"Qarabağ"ın futbolçusu bu hərəkətinə görə TARİXƏ DÜŞDÜ
Ötən gecə UEFA Çempionlar Liqasının (ÇL) əsas mərhələsində İspaniyada “Atletik” və “Qarabağ” komandaları arasında keçirilən III tur oyunu (3:1) bir sıra maraqlı statistik göstəricilərlə yadda qalıb.
Yenicag.az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi saytına istinadla xəbər verir ki, Bilbao təmsilçisi tarixində ilk dəfə qitənin ən nüfuzlu klub turnirində hesabda geri düşdükdən sonra (0:1) məğlub olmayıb.
Ağdam təmsilçisinin futbolçusu Leandro Andrade 48-ci saniyədə fərqlənərək “Atletik”in ÇL tarixində buraxdığı ən erkən qolun müəllifi olub. Kabo-verdeli yarımmüdafiəçi bu göstərici ilə 1998/1999-cu illər mövsümündə 1 dəqiqə 25 saniyəyə ispaniyalıların qapısına yol tapan Norveçin “Rusenborq” klubunun oyunçusu Yan Sorenseni geridə qoyub.
Maraqlısı odur ki, Çempionlar Liqasında ilk dəqiqədə fərqlənən son 14 komandadan yalnız 4-ü qarşılaşmanı qələbə ilə başa vurub. “Atletik” bu turnirdə matçın ilk dəqiqəsində qol buraxıb qələbə qazanan ilk İspaniya klubu kimi tarixə düşüb.
La Liqa təmsilçisi “Qarabağ”la oyunadək Çempionlar Liqasında uzaq məsafədən qol vurmamışdı. Dünənki qarşılaşmada isə Bilbao təmsilçisinin hər üç qolu uzaq məsafədən reallaşıb. Bir mövsümdə eyni görüşdə üç uzaq məsafəli qola imza atan digər komanda oktyabrın 21-də İtaliya nəhəngi “Napoli”ni 6:2 hesabı ilə məğlub edən Niderlandın PSV kollektivi olub. “Atletik”in heyətində qolların ikisini Qorka Quruseta vurub. Hücumçu zərbələri hər iki ayağı ilə (sağ və sol) yerinə yetirib. Buna bənzər uğuru sonuncu dəfə Lionel Messi 2019-cu ildə “Barselona” forması ilə İngiltərənin “Mançester Yunayted” komandasına qarşı göstərmişdi.
Quruseta avrokuboklarda bir qarşılaşmada 2 və ya daha çox qol vuran 4-cü “Atletik”li futbolçu olub. Ondan əvvəl bunu Xose Luis Artetxe (1956), Merodio (1956) və İqnasiо Uribe (1957) bacarıb.