Russayağı “Səlib yürüşü” – Moskva niyə miqrantların QANINA SUSAYIB?
“Rusiyada miqrantlara qarşı nəzarət və tədbirlər xeyli sərtləşdirilib”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Əlabbas Məhərrəmli deyib.
O, son vaxtlar Rusiya Federasiyasında miqrantlara qarşı açıq-aşkar təzyiq kampaniyasının aparılması ilə bağlı düşüncələrini bölüşüb.
Politoloq bildirib ki, sözün həqiqi mənasında, bunu “Səlib yürüşü” adlandırmaq olar:
“Rusiyada miqrantlara qarşı nəzarət və tədbirlər xeyli sərtləşdirilib. Bu siyasət Ukrayna müharibəsində Rusiyanın verdiyi ciddi insan itkiləri fonunda aparılır. Rusiya ordusunda yaranmış insan resursu çatışmazlığı səbəbindən Moskva rəhbərliyi miqrantları hərbi xidmətə cəlb etməyə başlayıb. Bu məqsədlə yeni qanunverici tədbirlər həyata keçirilir. Qanunvericiliyə əsasən, Rusiya vətəndaşlığı əldə etmiş və ya bu istiqamətdə müraciət etmiş şəxslər, o cümlədən Azərbaycan vətəndaşları hərbi qeydiyyata alınmalıdırlar. Əks halda, vətəndaşlıqdan məhrum edilmə təhdidi ilə üz-üzə qala bilərlər”.
Onun sözlərinə görə, son günlər Rusiyanın müxtəlif şəhərlərində keçirilən genişmiqyaslı polis reydləri bu siyasətin bariz nümunəsidir:
“Bu reydlər zamanı bir çox azərbaycanlı miqrant saxlanılıb və bəziləri orduya yönləndirilib. Məlumatlara görə bəzi hallarda vətəndaşlar razılığı olmadan saxlanılır, orduya yazılır və ya deportasiya ilə hədələnirlər. Azərbaycan vətəndaşlarının bu prosesə cəlb olunması ciddi narahatlıq doğurur. Rusiyada yaşayan və çalışan azərbaycanlıların təhlükəsizliyi, hüquqlarının qorunması və onların könülsüz şəkildə hərbi xidmətə cəlb edilməməsi prioritet məsələ olmalıdır. Bu baxımdan, Azərbaycan vətəndaşları Rusiyada miqrasiya və vətəndaşlıq məsələlərində son dərəcə ehtiyatlı davranmalıdırlar”.
“Azərbaycanın diplomatik nümayəndəlikləri, xüsusilə səfirlik və konsulluqlar bu məsələ ilə ciddi şəkildə məşğul olmalı, vətəndaşlarımıza hüquqi yardım göstərilməsini təmin etməli, onların hüquqlarının müdafiəsində yaxından iştirak etməlidirlər. Çünki baş verənlər yalnız fərdi şəxsləri deyil, bütövlükdə Azərbaycan cəmiyyətini narahat edən və dərin mənəvi sarsıntı yaradan hadisələrdir”, – deyə o, fikirlərini tamamlayıb.
Nəsimi Ələsgərli