ABŞ-nin əczaçılıq siyasəti Almaniya bazarına yeni dərmanların çıxışını bloklaya bilər
Bir neçə beynəlxalq əczaçılıq şirkətinin rəhbərləri bəyan ediblər ki, ABŞ-nin dəyişən əczaçılıq siyasəti yeni dərmanların Almaniya bazarına operativ şəkildə çıxmasına imkan verməyəcək.
Yenicag.az xəbər verir ki, bunu İsveçrə konserni “Roche”un Almaniya filialının rəhbəri Hagen Pfundner “Die Zeit” qəzetinə bildirib. O əlavə edib: “Vəziyyət daha da gərginləşəcək, çünki bir çox şirkətlər ehtiyatla davranır və yeni məhsulların bazara çıxarılmasını təxirə salmağa məcbur olurlar”.
Eyni mövqeni “Bayer” şirkətinin baş lobbiçisi Mattias Berninger də ifadə edib: “Bu boş hədələr deyil, bu artıq reallıqdır”, – deyə qəzet onun sözlərini çatdırıb. “Avropa hazırda elə bir mərhələdədir ki, nəticədə yeni preparatlar demək olar ki, qeydiyyatdan keçməyəcək”.
Bu vəziyyətin səbəbi ABŞ prezidenti Donald Trampın siyasəti olub. O, iri əczaçılıq konsernlərini yeni dərmanlarını ABŞ-da bir sıra Qərb ölkələrindən – o cümlədən Almaniyadan daha yüksək qiymətlərlə satmağı dayandırmağa məcbur edib. Nəticədə konsernlər sadəcə həmin dövlətlərin bazarlarına preparatlarını çıxarmağı dayandırırlar. Bunun nəticəsində Almaniya bazarına daxil olan yeni dərmanların sayı artıq yarıdan çox azalıb.













