Deputat Fazil Mustafadan REAKSİYA: "Məni hədəf alan terrorçular məhkəmədə Sərdar Cəlaloğlunun ifadələrinə istinad edirdi"

media-hightechnic-468x90

“Mənə qarşı terror törədənlər məhkəmələrdə Sərdar Cəlaloğlunun haqqında işlətdiyi ifadələrə istinad edirdilər”

media-banner_tuq

Bu sözləri Milli Məclisin deputatı Fazil Mustafa bildirib.

Deputat sosial şəbəkə hesabında yazdığı yazıda Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunu sərt tənqid edib.

Deputat, həmkarı Milli Məclisin sədri Sahibə Qafarovanı tənqid etdiyi üçün partiya sədrinin ünvanına sərt ifadələr işlədib:

“Bu gün isə Milli Məclisin sədri Sahibə xanım Qafarova haqqında Sərdar Cəlaloğlunun bir ay öncə verdiyi video-müsahibədə və bu çıxışın “TikTok” sosial şəbəkəsindəki kəsintisində səsləndirdiyi fikirlər qarşıma çıxanda qətiyyən təəccüblənmədim. Peşəkar böhtançının bu dəfəki hədəfi yalnız ali dövlət vəzifəsində çalışan bir siyasətçi deyil, həm də elm xadimi olan ziyalı bir Azərbaycan xanımı idi. Sərdar Cəlaloğlu bildirirdi ki, Sahibə xanım Qafarovanın sədr seçilməzdən öncə Bakı Slavyan Universitetində prorektor olaraq çalışdığına görə Rusiyanın maraqlarına xidmət etdiyi qənaətindədir. O, həmçinin Slavyan Universitetini Rusiyanın maraqlarını açıq şəkildə müdafiə edən bir mərkəz kimi xarakterizə edib və həmin ali təhsil ocağından olan bir şəxsin Milli Məclisə sədr seçilməsini narahatlıq doğuran məsələ olduğunu vurğulayıb. Burada söhbət sadəcə böhtandan getmir, uzun illər siyasi həyatda olan və az-çox kitab mütaliəsi ilə seçilən bir siyasətçinin axtarıb tapdığı bu qədər bəsit, səfeh bir arqumentdən gedir. Maraqlıdır ki, bu təhsil müəssisəsində çalışmazdan öncə Sahibə xanım Qafarova paytaxtımızda yerləşən Qərb Universitetində prorektor vəzifəsində olub.”

Deputat, partiya sədrinin universitet üzərindən “rusiyaçı” dəyərləndirməsini qəti şəkildə pisləyib:

“Bu ağılla Sərdar Cəlaloğlu gərək söyləyəydi ki, öncə Qərbə bağlı olub, sonra Rusiyaya yönəlib. Demək ki, bu böhtançının düşüncəsinə görə Bakı Slavyan Universiteti Rusiyanın “arxa bağçası” imiş və orada kim çalışmışsa, oxumuşsa dolayı yolla Rusiyaya xidmət etmişdir. O halda Azərbaycan Dillər Universiteti hansı statusda boor? ABŞ imperializminə, yaxud alman ideologiyasına, Fransa mədəniyyətinə xidmət edənlərin məkanımı? Yaxud mənim kimi on minlərlə insanın məzunu olduğu Bakı Dövlət Universiteti vaxtilə Kirov adına Azərbaycan Dövlət Universiteti adlanırdı, bu məntiqsizliyə görə bəlkə bizlər də oraya Kirova, dolayı yolla Sovet Rusiyasına olan gizli rəğbətimizə görə daxil olmuşuq? Bəs Sərdar Cəlaloğlunun illər öncə məzunu olduğu Tibb Universiteti necə? Dünya orqan köçürmə mafiyasına mütəxəssis yetişdirən bir məkan olmasın ha… Sahibə xanımın özkeçmişi ilə tanış olan hər bir vicdanlı insan təsdiq edər ki, o, dürüst və obyektiv bir ziyalı xanım olmaqla yanaşı, öz ixtisası üzrə ən savadlı alimlərdən biridir. Parlamentə sədr seçiləndən sonra bütün beynəlxalq platformalarda Azərbaycanı yüksək intellektual qabiliyyəti ilə layiqincə təmsil edir. İndi hansısa axmaq çıxıb söyləsə ki, rus dilində bu cür mükəmməl səviyyədə danışırsa, demək Rusiyaya yaxındır, ingilis dilində öz ana dili səviyyəsində çıxış edirsə, görüşlər keçirirsə, beynəlxalq təşkilatların tədbirlərinə sədrlik edirsə o halda ABŞ-a və ya Avropa Birliyinə yaxındır, bu iddiaları ciddi qəbul edənlərin ağlından şübhə etməzsinizmi? Dəfələrlə bu cür şəxslərin böhtanlarına məruz qalmış və anında alın açıqlığıyla cavablarını vermiş bir siyasətçi kimi burada təəssüfləndiyim bir məqam da var. Tez-tez söyləyirik ki, Azərbaycanda qadınların siyasi həyatda, dövlət vəzifələrində sayı azdır, yaxud da rolları aşağıdır. Ardınca da biriləri utanmadan, çəkinmədən açıq-aşkar böhtan olduğunu bildiyi halda ölkəni layiqincə təmsil edən bir siyasətçi xanıma qarşı bu cür qarayaxmaya baş vurursa, bu hallar bəri başdan xanımlarımızın siyasi aktivliyini, cəsarətini əngəlləyən amilə çevrilir. Kiminsə siyasi platformasını, baxışlarını qəbul etməmək normal bir təzahürdür, ancaq yüzlərlə müəllimin çalışdığı, tələbənin təhsil aldığı hansısa bir təhsil ocağını töhmət altında buraxmaq qətiyyən əxlaqlı davranış sayıla bilməz.”

Sonda F. Mustafa ona qarşı törədilmiş xain terror hadisəsinə görə həbs edilən terroristlərin məhkəmələrdə S. Cəlaloğlunun özünə qarşı işlətdiyi ifadələrdən sitatlar gətirdiklərini vurğulayıb:

“Uzun illər öncəyə dayanan normal insani münasibətləri nəzərə alaraq bir çox hallarda atdığı böhtanlara əhəmiyyət verməsəm də, İrançı şəbəkənin ruporlarından birinə çevrildiyi məqamlarda onun görüşlərinə qarşı dəfələrlə sərt açıqlamalarla çıxış etmişəm. Maraqlıdır ki, şəxsimə qarşı məzhəb faşistlərinin törətdiyi terror hadisəsi ilə bağlı keçirilən məhkəmə prosesində terrorçular müdafiə üçün əsas arqumentlərdən biri kimi Sərdar Cəlaloğlunun şəxsimə atdığı böhtanlara baş vururdular. Bu barədə “Cəhalət gülləsi, aydınlıq çiləsi” adlı kitabımda da ətraflı bəhs etmişəm. “

Qeyd edək ki, Milli Məclisin sədri Sahibə Qafarova 2004–2020-ci illərdə Bakı Slavyan Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektor vəzifəsində (2010–2020-ci illərdə ictimai əsaslarla) işləyib.

Qarşı tərəfin məsələyə münasibətini dərc edəcəyik.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05