Siz heç Mustafa Səbri Əfəndini xatırlayırsınızmı? Adını eşitmisinizmi? Bilirsinizmi, Mustafa Səbri Əfəndi kimdir?
Nədənsə, “Amilinin quyruğu”na bizim rəsmi din adamlarımız səssiz qaldıqca Mustafa Səbri Əfəndini xatırlayıram.
Öncəliklə, bunu hər kəs bilməlidir ki, din adamlığı sadəcə Ramazan ayında udqunanda tüpürcəyin orucu batil edib-etmədiyini şərh etmək deyil…
Din adamlığı sadəcə tualetə hansı ayaqla gediləcəyini açıqlamaq da deyil.
Din adamlığı Quranı Alim muğam oxuyan kimi oxuyub, oxuduğuna əməl etməmək heç deyil.
Din adamı vətənin və xalqın ən ağır günündə onun yanında durmalı, ayaqlarının basdığı torpağın mənafeyini digər ölkələrə qarşı qorumalıdır. Necə ki, sevgili Peyğəmbərimiz “Hubbul vatan minel iman”, yəni, “Vətəni sevmək imandandır”, – deyə buyurub.
Bizə İslam dini buyurmurmu ki, bir müsəlman dinini, namusunu, canını və malını dövləti və vətəni ilə qoruyur. O dövlət və vətənə hücum etmək istəyən müsəlman dövlət belə olsa, ona qarşı öz vətənini qorumaq onun boynunun borcudur. Vətən, bayraq və dövlət anlayışını bizə islam dini aşılamadırmı? O zaman İranın hər şıltaqlığına susqun qalmaq, vətəndaşlığınızı boş verdik, dindarlığınıza sığırmı?
Təəssüf ki, dinin siyasətdən ayrı olması fikri Azərbaycanda o qədər yanlış şəkildə inkişaf edib ki, özünü rəsmi din adamı sayan şəxs seçkilər zamanı ondan istənmədiyi halda yaltaqlanıb, siyasətə qarışsa da, İranın Azərbaycana münasibəti, Ermənistana yardımı kimi həssas mövzularda, nədənsə, anti-sekulyarist olub münasibət bildirməkdən qaçır.
İndi səbirli oxucu anonsunu verdiyim Mustafa Səbri Əfəndinin kim olmasını yazmağımı gözləyir. Haqqı da var. Onu çox da intizarda saxlamayaq.
Mustafa Səbri Əfəndi Osmanlı Dövlətinin şeyxülislamlarından biridir. Bəlkə də başqa dönəm şeyxülislam olsaydı, adı bu qədər yadda qalmazdı. II Əbdülhəmidin taxtdan endirilməsi, “İttihadi-Tərəqqi”nin hakimiyyətə gəlib-getməsi, Birinci Dünya Müharibəsi, İstiqlal savaşı kimi qaynar bir dönəmdə şeyxülislamlıq etdi Mustafa Səbri Əfəndi.
Siz indi Mustafa Səbri Əfəndinin II Əbdülhəmiddən tərəf olub, İstiqlal Savaşında Mustafa Kamala dəstək verən qəhrəman bir din adamı obrazından yazacağımı düşünürsünüz. Tam əksinə, indiki dönəmdə belə bunun qədər vətən xaini bir din adamı yaşamayıb. Əbdülhəmidin taxtdan endirilməsini dəstəkləyib, sədrəzəm Mahmud Şövqü Paşaya sui-qəsdin sifarişçisi olub, Ənvər-Tələt Paşaların əleyhinə fəaliyyət göstərib, xəyanətkar ermənilərin Osmanlı torpağından sürgünü zamanı ölənlərə görə ehmalkarlığa yol vermək ittihamı ilə mühakimə olunan Boğazlıyan qaymaqamı Kamal bəyin edam fətvasını verib. Bitmədi…
İstiqlal savaşı zamanı Mustafa Kamal Paşa və qəhrəman əsgərlərinin edam fətvasını da bu Mustafa Səbri Əfəndi imzalayıb, Osmanlını işğal edən dövlətlər də bu fətvanı təyyarə ilə göydən xalqın üzərinə yağdıraraq İstiqlal savaşına dəstək olmaqdan çəkindirməyə çalışıblar.
“Padişahın tam tərs əmrinə rəğmən, işğalçılara qarşı dirənişə keçən millətçilərin öldürülmələri caiz olmaqla bərabər, hər bir müsəlmanın dini vəzifəsidir”.
Bu sözləri yazan bax bu şarlatan Mustafa Səbri Əfəndidir.
Türkiyə Cümhuriyyəti qurular-qurulmaz da, ingilislərin dəstəyi ilə Misirə qaçıb ömrünün sonuna qədər orada yaşamış, Yunanıstanda çıxan bir yazısında isə türklükdən istefa verdiyini yazmışdı.
İndi bildinizmi niyə xatırladım Mustafa Səbrini?
Dövlətinin və xalqının yanında olmayan hər bir din xadimi potensial Mustafa Səbridir…
Xalqının düşməninə yardım edənə səsini çıxartmayan hər bir din xadiminin içində bir Mustafa Səbri yatır…
Bunun üçün milli kadrlar yetişdirilməlidir…
Dövlət dini anlayışını sağlam əllərlə formalaşdırmalı, bir yanlışı başqa bir yanlışla əvəzləməməliyik…
İrandan qaçarkən FETÖ-nün, süleymançısının, mənzilçisinin, sələfisinin yağmuruna qərq olmamalı, ən təbii ehtiyac olan ilkin dini bilgiləri dövlət olaraq uşaqlara verməliyik…
Vətəndaşını başqa ölkənin din xadiminə möhtac qoymayan dövlətdə Mustafa Səbrilər, Amililər istəsələr də, heç bir qələt qarışdıra bilməzlər…
Bu arada, üç gündən bəri jurnalistlərin radarından itən “həci”lər, yəqin ki, bir də yeni il öncəsi “yolka” qurmağın halal, yoxsa haram olması məsələsinin müzakirəsi zamanı üzə çıxacaqlar…
www.yenicag.az