Məktəbi GTA-ya çevirən sistemdə kimdir müqəssir? – Bir güllənin “idrak” etdirdiyi ACI GERÇƏKLƏR
İdrak liseyində baş verən hadisədən sonra yenə hər şey müzakirə olunur, bircə əsas məsələdən başqa.
Kim kimin qohumudur, bina kimindir, jurnalist niyə o sualı verib… Amma əsas sual kənarda qalır: bu uşaq niyə müəllimi hədəf seçdi, niyə məktəbi oyun səhnəsi bildi, niyə tətik çəkmək ona mümkün göründü, nə üçün müəllimi vurarsa, qəhrəman olacağını düşündü? Niyə kor olası valideyni bir dəfə uşağının telefonuna baxmadı ki, uşağı orada nələr qarışdırır? Bəlkə də qarışdırsaydı, uşağı bu gün nəzarətdə, müəllim də reanimasiyada deyildi.
Yəni, əsas məsələ “İdrak” liseyini kimin işlətməsi ya da liseylə bağlı başqa söhbətlər deyil. Belə hadisələr olanda digər liseylərə gün doğur və rəqiblər kompromatları səxavətlə mediaya ötürürlər ki, məlum hadisə ilə yanaşı başqa məsələlər də gündəmə gəlsin və liseyin onsuz da zərər görmüş nüfuzu yerləbir olsun. Ancaq liseyin kimin binasında fəaliyyət göstərməsi ya da dövriyyəyə buraxılan digər məsələlər diqqəti əsas mahiyyətdən uzaqlaşdırmaq məqsədi daşımaqdan savayı bir şeyi hədəfləmir. Ölkədə hadisə baş verən nə ilk liseydir bu, nə də bu sistemdə sonuncu olacaq. Fəqət bütün günahı liseyin üzərinə yıxmaqla cəmiyyət xilas olacaqsa, hamımız “İdrak”ı daşqalaq edək. Amma xilas olmayacaq! Çünki başımızı azacıq qaldırsaq, “İdrak”dan öncə kimlərin günahkarlar skamyasında oturmasının daha doğru olduğuna haqq verəcəksiniz. O zaman ekrana bir az da yaxından baxın.
Nazirin heç günahı yoxdur?
Təəssüf ki, bu ölkədə illərdir müəllim nüfuzu sistemli şəkildə aşındırılır. Evdə valideynin laqeydliyi, telefonda GTA zehniyyəti, məktəbdə intizam boşluğu, yuxarıdan isə açıq-aşkar hörmətsizlik var. Bu zəncir qırılmadıqca nəticə dəyişməyəcək. Bəndəniz vaxtilə elm və təhsil naziri Emin Əmrullayevin müsahibələrində “istisnai hallar”ı filə çevirib, kameralar qarşısında müəllimi aşağıladığını deyəndə məni topa tuturdunuz. Deyirdiniz ki, düz deyir, reallığı danışır. Alın, sizə reallıq! Onun olduğu məqam reallığı danışma deyil, reallığı çözmə məqamı idi. Danışmamalı, nöqsanları aradan qaldırmalı idi. O isə təhsilə aidiyyatı olmayan “menecer”ləri bu sistemdə yüksəltmək üçün müəllimi əzdi, sındırdı; nəticədə şagird müəllimi güllələdi.
Nazir televiziya qarşısında müəllimi linç edəndə cəmiyyətə bir mesaj verir: müəllim toxunulmaz deyil. Şagirdə də, valideynə də, sistemə də. Müəllimi hər problemin günahkarı elan edən zehniyyət sinifdə hörməti sıfırlayır. O uşaq müəllimə təkcə evdə gördüyü münasibətlə yanaşmadı, yuxarıdan süzülən bu mesajla yanaşdı. Buna görə o münasibətdə nazir də məsuliyyət daşıyır.
Məktəbi GTA-ya çevirən boşluq
Nazirlik və cəmiyyətdən sonra məsuliyyəti daşıyan Ailədir. Bu uşaq silahı özü stand-up layihəsi çərçivəsində yaratmayıb. Atasının ov silahını götürüb. Deməli, məsuliyyət təkcə məktəbdə deyil. Evdə silah əlçatan olub, telefonda nə oynadığı ilə maraqlanan olmayıb, aqressiya vaxtında görülməyib. Məktəb isə bu yükün altında tək buraxılıb.
Göyə sovrulan pullar…
Təəssüf ki, Elm və Təhsil Nazirliyi illərdir imitasiya ilə məşğuldur. “Məktəblinin dostu” adı altında milyonlar xərclənib, formalar alınıb, hesabatlar yazılıb. Nəticə nədir? Çantada bıçaq, əldə silah. Psixoloq ştatları kağız üzərində var, real həyatda isə direktorun tanışı üçün iş yerinə çevrilib. Elina Hacıyevanın faciəsindən sonra belə bu sahə işləməyibsə, deməli problem şəxslərdə yox, sistemdədir.
Müəllimin müqəddəsliyi geri qaytarılmalıdır!
Bir vaxtlar müəllim müqəddəs idi. Acıqlanırdı, tələb edirdi, intizam yaradırdı. Buna tərbiyə deyirdilər. Bu gün isə “dəymə, toxunma” deyə müəllimi qorxudurlar. Müəllim qorxursa, şagird qorxmayacaq. Müəllim zəifdirsə, aqressiya güclənəcək.
Dünən müəllimi alçaldan cəmiyyət bu gün onun güllələnməsinə təəccüblənməməlidir. O tətiyi sadəcə bir şagird çəkmədi. Müəllimi aşağılayan, müəllimə yuxarıdan aşağı baxan, müəllimi şagirdə “dur” deməyi qadağan edən hər birimiz çəkmişik; başda da təhsilə menecer gözü ilə baxan indiki Elm və Təhsil Nazirliyinin rəhbər şəxsləri…
Kişi müəllim boşluğu və itən nizam
Yuxarı siniflərdə qadın müəllimlərə qarşı duyarsızlıq artıq gizlədiləsi mövzu deyil. Bu, qadının zəifliyi yox, dövlətin məktəbi kişi müəllimdən, kişi intizamından məhrum etməsinin nəticəsidir. Oğlan uşaqları üçün avtoritet fiqurlar yoxdur. Qayda “yumşaq güc”lə qorunmur, xüsusilə problemli yeniyetmələr üçün.
Məktəbdə nizam yoxdursa, silah da, bıçaq da yol tapacaq, hələ tualetinə narkotika da. Allah qəni-qəni rəhmət eləsin Soltan müəllimə. Mənim tarix müəllimim idi və üzərimdə haqqı valideynlərim qədər çoxdur. Mən bir az dərsdən yayına bilsəydim, evə xəbər göndərirdi, özümü də sinfə salıb, lazımi qaydada cəzalandırırdı. O zaman əsəbləşirdim qulağımı çəkməsindən çox, evə xəbər verməsinə. Ancaq bu gün rəhmət oxuduqlarım arasında bəlkə də ilk sırada gəlir. Bir şagird olaraq yolumu azmağımın qarşısındakı Çin səddi idi Soltan müəllim. Oxuyan olduğumu bildiyi üçün dərsdən qopmağıma imkan vermirdi və məhz onun bu tələbkarlığı nəticəsində universitetə daxil oldum, bütün imtahanlarımı da oxuyaraq verdim. İndi məktəblərin Soltan müəllimlərə ehtiyacı var. Xüsusilə 9-11-ci sinifdə oxuyan yeniyetmə oğlanların…
Qısacası, İdrak liseyində baş verən hadisə adi kriminal fakt deyil. Bu, sistemin iflas siqnalıdır. Məktəblərdə “çantada bıçaq” dövrü bitib, “çantada silah” dövrü başlayıb. Nazirlik müəllimi aşağılamaqdan, imitasiya layihələrindən əl çəkməlidir. Müəllimin nüfuzunu bərpa etməyən dövlət, onu qorumağa da gecikəcək. Çünki bu artıq təhsil məsələsi deyil. Bu, həm də təhlükəsizlik məsələsidir.
Aqil Ələsgər












