“Co Baydenlə Donald Trampın debatı ABŞ-nin beynəlxalq və daxili siyasətdə üzləşdiyi problemləri kateqoriyalaşdırmağa imkan verir”.
Bu sözləri Yenicag.az-a politoloq Aqşin Kərimov deyib.
O, cari ilin sonunda ABŞ-də keçiriləcək prezident seçkiləri öncəsi Co Bayden və Donald Tramp arasında baş tutan ilk debatdan barəsində fikirlərini bölüşüb.
Siyasi təhlilçinin sözlərinə görə, Tramp da, Bayden də ABŞ-nin strateji maraqları naminə tezislərini irəli sürür, amma onların metodologiya və Vaşinqtonun qlobal gücünü saxlamaq üçün düsturları fərqlidir:
“Tramp üç məsələdə Baydenə və ABŞ-nin ənəvi beynəlxalq siyasətinə meydan oxuyur. Birincisi, Tramp NATO-nun kollektiv maraqlarını çıxdaş edərək “NATO-suz ABŞ” fikirlərini ard-arda tirajlayır. Bu, Rusiya-Ukrayna müharibəsinin müşayiətində daha sərt şəkildə görünməkdədir.
İkincisi, Tramp Bayden kimi iqlim dəyişikliyi mövzusuna qarşıdır və ABŞ-nin iqlim dəyişikliyi ilə mübarizə səylərini baltalamağı hədəf seçir.
Üçüncüsü isə Tramp ABŞ-nin demokratik ideallar və prinsiplərlə genişlənməsini doğru saymır və xarici siyasətə yeni nəfəs gətirməyə çalışır. Tramp bunu ABŞ-nin təkbaşına ən qüdrətli güc olması üçün yol kimi görməkdədir, Bayden isə Avropadakı müttəfiqlər olmadan bunun mümkünlüyünə inanmır”.
“Bu qeyd etdiklərim Baydenlə Trampın siyasi dünyagörüşünü fərqləndirən cəhətlərdir və debat əsnasında da konseptual istiqamətlərdə bunlar göstərildi. Debatın ABŞ seçicisinin gözündə yaratdığı qənaətə gəlincə, burada CNN-nin keçirdiyi sorğuya baxmaq lazımdır. Sorğu seçici kimi qeydiyyatdan keçmiş debatı izləyənlərdən 565 nəfər arasında keçirilib.
CNN-dəki prezidentlik uğrunda debatı izləyənlər Trampın Baydeni üstələdiyini düşünür. Onların əksəriyyəti Baydenin ölkəyə rəhbərlik etmək qabiliyyətinə əsla inamının olmadığını söyləyir. Proqnoza gəlincə, tələsmək lazım deyil, lakin sürpriz bir proses ortaya çıxmasa, Trampın qalib gələcəyi ehtimalı hələlik yüksək qiymətləndirilə bilər”, – deyə o qənaətini bölüşüb.
Rafi Müslümov
www.yenicag.az