Almaniya yenidən silahlanma YOLUNDA: "Bunda Putinin "xidmət"i böyükdür"
“Rusiya Ukraynaya qarşı həyata keçirdiyi müharibə, ilk növbədə, Qərbə və NATO-a qarşı müharibədir”.
Bunu Rusiyanın Ukraynaya hərbi təcavüzü fonunda Qərb dövlətlərinin sərgilədiyi mövqe barədə danışan politoloq Məhəmməd Əsədullazadə Yenicag.az-a açıqlamasında deyib.
Politoloq müharibənin Avropanın təhlükəsizlik arxitekturasının pozulmasına, Rusiyanın fövqəldövlət statusu əldə etməsinə hesablandıöını vurğulayıb:
“Almaniya bu təhlükəni görərək fürsətdən istifadə edib İkinci Dünya müharibəsindən sonra yenidən silahlanır. Çünki yeni dünya nizamında öz təhlükəsizliyini təmin etməlidir. Artıq ABŞ-nin Rusiya-Ukrayna müharibəsindəki siyasəti Almaniyanı konkret addımlar atmağa sövq edib. Almaniyanın çox güclü hərbi sənayesi və zavodları var. Təbii ki, maliyyə vəsaiti ayırıb ordunun güclənməsinə, hərbi sənayenin yenidən inkişafını qurma potensialına malikdir. Ona görə də artıq 2029-cu ilə kimi Rusiyanın mümkün hücumlarına qarşı öz hərbi imkanlarını inkişaf etdirir. Ordunun canlı qüvvəsini, hərbi hava qüvvələrini, dəniz qüvvələrini silahlandırır. Aydındır ki, Almaniya Rusiyaya hücum etməyəcək, sadəcə olaraq yeni dünya nizamında Almaniya çalışır ki, hərbi cəhətdən güclənsin və Avropanın əsas təhlükəsizlik təminatına çevrilsin. Almaniyanın planı bundan ibarətdir.
Həqiqətən də, 80 ildən sonra Almaniyanın hərbi cəhətdən dirçəlməsində Putinin “xidmət”i var. Əgər Putin Ukraynaya hücum etməsəydi, Almaniya öz siyasətinə sosial müdafiə istiqamətində qurub inkişaf edirdi. Putinin iddiaları, Qərbə qarşı müharibəsi Almaniyanı yenidən silahlanmağa sövq edib”.
Nurlan Cəfəri