"Abubakarın necə oyun sərgilədiyini "Qarabağ"la matçda görəcəyik" - Tərlan Əhmədov
“Neftçi”nin yeni transferi Vensan Abubakarın necə oyun sərgilədiyini liderlər qrupunda qərarlaşan komandalarla matçda görəcəyik”.
Bu fikirləri Azərbaycan milli komandasının sabiq futbolçusu Tərlan Əhmədov noyabrın 9-da keçiriləcək “Qarabağ” – “Neftçi” oyunu ilə bağlı proqnozlarını Yenicag.az-la bölüşərkən deyib.

Mütəxəssis “Qarabağ”ın “Çelsi” ilə oyundan sonra daha da həvəsli ola biləcəyini qeyd edib:
“Amma komanda yorğun da ola bilər. Buna görə heyətdə müəyyən dəyişikliklər görə bilərik. Düzdür, son zamanlar “Neftçi”də də müəyyən canlanma hiss olunur. Komandanın hücum xəttində rəqabət var. Rəqabət olduğu yerdə isə məsuliyyət olur. Geridə qalan oyunlarda Abubakar fərqlənməyi bacarıb. Lakin bir hücumçunun necə olduğunu daha güclü müdafiəçilərə qarşı sərgilədiyi oyundan sonra demək olar. “Ağ-qaralar” hələ liderlər qrupunda qərarlaşan komandalarla qarşılaşmayıb. Bundan başqa, sözügedən futbolçu “Neftçi”yə gələnə qədər komanda ilə məşq etməyib. Onun funksional hazırlığı aşağıdır. Qol duyumu var, mövqe seçə bilir, amma bunu “Qarabağ”a qarşı edə biləcək, ya yox, onu matç zamanı görəcəyik. Futbol hazırda elə bir səviyyəyə çatıb ki, funksional hazırlıq olmasa, ciddi nəsə əldə etmək mümkün deyil. Amma düşünürəm ki, “Qarabağ” – “Neftçi” qarşılaşması olduqca maraqlı keçəcək. Hər iki komandanın azarkeşləri qələbə istəyir”.
Məlik Məlikov












