!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

AFFA-dakı işverən… -Subyektiv

!Reklam – Yazi

Mənə görə, Elxan Məmmədov AFFA-nın baş katibi yox, işədüzəltmə mərkəzinin rəhbəridir. Amma Məmmədov digərlərindən daha insafsızdır. Digər işverənlər işçinin çalışdığı ilk ayının maaşının 50 faizinə talibdirsə, Elxan bəy “raşşotunu” illik götürür. Hər halda Qurban Qurbanov kimi məşqçinin ardınca millimizin Nikola Yurçeviçə tapşırılmasının başqa səbəbi, adı ola bilməz.

“Nikola Yurçeviç kimdir” sualı ətrafında internetdə axtarış edəndə elə də gözqamaşdıran nəticələrə rast gəlmək mümkün deyil. Xorvatiyalı daha çox Slaven Biliçin kölgəsində fırlanıb. 16 illik məşqçi karyerasının 11 ilini Biliçin yanında köməkçi kimi keçirib. Bundan sonra da Elxan Məmmədovun köməkçisi olacaq.

Yurçeviç tez-tez mənasız təlim-məşq toplanışları keçirməkdə, bununla da Azərbaycan Premyer Liqasının təqviminin anasını ağlatmaqda, neft pullarından AFFA-ya ayrılan milyonları dağıtmaqda onu işə düzəldən şəxsə yardım edəcək.

Düzü, çoxları kimi, mən də Qurban Qurbanovdan sonra millinin “sükanı arxası”na daha samballı bir məşqçinin gətiriləcəyini gözləyirdim. Amma sən saydığını say, gör Elxan Məmmədov nə sayır. Əslində, futbol aləmində ciddi uğuru olmayan Yurçeviçin maaşından tutacağı faizlərdən başqa sayacağı bir şey də yoxdur.

Beləcə, Elxan Məmmədov xorvatiyalının sayəsində balalarını dolandıracaq, Azərbaycan futbolu daha da geriyə gedəcək. Zatən, ciddi bir inkişaf, irəliləyiş də gözləyən yoxdur. Aydın məsələdir ki, Yurçeviç xüsusi bir istedada və ya sehirli çubuğa sahib deyil. Olsa belə, sehirli çubuğunu işə salaraq “Xəzər Lənkəran”ı, “Bakı”nı geri qaytara, “Kəpəz”i, “Şəmkir”, “Turan”ı dirçəldə bilməz. Onun qaytaracağı yeganə şey varsa, o da bir müddət sonra Xorvatiyaya yola düşəndə çemodanı olacaq.

Təbii ki, çemodanında təkcə şalvar, köynək yox, həm də AFFA-dan aldığı təzminat olacaq. Və beləcə AFFA yenidən baş məşqçi axtarışlarına başlayacaq. Proses belə də davam edəcək. Ta ki, Rövnəq Abdullayevlə Elxan Məmmədov tutduqları postdan istefa verməyənədək…

Emin Səfərov

P.S. Elxan Məmmədovun işədüzəltmə mərkəzi milliyə baş məşqçi təyin etməklə yanaşı, klublara prezident də tapır. Kamran Quliyevi “Neftçi”yə, Riad Rəfiyevi “Sumqayıt”a…

www.yenicag.az

3703
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv