qonşu xalqlara qarşı aşkar ərazi iddiaları ilə çıxış etmələri, onları kütləvi qırğınlara məruz qoymaları tam təsdiqini tapmışdır. Həmin tarixi sənədlər 1915-ci ilin aprelində Şərqi Anadoluda 1 milyon 500 min erməninin guya türklər tərəfindən qətlə yetirilməsi iddiasının cəfəngiyyat olduğuna hansısa şübhə yeri qoymur.

1915-ci ildən fərqli olaraq Qarabağ faciələri müasir dünyanın gözü qarşısında baş vermiş, foto və audio vasitələrlə sənədləşdirilmiş, bütün ölkələrə yayılmışdır. Xocalıda soyqırımı aktının baş verdiyini istintaq materialları da tam təsdiqləmişdir. Bu faktlar, canlı şahid ifadələri, foto və videomateriallar Azərbaycanın bütün dünyada Xocalı soyqırımı ilə bağlı geniş təbliğat aparmaq imkanlarını genişləndirir.

Əlbəttə, bu istiqamətdə indiyədək görülmüş işlər daha da genişləndirilməli, kütləvi informasiya vasitələri, qeyri-hökumət təşkilatları bu işə ciddi dəstək verməlidirlər. Bunun üçün virtual məkanının — internetin hüdudsuz imkanlarından geniş istifadə olunmalı, eyni zamanda səfirliklər, diaspor təşkilatları birgə işləməli, faciə ilə bağlı həqiqətlərin yerləşdikləri ölkələrin ictimaiyyətinə çatdırılması üçün fəallıq göstərilməlidir. Türk və Azərbaycan diasporlarının, kütləvi informasiya vasitələrinin bu istiqamətdə birgə fəaliyyətini yeni dövrün siyasi reallıqları tələb edir. Qardaş Türkiyənin dünya miqyasında tanınan, ingilis dilində nəşr olunan nüfuzlu mətbuat orqanları var. Həmin qəzetlərdə, həmçinin geniş auditoriyaya malik telekanallarda 31 mart və Xocalı soyqırımı ilə bağlı müntəzəm məlumatların yerləşdirilməsi son dərəcə zəruridir. Bundan başqa, xaricdəki türk və Azərbaycan diasporları Xocalı soyqırımı ilə bağlı əyani vəsaitlərdən istifadə edərək geniş təbliğat aparmaq imkanlarına malikdirlər.

Heydər Əliyev Fondu da son illər milli həqiqətləri dünyaya tanıtmaq istiqamətində böyük işlər görür. Fond bəşəriyyətin ən böyük faciələrindən olan 31 mart və Xocalı soyqırımları haqda faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət göstərir. Dağlıq Qarabağ münaqişəsində xalqımızın üzləşdiyi faciələri əks etdirən filmlərin, fotosənədlərin, kitabların və digər kütləvi nəşrlərin yayılması bu baxımdan mühüm əhəmiyyətə malikdir. Fondun dəstəyi ilə 2006-cı ildə Azərbaycan, fransız, alman, ərəb, ingilis və rus dillərində hazırlanmış “Qarabağ həqiqətləri” bukletlər toplusunun bir sıra ölkələrdə yayılması işğala məruz qalmış ölkəmizin üzləşdiyi fəlakətləri əks etdirən ən böyük təbliğat işlərindən biri olmuşdur.

Heydər Əliyev Fondunun dəstəyi ilə nəşr edilən “Qarabağın tarixi haqqında məlumat”, “Qarabağ münaqişəsinin başlanması”, “Xocalı soyqırımı”, “Azərbaycana qarşı erməni təcavüzünün nəticələri”, “Erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti” kitablarının elektron variantları xarici ölkələrin diplomatik korpuslarına, beynəlxalq təşkilatlara, kütləvi informasiya vasitələrinə, tanınmış ictimai-siyasi xadimlərə paylanmışdır. Zəngin faktlar və foto-sənədlərə istinadla aparılan bu təbliğat kampaniyası yüz minlərlə avropalıya Qarabağ həqiqətləri, 31 mart və Xocalı soyqırımları, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi təcavüzkar işğalçılıq siyasəti haqqında əsl həqiqətləri çatdırır.

31 mart və Xocalı soyqırımlarının dünya ictimaiyyətinə çatdırılması üçün hər il hökumət səviyyəsində müəyyən tədbirlər həyata keçirilir. Milli Məclisin dünya parlamentlərinə müraciətində soyqırımı aktının real mahiyyəti, onun soyqırım kimi tanıdılmasını şərtləndirən amillər konkret faktlar əsasında əksini tapır. Ümummilli liderin siyasi kursunu inamla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev də hər il bu soyqırımlarla bağlı xalqımıza müraciət ünvanlayır, səbir diləyərək dərin hüznlə başsağlığı verir. Azərbaycan xalqı ürəkdən inanır ki, ölkə Prezidentinin apardığı qətiyyətli siyasət gec-tez üzləşdiyimiz münaqişənin beynəlxalq hüquq normaları əsasında ədalətli həllini təmin edəcəkdir.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 76
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."