ABŞ Oman danışıqlarından sonra İrana hansı mesajları göndərib?
Oman rəsmiləri dolayı danışıqların ilk raundu başa çatdıqdan sonra ABŞ-dən gələn bir neçə mesajı İran tərəfinə ötürüblər.
Yenicag.az xəbər verir ki, bu barədə İran Milli Təhlükəsizlik Ali Şurasının katibi Əli Laricani məlumat verib.
İran dövlət televiziyasının efirində Oman və Qətərə etdiyi səfərlərdən sonra danışan Laricani deyib: “Biz amerikalılara məktub göndərməmişik, lakin omanlı dostlarımız ABŞ-dən gələn bəzi mesajları bizə çatdırıblar və biz onları Tehranda araşdıracağıq”.
Fevralın 6-da Omanda İran və ABŞ arasında nüvə proqramı ətrafındakı böhranın nizamlanması məsələsi üzrə danışıqların yeni mərhələsi keçirilib. İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçi, ABŞ nümayəndə heyətinə isə prezidentin xüsusi elçisi Stiv Uitkoff rəhbərlik edib.













