Avropada yerli oyunçularla necə UĞUR QAZANAQ? - Arif Əsədovdan ŞƏRH
“Qarabağ”ın bu gün UEFA Çempionlar Liqasındakı rəqibi “Atletik” (Bilbao) klubu ilə bağlı diqqətçəkən məqam ondan ibarətdir ki, kollektiv daha çox yerli, dəqiq desək, Bask bölgəsinin oyunçularına üstünlük verir. Xüsusilə, İspaniya təmsilçisinin “Qarabağ”la oyun üçün açıqladığı iştirak ərizəsində yalnız iki legionerin adı yer alıb.
Mövzu ilə bağlı Yenicag.az-a danışan milli komandanın sabiq baş məşqçisi Arif Əsədov bildirib ki, Azərbaycanda da elə struktur qurmalıyıq ki, uşaqlar peşəkar futbolçu ola bilsinlər:
“İstərdim ki, bizim də komandamız daha çox yerli futbolçulardan təşkil olunsun, amma buna zaman lazımdır. Hazırkı vəziyyətdə klub olaraq legionerlərə üstünlük veririk, amma aşağı yaş qruplarına diqqəti artırmalıyıq. Elə struktur qurmalıyıq ki, uşaqlar peşəkar futbolçu ola bilsinlər”.
A.Əsədov, həmçinin vurğulayıb ki, futbolçu yetişdirmək üçün yalnız məşq kifayət etmir:
“AFFA-nın İnkişaf Strategiyası hazırlanıb. Qısa zamanda düzgün iş qurulmalı və strategiya həyata keçirilməlidir. O zaman bizim də hansısa klubumuz Avropa meydanlarında 7-8 yerli oyunçu ilə uğur qazana bilər. Düzgün yanaşma, infrastruktur, akademiya və meydançalar olmalıdır. Bunlar olsa, istəklərimizə nail ola bilərik. Azərbaycanda hər zaman istedadlı futbolçular olub. Vaxtilə onlar SSRİ yığmasının heyətində də çıxış ediblər. İndi də potensialı yüksək olan gənclər var. Sadəcə yanaşma doğru olmalıdır”.
Arif Əsədov “Atletik” – “Qarabağ” oyunu ilə bağlı da fikirlərini deyib:
“Qurban Qurbanovun komandası ilk 10 dəqiqədə təzyiqlərə dözsə, oyunda uğur qazana bilər. Rəqibin heyətinin yalnız yerlilərdən ibarət olması, onların daha yaxşı kollektiv oyun göstərməsinə imkan yaradır. Fərdiçilikdən qaçırlar. Azarkeşləri də möhtəşəmdir, öz oyunçularını yalnız irəliyə səsləyirlər. Bunlar “Qarabağ”a çətinlik yarada bilər. Amma əsas odur ki, ilk 10 dəqiqədə komandamız təzyiqlərə davam gətirsin. Bundan sonra Azərbaycan təmsilçisinin imkanları yarana bilər”.
Məlik Məlikov