“Gündəmin bilərəkdən dəyişdirilməsi, cəmiyyətin əsas məsələlərdən uzaq salınması dövlətin informasiya siyasətinin doğru qurulmamasının nəticəsidir”.
Bu fikirləri mühüm hadisələr fonunda ölkə gündəminin bir anda dəyişdirilməsi, təhsillə yanaşı, ailə dəyərlərinin də yox olma səviyyəsinə çatmasını şərh edən AĞ Partiya sədri Tural Abbaslı Yenicag.az-a açıqlamasında səsləndirib.
Tural Abbaslı bildirib ki, insanlarımız düşünülmüş formada əsas məsələlərdən yayındırılır:
“Cəmiyyətin apolitik olması, yəni siyasətdən düşünülərək, bilərək, kənarlaşdırılması, medianın siyasətdən uzaqlaşdırılması, ciddi məsələlərin gündəmə bilərək gətirilməməsi cəmiyyəti o qədər apolitik edir ki, adi bir məişət problemi ölkənin gündəmində yer tuta bilir.
Ərdoğan-İlham Əliyev görüşü, İlham Əliyev-Paşinyan görüşü, bu görüşlərdən sonra komissiyaların yaradılması, referendum, konstitusiyanın dəyişməsi məsələsi, Ermənistanın Azərbaycandan, Azərbaycanın Ermənistandan tələbləri və sair, bu məsələlər dövlətin ərazi bütövlüyü, suverenliyi ilə bağlıdır. Bundan daha vacib bir məsələ ola bilməz ki, cəmiyyətimiz buna fikir verməsin. İnsanlarımız düşünülmüş formada əsas məsələlərdən yayındırılır. Ona görə də hansısa sarı mediada ərlə arvadın dalaşması, hansısa kriminal hadisə, orta məktəb şagirdlərinin birinin birinə qarşı nalayiq hərəkəti gündəm ola bilir. Düşünürəm ki, bu, dövlətin informasiya siyasətinin doğru qurulmamasının nəticəsidir. Hadisələrə cəmiyyətdən adekvat reaksiya verilmir. Medianın işi cəmiyyəti məlumatlandırmaq və cəmiyyətin prosesdə bu və ya digər formada iştirakını təmin etməkdir.
Telekanalların proqram setkasına baxmaq lazımdır, ən reytinqli, “prime time” deyilən vaxta hansı verilişlər salınır və onların qiymətləri neçədir? Kimsə deyə bilər ki, bizim cəmiyyət ancaq şouya baxır. Elə deyil, cəmiyyəti necə öyrədərsənsə, hara yönləndirərsənsə, cəmiyyət də ora üz tutar.
Dövlətin informasiya təhlükəsizliyi konsepsiyası olmalıdır. Bu istiqamətdə konkret addımlar atılmalıdır”.
Ailələrin deqradasiyasına gəldikdə isə partiya sədri bunları deyib:
“Prezident Əliyev Türkiyədə çıxış edərkən dedi ki, bizim türk dünyasından başqa ailəmiz yoxdur. Onsuz da bizi başqa yerdə də gözləmirlər. Bu həm siyasi, həm iqtisadi, həm də mənəvi istiqamət olmalıdır. Demək ki, bizim dəyərlərimiz türk dünyasıdırsa, bizim ailə institutumuz da, sosial münasibətlər də bu istiqamətdə qurulmalıdır. Biz bunu təbliğ edirik? Deyə biləriki ki, şərq dəyərləri ilə yaşayan cəmiyyətik? Biz deyə bilərik, rus, Qərb, amerika dəyərləri ilə yaşayırıq? Yox! Onda sual olunur, bizim cəmiyyətin dəyər istiqaməti nədir? Bizim mənəvi dəyərlər topluluğumuz nədir? Şərqdi, Qərbdi, rusdu, Marsdı? Yoxdur heç biri. Dini dəyərlərlə yaşadığımızı da deyə bilmərik. Heç bir dəyərimiz yoxdur. Bu istiqamətdə konkret addım atılmayıb. Dövlət qurumları bu istiqamətdə addımlar atılmalıdır. Sabah o qızın saçını kəsən də, saçı kəsilən də ana olacaq. Onlar o təfəkkürlə uşaq böyüdəcək. Onlardan biz nə gözləyək? Ailənin özünə belə istiqamət vermək lazımdır”.
Səxavət Məmməd
www.yenicag.az