Rusiyanın əmək bazarındakı BÖYÜK BÖHRAN: Kremlin miqrant siyasəti necə bumeranqa çevrildi?
“İndi azərbaycanlılar və digər mərkəzi asiyalılar Rusiyadan uzaqlaşaraq Polşaya, ərəb ölkələrinə, Türkiyəyə və başqa məkanlara üz tuturlar”.
Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
O, artıq turizm və bir çox sahədə geriləyən Rusiyanın miqrantlara qarşı göstərdiyi sərt münasibətin Kremlə mümkün nəticələrindən danışıb.
Deputat bildirib ki, son zamanlar Rusiyanın miqrantlarla bağlı siyasəti olduqca sərtləşib.
“Bu sərtləşmə nəticə etibarilə Rusiya iqtisadiyyatı üçün yaxşı heç nə vəd etmir. Çünki miqrantların böyük qismi Rusiyada elə sahələrdə çalışırlar ki, həmin sahələrdə yerli əhali, yəni ruslar işləmək istəmir. Onlar ağır, səhər tezdən durub soyuqda, çətin şəraitdə işləməyi tələb edən sahələrdə işləməyə maraq göstərmirlər. Deməli, miqrantlara qarşı təzyiq siyasəti, əslində, Rusiyanın zəifləməsinin göstəricisidir”.
Onun sözlərinə görə, eyni zamanda ruslar bu boşluğu doldurmaq üçün Əfqanıstandan və ya Şimali Koreyadan yeni işçi qüvvəsi gətirməyə çalışırlar:
“Lakin Qafqazdan, Mərkəzi Asiyadan və digər regionlardan gələn miqrantları bu ölkələrdən gələnlərlə əvəzləmək çox çətindir. Çünki onlar nə rus mentalitetini, nə də həyat tərzini bilirlər. Məsələn, tipik bir özbək və ya azərbaycanlını tipik bir əfqanla əvəzləmək iqtisadi və sosial baxımdan çətin və ziyanlıdır. Əksinə, Rusiyanın daxilində ciddi problemlərə yol aça bilər”.
Onun sözlərinə görə, Rusiya yaxın gələcəkdə miqrasiya siyasətində ciddi dəyişikliklər etməlidir:
“Çünki bu siyasət bumeranq effekti yaradır. Artıq görürük ki, həm əmək bazarında problemlər dərinləşir, həm də Rusiya müəyyən sahələrdə işçi qüvvəsi çatışmazlığı ilə üzləşir. Digər tərəfdən, miqrasiya boş qalmır. İndi azərbaycanlılar və digər mərkəzi asiyalılar Rusiyadan uzaqlaşaraq Polşaya, ərəb ölkələrinə, Türkiyəyə və başqa məkanlara üz tuturlar. Belə vəziyyətdə onlar həmin ölkələrin əmək bazarlarını dolduracaq və Rusiya itkilərlə üzləşəcək. Bunun ağır nəticələrini isə məhz Rusiya özü yaşayacaq”.
“Eyni zamanda həmin siyasət turizmə də mənfi təsir göstərir. Məsələn, Çin inkişafının səbəblərindən birini daxili və xarici turizmin güclənməsində görür. Orada hər il yüz milyonlarla insan ölkə daxilində və xaricdə səyahət edir. Amma Rusiya əksinə, təhlükəli ölkə imici qazanır. Turistlər buraya gələndə ya milliyyətlərinə görə təzyiqlə üzləşirlər, ya deportasiya olunurlar, ya da məcburən müharibəyə göndərilirlər. Belə olan halda hansı turistin Rusiyaya gəlmək həvəsi ola bilər? Bir sözlə, Rusiyanın miqrasiya siyasətinin dəyişməsi artıq labüd prosesdir”, – deyə o, fikirlərini tamamlayıb.
Nəsimi Ələsgərli