!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Amilinin əlində yellətdiyi “QUYRUQ”: Bu ayətullah bizi nə ilə təhdid edir? - Araz Zeynalov yazır

!Reklam – Yazi

Azərbaycanın müstəqilliyini bərpa etdiyi son 30 ildə ən yayğın ifadələrdən biri budur: “Qonşu sarıdan bəxtimiz gətirməyib”.

Razılaşmamaq olmur. Şimalda ayı pəncəsini Qafqazın üzərində oynadan Rusiya, cənubda hər fürsətdə fitnə çıxaran İran, qərbdə üstümüzə qısqırdılan Ermənistan, şimal-qərbdə isə çörəyi dizinin üstündə olan Gürcüstan…

Doğrudan da, coğrafiya bir qismətdir. Amma bu qisməti əcdadlarımızın arzuedilməz mirası da adlandıra bilərik. Çünki adlarını çəkdiyim bu dövlətlər bir zamanlar ya tamamilə, ya da qismən Azərbaycanın tarixi torpaqları olub, Səfəvi, Əfşar və Qacar imperiyalarının tərkibinə daxil ediliblər.

Yenə də tarixə nəzər saldıqda, Rusiya ilə Ermənistanın Azərbaycana yönəlik düşmənçiliyini başa düşmək olur. Eyni zamanda, minilliklər ərzində böyük imperiyaların ayaqaltısına çevrilmiş Gürcüstanı da haradasa anlamaq mümkündür.

Bəs İran? Son min ildə indiki İranın yerləşdiyi coğrafiyada türklər istisnasız hakimi-mütləq olublar. Dövləti bir-birilərini əvəzləyən türk sülalələri idarə edib. Başqa sözlə, dövlət ideologiyasını fars şovinizmi təşkil edən indiki İran məhz türklərin cənubdakı mollalara tarixi hədiyyəsidir.

Amma İran belə bir tarixi gerçəyi özünün bu günü və gələcəyi üçün təhdid kimi görməkdədir. Ona görə də, harada bir türk düşməni varsa, onun yanında yer alır. İranın 1991-ci ildən sonra işğalçı Ermənistanın əsas nəfəsliyinə çevrildiyini bilməyən yoxdur. Birinci Qarabağ müharibəsində Azərbaycanın aldığı ən böyük zərbələrdən biri olan Şuşanın işğalı da İranın olmayan vicdanına yazılıb.

Ermənistana hərtərəfli dəstəyini əsirgəməyən İran Azərbaycana qarşı həyasız təhdidlərinə o vaxtlar da ara vermirdi. İranın Xəzərdə qazma-kəşfiyyat işləri aparan Azərbaycan gəmilərinə davamlı hücumlarını hamı xatırlayır. Bu məqama aşağıda toxunacağıq.

Azərbaycanın 44 günlük müharibədə qazandağı böyük zəfər Ermənistandan çox İranda matəm ovqatı yaradıb. Fars-molla rejimi Azərbaycanın işğalı faktını əriyən qar kimi kürüməsindən, 27 il nəzarətsiz qalmış sərhədlərini bərpa etməsindən çox sarsılıb. Bu sarsıntı o qədər güclüdür ki, İran Ermənistanın və Qarabağdakı separatçıların ayağa qalxmalarında Rusiya qədər canfəşanlıq edir. İranın yük maşınlarının Ermənistana, oradan da Qarabağa uzanan karvanının ardı-arası kəsilmirdi.

Bu özbaşınalıq təbii ki, çox çəkə bilməzdi. Azərbaycan da gərəkəni edərək, Ermənistana fasiləsiz yük daşıyan və yolüsütü bizim ərazilərimizdən keçən İran maşınlarını rəsmi rüsuma oturtdu. İndi İran maşınları Azərbaycan polisi ilə gömrüyünün yoxlamasından keçmək məcburiyyətindədir. Tam normal, qanuni prosedur…

Lakin İranda bunu anladıqları tərzdə qiymətləndiriblər. İranın şovinist mediası, siyasətçiləri Azərbaycanı arsızcasına “yolkəsən”likdə suçlayırlar.

Bu arada İranın ali dini lideri Xameneyinin nümayəndəsi, Ərdəbilin imamcüməsi ayətullah Seyid Həsən Amili Azərbaycana təhdid püskürmək cəsarəti göstərib. Nə imiş? Bizə “şirin quyruğu ilə oynamamağı” tövsiyə edib.

Vallah, gülməlidir. Əvvəla, Amilinin nəzərdə tutduğu o “şir”i türklər əsrdən-əsrə daşıyaraq günümüzə gətiriblər. İkincisi isə, həmin “şir”in indi nə kökdə olduğu göz qabağındadır. Onunla kimi qorxutmaq olar?

Yuxarıda toxunduğum məqama qayıdıram. İranın Xəzərdəki gəmilərimizə müntəzəm hücumları necə dayandırıldı? 2001-ci ilin yayında “Türk Şahinləri”nin Bakı səmasındakı yüksək pilotaj göstərisindən sonra İran gəmiləri öz limanlarına, yəni qınlarına çəkildilər.

“Şir”in indiki halına gəldikdə, İran 40 ildir, beynəlxalq təcrid vəziyyətində, çəmbərdədir. Nüvə proqramının həyata keçirildiyi “gizli” obyektlərdə ardıcıl partlayışlar törədilir. İranın nüvə proqramının əsas simalarından sayılan Möhsün Fəxrizadə ötən ilin noyabrında Tehranda, küçənin ortasında, öz avtomobilində sui-qəsdlə öldürüldü. Məsud Əliməhəmmədi də eynilə Fəxrizadənin aqibətini yaşadı. Hələ Qasım Süleymani… “Qüds” korpusunun komandanı MOSSAD-ın planladığı əməliyyatda bir dəqiq raket zərbəsi ilə məhv edildi. Siyahını bir az da uzatmaq olar, amma ehtiyac yoxdur.

Yaxşı, bu qədər mühüm şəxs aradan götürüldüyündə, Amilinin o “şir”i quyruğunu qısıb harada gizlənmişdi? İndi bizi o “şir”ləmi təhdid edirlər? Güldürməyin!

Bacarırsınızsa, gedin, “quyruğunuzu” qapı arasından çıxarın, sonra gəlin. Biz yerimizdəyik…

www.yenicag.az

4423
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv