!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ankarada Azərbaycan çay dəstgahı

!Reklam – Yazi

Hər şey Azərbaycanı xatırladır: yerə sərilmiş kilimlər, üzərində milli buta ornamentləri əks olunmuş masaüstü örtüklər, muğam üçlüyünün təsvir edildiyi rəsmlər, çaydanlar, stəkan və nəlbəkilər – ənənəvi Azərbaycan çay dəstgahı.

Sağ və sol tərəflərində Azərbaycan və Türkiyənin iri bayraqları qoyulmuş qapının üzərində ilk diqqəti cəlb edən Azercan Çay Evi yazısıdır.

İçəridə isə hər şey Azərbaycanı xatırladır: yerə sərilmiş kilimlər, üzərində milli buta ornamentləri əks olunmuş masaüstü örtüklər, muğam üçlüyünün təsvir edildiyi rəsmlər, çaydanlar, stəkan və nəlbəkilər – ənənəvi Azərbaycan çay dəstgahı da öz yerində. Masalar, oturacaqlar isə sanki Azərbaycan bayrağının rənglərinə bürünüb.

Sözügedən məkan Ankaranın Batıkent rayonundakı Heydər Əliyev parkının mərkəzində qərar tutub.

Azercan Çay Evinin qurucusu həm Azərbaycan Mədəniyyət Dərnəyinin rəhbəri, həm də Xəzər Universitetinin Türkiyə üzrə nümayəndəsi Hüseyn Ayhandır. Özünün dediyinə görə, parkın həm də texniki məsələlər üzrə məsləhətçisi olub və parkda Azərbaycan Mədəniyyət Dərnəyi nəzdində Çay Evi qurmaq qərarına gəlib.

Hazırda bu məkan həm Azərbaycan Mədəniyyət Dərnəyi, həm də Azercan Çay Evi kimi fəaliyyət göstərməkdədir.

Hüseyn Ayhan deyir ki, “Çay Evində həm Türkiyə, həm də Azərbaycan çayları təklif edilir. Çayı Azərbaycandan gətizdirir, ya da hər dəfə Bakıya səfər edərkən özüm gətirirəm. Qardaş ölkələr olsaq da, çaylarımız və çay süfrələrimiz arasında fərq var. Məsələn, Azərbaycan çayı xüsusi bir dəstgahla təqdim olunur ki, bu da Çay Evi müştərilərinin marağına səbəb olur”.

Qeyd edək ki, masaya gələn ənənəvi Azərbaycan çay dəstgahı belə olur: armudu stəkanlarda çay, üç növ mürəbbə, limon, ləbləbi, qənd, konfet.Maraqlandıqda isə bəlli olur ki, mürəbbələr də Azərbaycan ənənəvi mürəbbə reseptinə əsasən hazırlanıb.

Hüseyn Ayhan deyir: “Bakıya gedərkən kulinarlarla da tanış oldum və mürəbbələrin xüsusi reseptini aldım. Hazırda mürəbbələr ev şəraitində bu reseptlər əsasında hazırlanır. Türkiyədə də süfrələrə mürəbbə qoyulur, amma sadəcə “kahvaaltı” adlanan səhər yeməklərində. Azərbaycanda isə bu, çay dəstgahına daxil edilir.

Mən istəyirəm ki, qardaş ölkəmiz Azərbaycan adına təqdim etdiyimiz çay süfrəsi də mükəmməl olsun. Yəni buraya gələn hər bir azərbaycanlı qardaş və bacımız özünü öz vətənində hiss etsin. Yerli və xarici vətəndaşlar isə belə bir fərqli çay dəstgahı ilə tanış olsunlar. Necə deyərlər, biz burada kiçik Azərbaycan yaratmışıq”.

Maraqlı tədbirlər üçün gözəl seçim

 Salonun giriş tərəfində isə kitablarla dolu rəflər diqqət çəkir. Hüseyn bəy bu kitabları da Bakıdan gətirdiyini dedi. Azərbaycanın tarixi və mədəniyyətilə bağlı olan nəşrlər Azercan Çay Evinə gələnlərin marağına səbəb olur. Kitabları kafedə oxuyanlarla yanaşı, kitabxanaya abunə olanlar da az deyil. Yaxın gələcəkdə kitabxana daha da genişləndiriləcək, çünki oxucularının sayı artır.

Ankarada Heydər Əliyev Parkında yerləşən bu Çay Evində qonaq olmuş Azərbaycanlı Mehparə Sultanovanın söylədiyinə görə, “Burada nəinki yerli türkləri, həm də xarici qonaqlar gördüm. Bu, mənim üçün bir Azərbaycanlı kimi qürurvericidir. Mənzərə, mühit, xidmət çox zövqvericidir. Batıkentdə belə bir yerin ola biləcəyinə inanmazdım. Tanıdığım bütün dostlarıma tövsiyə edirəm. Buranın qurulmasında zəhmət çəkən hər kəsə və Ankaraya belə bir məkanı qazandıran Azərbaycan dövlətinə minnətdarlığımızı bildiririk”.

Azercan Çay Evi doğrudan da Ankaranın gözəl bir məkanında yerləşir. Heydər Əliyev parkı Ankaranın ən gözəl parkları sırasındadır. Parkın əhatə etdiyi təbii mənzərə Çay Evinə də müxtəlif tədbirlərin keçirilməsi üçün üstünlük qazandırır. Azərbaycan proqramlarında isə çay evinin işçiləri Azərbaycan milli geyimlərində olur.

Azercan Çay Evinin qurucusu, Azərbaycan Mədəniyyət Dərnəyinin rəhbəri və Xəzər Universitetinin Türkiyə üzrə nümayəndəsi Hüseyn Ayhan bunu da deyir ki, “Bura əsasən Azərbaycanlılar gəlir. Onlar buranı təkcə çay içmək üçün deyil, həm də bir vətən ab-havası hiss etmək üçün seçib- gəlirlər. Yayda biz açıq havada xidmət göstəririk. Təbiətin qoynunda oturaraq musiqinin müşayiətilə çay içmək hər kəsə zövq verir”.

Qeyd edək ki, Azercan Çay Evində Azərbaycanın milli bayramları, tarixi günlərilə yanaşı hüznlü hadisələri də yad edilir. (TRT)

 

Yeniçağ.Az

COP29

www.yenicag.az

4848
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv