Azərbaycanın strateji əhəmiyyətini artıracaq LAYİHƏ: "Türk dünyası ilə inteqrasiyada mühüm addım olacaq"
“Azərbaycanı birbaşa Türkiyə və Orta Asiya ölkələri ilə birləşdirən bu dəhliz Türk Dövlətləri Təşkilatı çərçivəsində iqtisadi və siyasi əməkdaşlığı da xeyli gücləndirəcək”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Əlabbas Məhərrəmli deyib.
O, Zəngəzur dəhlizinin Asiya üçün əhəmiyyətindən və layihənin həyata keçməsinin Azərbaycan üçün yaradacağı strateji üstünlüklərdən danışıb.
Politoloq bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev beynəlxalq platformalarda, o cümlədən Şanxay Əməkdaşlıq Təşkilatının sammitlərində də Zəngəzur dəhlizinin Asiya üçün nə qədər mühüm əhəmiyyət daşıdığını xüsusi vurğulayıb:
“Aydındır ki, bu layihə Azərbaycanın həm iqtisadi gücünü, həm də siyasi-strateji əhəmiyyətini artıraraq milli maraqlara ciddi xidmət edir.
Azərbaycan Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən əsas tranzit mərkəzə çevriləcək və Asiya–Avropa yükdaşımalarında rolunu daha da gücləndirəcək. Bunun ardınca ölkənin regional təsir imkanları genişlənəcək. Azərbaycan bölgədə kommunikasiya və nəqliyyat şəbəkəsinin açılmasında aparıcı dövlət kimi nüfuzunu artıracaq.
Eyni zamanda, bu layihə ticarət və investisiya axınını da gücləndirəcək, yeni nəqliyyat marşrutları ölkəyə əlavə gəlir, xarici kapital və logistika imkanları gətirəcək. Bundan başqa, türk dünyası ilə inteqrasiyada mühüm addım olacaq. Azərbaycanı birbaşa Türkiyə və Orta Asiya ölkələri ilə birləşdirən bu dəhliz Türk Dövlətləri Təşkilatı çərçivəsində iqtisadi və siyasi əməkdaşlığı da xeyli gücləndirəcək.
Yəni bu layihə, qeyd etdiyim kimi, həm iqtisadi, həm də siyasi-strateji baxımdan mühüm əhəmiyyətə malikdir”.
Nəsimi Ələsgərli