NATO-nun 5-ci maddəsi GÜNDƏMDƏ: Polşa-Rusiya gərginliyi BÖYÜYÜR
“Polşa NATO-nun ön cəbhəsi vəziyyətinə düşüb”.
Bunu Yenicag.az-a açıqlamasında Türkiyəli siyasi ekspert Güngör Yavuzaslan deyib.
O, NATO ölkəsi olan Polşanın Rusiya tərəfindən hava məkanının pozulmasının mümkün nəticələrini şərh edib.
Ekspert bildirib ki, Rusiyanın Polşa hava məkanını pozması əslində NATO hava məkanının pozulması deməkdir:
“Bildiyiniz kimi Polşa, NATO-nun nizamnaməsinin 5-ci maddəsinin tətbiqini tələb edib. Yəni hər hansı NATO ölkəsinə yaranan təhlükəyə qarşı ümumilikdə alyansın bütün üzvləri hərəkət keçməlidir. Yaranan mənzərə yeni təhlükəsizlik məsələsindən xəbər verir. NATO müəyyən tədbirlər görəcək. Lakin Polşa ilə Rusiya arasında birbaşa isti qarşıdurma gözlənilmir. Amma həmin pilotsuz uçuş aparatlarının 500 km içəriyə qədər girməsi Polşa və NATO üçün ciddi təhlükəsizlik məsələsidir. Qısacası, Rus sistemləri orada NATO sistemlərini sınaqdan keçirdi. Çünki Polşa sürətlə silahlanır”.
Onun sözlərinə görə, hazırda Ukraynada davam edən müharibə səbəbindən Polşa NATO-nun ön cəbhəsi vəziyyətinə düşüb:
“Onsuz da NATO ölkələrində təhlükə qavrayışı Ukrayna müharibəsinin başlanmasından bəri ən yüksək səviyyədədir. Rusiyanın Polşaya qarşı bu cür təxribatları davam etdirəcəyi istisna olunmur. Unutmayaq ki, Ukraynaya çox yaxın ərazilərdə yerləşən Polşa bölgələri hücum riski altındadır. NATO isə buna cavab olaraq təlimlərə başlayacaq. Artıq F-35 qırıcılarının havaya qalxdığını gördük”.
“Bu hadisə geosiyasi balansda əsaslı dəyişikliklərə gətirib çıxaramayacaq. Çünki Ukrayna müharibəsi ilə birlikdə geosiyasi balans onsuz da dəyişib. Yeni ciddi parçalanmalar və ya yeni güc mərkəzlərinin yaranması gözlənilmir. Avropa özünü ciddi təhlükə altında hiss edir. Polşaya qarşı edilən təxribat bunun ən bariz göstəricisidir”, – deyə o, fikirlərini yekunlaşdırıb.
Nəsimi Ələsgərli