“Rusiya növbəti dəfə Ukraynanın enerji infrastruktur obyektlərinə hücuma başlayıb”
Rusiya növbəti dəfə Ukraynanın enerji infrastruktur obyektlərinə hücuma başlayıb. Ukrayna bu cür zərbələrə cavab verəcək.
Yenicag.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski axşam müraciətində məlumat verib.
Zelenskinin sözlərinə görə, o, Ali Baş Komandanlığın qərargah iclasını keçirib və bu qərargahda ilk növbədə texnoloji məsələlər müzakirə olunub. Bu, hava hücumundan müdafiə sistemlərinin və onlar üçün raketlərin mövcudluğuna, istehsal qrafikinə və çatdırılma cədvəlinə aiddir.
İclasda qaldırılan digər bir məsələ də kritik infrastrukturun, ilk növbədə enerjinin mühafizəsi olub.
“Ruslar indi yenidən energetika sektorumuza zərbələr endirirlər. Əlbəttə, biz cavab veririk və verəcəyik, amma əsas məsələ sistemin sabitliyidir”, – deyə Zelenski qeyd edib.
Prezident əlavə edib ki, iclasda Ukraynanın pilotsuz təyyarələrinin istehsalı ilə bağlı hesabatları da dinləyib.
Cəbhədəki vəziyyət və ukraynalı hərbçilərin təminatı ilə bağlı da müzakirələr aparılıb. Ən çox diqqət Donetsk, Xarkov və Zaporojya vilayətlərinə yönəldilib. Rusiyanın Xersona davamlı zərbələri və Sumı vilayətinin sərhəd bölgəsindəki sərt fəal hərəkətləri müzakirə edilib./Azertag/