ABŞ senatoru: "Bakı ilə İrəvan arasında sülh Mərkəzi Asiya üçün vacibdir"
Ermənistanla Azərbaycan arasında sülh sazişi Mərkəzi Asiya üçün mühüm geosiyasi əhəmiyyətə malikdir.
Yenicag.az xəbər verir ki, bunu ABŞ Senatının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə Montana ştatından olan respublikaçı senator Stiv Dayns deyib.
Onun sözlərinə görə, ABŞ-nin əleyhdarları Vaşinqtonun Mərkəzi Asiya ölkələri ilə gücləndirilmiş qarşılıqlı əlaqəsinə xələl gətirir.
“Prezident Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistan arasında imzalanmış sıçrayışlı sülh sazişinin Mərkəzi Asiya üçün mühüm geosiyasi təsirləri var”, – siyasətçi bildirib.
Dayns ABŞ-nin real sərmayələri və daha sıx əməkdaşlığı nəzərə alaraq “əvvəlki administrasiyanın səhifəsini çevirdiyi” məsələsinə toxunub. O, həmçinin qeyd edib ki, ABŞ ilə Mərkəzi Asiya ölkələri arasında möhkəm münasibətlərin qurulması Amerikanın milli təhlükəsizliyi üçün çox vacibdir./Report/