2300 avtobus tıxacların sayını AZALDACAQ? – Ekspertdən AYNA-nın təklifinə REAKSİYA
“Bu gün Bakıda kifayət qədər çoxlu sayda fərdi avtomobil vasitələri ilə şagirdlərin məktəbə daşınması təşkil olunur. Hətta mən deyərdim ki, bu, avtobusların sayından bir neçə dəfə çoxdur. Ona görə bizim təkliflərimiz ondan ibarət olub ki, daha yaxşı olar, hər bir məktəbdə sorğular alınsın və şagirdlərin daşınması prosesini məktəb avtobusları həyata keçirsin”.
Bunu Yenicag.az-a açıqlamasında nəqliyyat eksperti İlqar Hüseynli deyib.
O, AYNA tərəfindən Bakıda tədris mövsümünə marşrut xətlərinə 2300-dən çox avtobusun cəlb edilməsi məsələsinə münasibət bildirib.
Ekspert xatırladıb ki, dərslər başlayanda birdən-birə kifayət qədər şəxsi avtomobil vasitələri şagirdlərin, tələbələrin daşınması prosesinə cəlb olunur:
“Bu da sıxlığın artmasına gətirib çıxarır. Əgər bu, marşrut xətlərində deyil, məktəblərdə təşkil olunsaydı, təbii ki, bir qədər başadüşülən olardı. Amma marşrut xətlərinin və avtobusların sayının artırılması o deməkdir ki, mövcud olan avtobuslarla yanaşı, bir o qədər də yeni avtobus marşruta buraxılacaq”.
Onun sözlərinə görə, əgər şagirdlərin daşınmasının bir hissəsi yenə valideynlər və onların müqavilə bağladığı taksilər vasitəsilə həyata keçiriləcəksə, bu, bizim üçün çıxış yolu olmayacaq:
“Bu, heç də tıxacın azalmasına gətirib çıxarmayacaq. Sadəcə sərnişinlərin sayının çoxalması fonunda xətlərə daha çox sayda avtobusun buraxılması kimi görünəcək. Bu da kommersiya məqsədli özəl şirkətlərin həyata keçirdiyi işdir. Yəni nə qədər çox avtobus və sərnişin daşınacaqsa, onların gəlirləri də bir o qədər artacaq. Problem də məhz buradadır. Yox, əgər dediyim kimi, məktəblər özləri bu işi təşkil etsələr, onda qismən də olsa, tıxacların azalmasına səbəb ola bilərdi”.
Rafi Müslümov