Kremlin “ətçəkən maşını” bu dəfə miqrantları HƏDƏFƏ ALIR – Hərbi ekspert bilinməyənləri DANIŞDI

media-hightechnic-468x90

“Son günlər Rusiyanın bəzi şəhərlərində güc strukturlarının azərbaycanlıların yaşadığı evlərə hücum etməsi, nəticədə bir neçə soydaşımızın həlak olması, çox sayda vətəndaşımızın müxtəlif dərəcəli bədən xəsarətləri alaraq yaralanması və bir çoxunun həbs edilməsi Azərbaycan cəmiyyətində ciddi narahatlıq doğurur”.

Bunu Yenicag.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

media-edalet-verdiyev

O, ötən gün Rusiyanın Yekaterinburq şəhərində baş verən hadisələrə, eləcə də Ukrayna ilə müharibədə insan qıtlığı yaşayan Rusiyanın miqrantlara qarşı atdığı sərt addımlara münasibətini bildirib.

Hərbi ekspert qeyd edib ki, Rusiyada azərbaycanlılara qarşı zorakılıq halları ictimai narahatlıq doğurur:

“Müşahidələr göstərir ki, xüsusilə Rusiya-Ukrayna müharibəsində artan insan itkiləri fonunda azərbaycanlılara qarşı bu cür təzyiqlər daha da intensivləşib. Ehtimal edilir ki, baş verən son basqınlar da Rusiya ordusuna əlavə insan resursları cəlb etmək məqsədilə həyata keçirilən tədbirlər çərçivəsindədir. Belə ki, Rusiya tərəfi uzun müddətdir qeyri-rus millətlərdən olan şəxsləri, xüsusilə də əcnəbi mənşəli vətəndaşları hərbi xidmətə cəlb etmək üçün müxtəlif üsullara əl atır. Bu fəaliyyətlərin bir çoxu beynəlxalq hüquq və normaların tələblərinə tamamilə ziddir”.

Ə. Verdiyev xatırladıb ki, ötən il Rusiya vətəndaşlığı alan əcnəbilərin məcburi şəkildə andiçmə mərasiminə cəlb olunmasını nəzərdə tutan yeni qanun qəbul olunmuşdu:

“Bu qanuna əsasən, yeni vətəndaşlar yalnız Rusiya pasportu almaqla kifayətlənməyib, eyni zamanda Rusiya Konstitusiyasına və qanunlarına sadiqlik andı içməli, ölkənin suverenliyi və təhlükəsizliyini qorumağa söz verməli idilər. Hazırkı hadisələrin də məhz bu çərçivədə, əcnəbilərin, o cümlədən azərbaycanlıların Rusiya ordusuna cəlb olunması məqsədilə həyata keçirilən zorakı tədbirlər kontekstində baş verdiyi ehtimal olunur”.

“Bu kontekstdə Azərbaycan Respublikasının Rusiyadakı səfirliyi məsələni dərhal nəzarətə götürməli, hadisələrin hərtərəfli araşdırılması və zorakılıq hallarına yol verən şəxslərin məsuliyyətə cəlb olunması üçün təxirəsalınmaz tədbirlər görməlidir. Qeyd edilən hadisələr, eyni zamanda Rusiya ilə Azərbaycan arasında imzalanmış müttəfiqlik sazişinin prinsiplərinə də ziddir. Azərbaycan ictimaiyyəti Rusiya tərəfindən yalnız bu hadisələrə deyil, həm də daha əvvəl baş vermiş təyyarə qəzasına da qısa müddət ərzində aydınlıq gətirilməsini gözləyir”, – deyə o, fikirlərini tamamlayıb.

Nəsimi Ələsgərli

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 28.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600