Avropanın hava qalxanı DEŞİK-DEŞİK: Polşa və Estoniyanın ACI DƏRSİ – Səxavət Məmməd yazır
Polşanın hava məkanın pozulması, ardınca Rumıniyada dronların peyda olması, daha sonra isə Estoniya səmasında 12 dəqiqəlik Rusiya qırıcılarının uçuşu bir çox mətləbləri üzə çıxardı.
Qərb mediası da, elə yerli mütəxəssislərimiz də Rusiyanın aqressiyasından, imperialist siyasətindən danışdılar. Vəziyyətin real təhlili kənarda qaldı. Bütün dünya bir ağızdan bildirir ki, Rusiya Polşanı test etdi. Bəli, test etdi, ancaq heç kim testin nəticəsindən danışmır.
Test nəticəsində nələr aşkar oldu, ona baxmaqda fayda var. Məlum oldu ki, düşmən dronları bir ölkənin ərazisinə daxil olur, hətta mərkəzinə qədər irəliləyir, ancaq hava məkanı pozulan ölkənin hava hücumundan müdafiə sistemləri onu vura bilmir. Əvəzində Polşa səmasını Polşa, NATO, Niderland və İtaliya qırıcıları təmizləməyə çalışır. Rumıniyada da buna bənzər hal yaşandı. Estoniyaya gəldikdə isə bu məsələ daha biabırçı oldu. Estoniya tərəfinin rəsmi məlumatına görə, MiQ-31 qırıcısı 12 dəqiqə Estoniya səmasında olub.
MiQ-31 qırıcısı dünyanın ən sürətli qırıcılarından sayılır. Estoniya ərazisinin təxminən Azərbaycanın yarısı qədər olduğunu nəzərə alsaq, MiQ-31 qırıcısının Estoniya səmasında qalma müddətinin 12 dəqiqə olacağı inandırıcı deyil. Ancaq MiQ-31-in 12 dəqiqə Estoniya səmasında qalması yalnız iki variantda mümkündür.
Birinci variant MiQ-31 Estoniyanın hava məkanını pozur, daha sonra sərhəd boyu uçuş həyata keçirir. Bu halda radarlar həmin qırıcını Estoniya səmasında uçmuş kimi göstərir. İkinci variant MiQ-31-lərin maksimal sürəti 3.000 km/saata çata bilir. MiQ-31-lərin minimum sürəti isə 220-250 km/saata düşə bilir. Bu yalnız qırıcının patrul xidməti həyata keçirərkən baş verir. Bu, o deməkdir ki, əgər Rusiya qırıcısı Estoniya səmasında 12 dəqiqə olubsa, ruslar Estoniya səmasında patrul uçuşu həyata keçiriblər. Hər iki variant realdır, ancaq hər iki variantda da Estoniyanın hava məkanının qorunmaması üzə çıxır.
Yeri gəlmişkən, bu hadisələrdən dərhal sonra həm Polşa həm Rumıniya, həm də Estoniya hava hücumundan müdafiə sistemləri alışına çıxdılar. Hər üç ölkə bu sahəyə əlavə vəsait xərclədi. Əslində, hava hücumundan müdafiə sistemlərinin əhəmiyyəti 12 günlük İran-İsrail toqquşmasından sonra daha çox ön plana çıxdı. Yeri gəlmişkən, Türkiyə 12 günlük müharibəni ciddi şəkildə təhlil etdikdən sonra hava hücumundan müdafiə sistemləri ilə bağlı ciddi addımlar atmağa başladı. Türkiyədə hansısa bir media qurumu Türkiyənin S-400-ləri Rusiyaya qaytara biləcəyi yönündə xəbər yaymışdı. Maraqlıdır ki, bu xəbər daha çox Azərbaycanda müzakirə olundu. Türkiyə müdafiə nazirliyi müzakirələrə nöqtə qoydu. Əslində, Türkiyə məsələyə təkcə nöqtə qoymadı, hava hücumundan müdafiə sistemlərini təkminləşdirmək üçün daha ciddi addımlar atmağa başladı. Baş verən münaqişələr onu göstərir ki, hava hücumundan müdafiə sahəsində mərkəzləşmə çox önəmlidir.
NATO ölkələri iki formada hava məkanını qoruyur:
1. Strateji obyektlər, xüsusilə aeroportlar hava hücumundan müdafiə sistemləri ilə qorunur;
2. Döyüş təyyarələri ilə havada döyüş növbətçiliyi aparmaqla.
Rusiya, Azərbaycan, qismən İran, qismən ABŞ isə bütün hava məkanını hava hücumundan müdafiə sistemləri ilə qoruyur. Hava məkanının tamamilə qorunması məsələsinə görə Rusiya SSRİ-yə borclu olmalıdır. Çünki SSRİ müdafiəni özünə prioritet götürdüyü üçün daha çox bu istiqamətdə işlər görüb. Xaraktercə NATO hücumu özünə prioritet götürüb və ona görə də hava hücumundan müdafiəni sərhəddən sərhədə yox, sırf strateji obyektlərə görə formalaşdırıb. İndiki mərhələdə Rusiyanın atdığı addımlar NATO ölkələrində boşluqları üzə çıxarır. Onu da nəzərə almaq lazımdır ki, sərhəddən sərhədə hava məkanının bağlanması, mərkəzləşmiş sistemin yaradılması çox bahalı və uzun illər tələb edən məsələdir. Hesablama aparılsa, SSRİ-nin ən çox vəsait ayırdığı sahənin məhz hava hücumundan müdafiə sahəsi olacağı ortaya çıxacaq.
Yeri gəlmişkən Azərbaycanın hava məkanı mərkəzləşmiş formadadır və nəinki postsovet məkanında dünyada ön sıralardadır. Azərbaycan suverenliyini bərpa etdikdən sonra sərhəddən sərhədə hava məkanın qorunmasını da təmin etmiş oldu. Ancaq rəsmi Bakı bir layla kifayətlənmək niyyətində deyil. Ən azı 2-3 laylı bir sistem qurmağı hədəfləyib. Bu da anlaşılandır. 30 ilə yaxın hücumu düşünən ölkə indi müdafiəni daha da mükəmmələşdirmək üçün addımlar ata bilər.
Azərbaycan SSRİ-dən qalma zavod, fabrik, digər sahələri dağıtsa da, bəlkə də gözünü müharibəyə açdığı üçün müdafiə sahəsini dağıtmadı, əskinə, digər postsovet ölkələrinin satışa çıxardığı silahları alaraq var olanı bir qədər də möhkəmləndirdi.