5 şəhərdə yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkarlandı
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri, Quba, Xaçmaz, Qəbələ və Balakən rayonlarının inzibati ərazisində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.
Xidmətdən Yenicag.az-a verilən məlumata görə, araşdırma zamanı Bakı şəhəri Nizami rayonu Özbəkistan və Azər Manafov küçələrinin kəsişməsində “Teymuroğlu Construction” MTK-ya məxsus ərazidə, Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Yeni Günəşli “V” yaşayış sahəsi 14D saylı yaşayış binasının qarşısında, Sabunçu rayonu Bakıxanov qəsəbəsi Yavər Əliyev küçəsi dalan 4 ünvanında, Quba rayonu Rustov kəndi ərazisində, Xaçmaz rayonu Həsənqala kəndi ərazisində “Providense Doyç” MMC-yə məxsus ərazidə, Qəbələ rayonunun Zarağan kəndi ərazisində və Balakən rayonunun Hənifə bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsində ağacların qanunsuz kəsilməsi ilə bağlı yaşıllıqlara 144 min 60 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.