Avropanın enerji təhlükəsizliyində Azərbaycan-Norveç ƏMƏKDAŞLIĞI: Yeni perspektivlər NƏ VƏD EDİR? – MÜSAHİBƏ

media-hightechnic-468x90

Norveçdə 2025-ci ilin parlament seçkiləri bir çox gözləntilərin əksinə nəticələndi. Uzun illərdir ölkənin siyasi səhnəsində öz sözünü demək istəyən FrP tarixi uğur qazansa da, hakimiyyət dəyişmədi. Əmək Partiyası, cəmiyyətin narazı səsini görməzlikdən gəlirmiş kimi, daha dörd il idarəçilik şansı qazandı.

Yenicag.az xəbər verir ki, bu seçkilər təkcə daxili siyasət deyil, həm də Norveçin enerji, təhlükəsizlik və iqlim siyasətini yenidən gündəmə gətirdi.

“CAN” qurucusu, Azərbaycan əsilli Şervin Nəcəfpur ilə həm bu seçkilərin nəticələrini, həm də Norveçin Cənubi Qafqazdakı strateji maraqlarını müzakirə etdik.

– Norveçdə son seçkilərin nəticələrini, ölkənin son illərdə xarici siyasətdə əldə etdiyi uğurlar və üzləşdiyi itkilər fonunda necə qiymətləndirmək olar? Daxili siyasi balans bu xarici siyasət meyllərinə hansı formada təsir göstərdi?

– FrP gözlənildiyindən daha çox dəstək qazandı, amma mavi blokun ümumi qələbəsi üçün bu kifayət etmədi. Əmək Partiyası qalib gəldi və ölkəni yenə onlar idarə edəcək. Halbuki küçədə, mediada, ictimai debatlarda bu hökumətə qarşı ciddi narazılıq hiss olunurdu. Xarici siyasətdə Norveç son illərdə iki əsas istiqamətdə diqqət çəkib: Avropanın enerji təhlükəsizliyində önəmli oyunçuya çevrilib və Ukraynaya dəstəkdə ardıcıl xətt izləyib. İndi isə daxildə siyasi balans daha çox kompromis tələb edir – sol qanad beynəlxalq öhdəlikləri ön plana çıxarır, sağ qanad isə iqtisadiyyat və enerji maraqlarını müdafiə edir.

– Seçkilərin keçirildiyi mühitdə qlobal böhranlar (enerji, təhlükəsizlik, iqlim və s.) Norveçin daxili siyasətinə və seçicilərin seçimlərinə hansı dərəcədə təsir etdi? Cəmiyyətin xarici siyasətdə rolu və gözləntiləri necə dəyişdi?

– Son illər Avropa üçün ən ağrılı mövzular enerji və təhlükəsizlikdir. Bu, Norveç seçkilərində də əsas xətt oldu. Bir tərəfdən qaz ixracı məsələsi gündəmin mərkəzinə çevrildi, digər tərəfdən iqlim hərəkatları küçələrdə etirazlarla hökuməti sıxışdırdı. Üstəlik, Ukrayna müharibəsi və NATO öhdəlikləri seçicilərin seçimlərinə birbaşa təsir göstərdi. Ən maraqlısı isə odur ki, Norveç cəmiyyəti artıq hökumətdən yalnız sabitlik və rifah yox, həm də etik prinsiplərə sadiq siyasət gözləyir. Yəni seçici hökumətdən həm çörək istəyir, həm də vicdan.

– Norveçin Azərbaycan və ümumilikdə Cənubi Qafqaz ilə münasibətlərini Avropanın enerji təhlükəsizliyi və regional sülh axtarışları baxımından necə dəyərləndirirsiniz? Bu münasibətlərdə keçmişin mirası ilə bugünkü strateji prioritetlər arasında necə bir tarazlıq qurulur?

– Azərbaycan Norveç üçün sıradan tərəfdaş deyil. Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu getdikcə böyüyür və Norveç bu prosesdə vacib körpü rolunu oynaya bilər. Qaz, bərpa olunan enerji, yeni texnologiyalar – bunlar qarşıdakı illərin əsas mövzularıdır. Amma təkcə enerji deyil, Norveç bölgədə sülh təşəbbüslərinə dəstək verməklə də fərq yarada bilər. Keçmişdə formalaşan etimad bu gün iqtisadi və strateji prioritetlərlə tamamlanır. Məncə, məhz bu balans gələcək əməkdaşlığın açarı olacaq.

Yenicag.az

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa