Yanlış oxunan diplomatiya: Tehran Ankaradan niyə imtina etdi?
ABŞ və İran arasında dolayı danışıqların Umman vasitəçiliyi ilə keçirilməsi “Tehran Ankaranın vasitəçi olmasını istəmir” iddialarını gündəmə gətirdi.
Bəs reallıq necədir?
Ankara xətti kənara itələnməyib
Əslində məsələ fərqlidir. Çünki Hakan Fidanın son aylarda oynadığı rol Tehran tərəfindən müsbət qiymətləndirilir. İranlı mənbələr açıq şəkildə bildirir ki, Türkiyənin vasitəçilik təşəbbüsləri dəyərli hesab olunur və danışıqlar masasının formalaşmasında Ankaranın payı az deyil.
Məhz bu kontekstdə İranın danışıqlar üçün yenidən Maskatı seçməsi “Ankara problemi” ilə bağlı deyil. Tehran bununla əvvəlki mövqeyini qoruduğunu və prosesin davamlı olduğunu göstərmək istəyir. Digər tərəfdən, mümkün gərginlik anlarında Türkiyənin ABŞ manipulyasiyaları arasında qalmasının da qarşısı alınmaq istənilir.
Pekindən Maskata gedən yol
Danışıqlarda iştirak edən İran nümayəndə heyətinin üzvü Kazım Qaribabadinin görüşlərdən bir gün əvvəl Pekində olması diqqət çəkdi. O, burada Çin rəsmiləri və Şanxay Əməkdaşlıq Təşkilatının rəhbərliyi ilə mühüm təmaslar apardı. Pekin açıq şəkildə bəyan etdi ki, İranın nüvə enerjisindən dinc məqsədlərlə istifadə etmək hüququ var.
Bu mesajın danışıqlardan dərhal əvvəl verilməsi təsadüfi deyil. Çünki İran–Çin ticarəti və enerji əməkdaşlığı ABŞ-ın təzyiq siyasətində əsas hədəflərdən biridir. Vaşinqtonun regionda hərbi güc nümayiş etdirməsi də daha çox bu balansı pozmağa yönəlib. Eyni zamanda ABŞ çox yaxşı anlayır ki, İrana zərbə endirsə belə, ölkədəki hakimiyyəti devirmək mümkün deyil. Buna görə də Vaşinqton birbaşa nəticə almaqdansa, İranın bölgədə və beynəlxalq müstəvidə güclənməsinin qarşısını almağa çalışır. Xüsusilə İranın Səudiyyə Ərəbistanı, Türkiyə və İraqla yaxınlaşması, eləcə də Çinlə ticarət əlaqələrini genişləndirməsi ABŞ üçün ciddi narahatlıq yaradır.
Bu siyasətin arxa planında İsrailə ünvanlanan açıq mesaj da var: “Regiondan qismən çəkilsəm belə, qorxma, Qərbi Asiyanın İranın təsiri altına düşməsinə imkan verməyəcəyəm.” Bu mesajın lazım gəldikdə hərbi vasitələrlə verilməsi ehtimalı da istisna olunmur. Əgər hansısa düyməyə basılacaqsa, atılacaq Amerika raketləri məhz bu siyasi xəbərdarlığın daşıyıcısı olacaq.
“Müsbət başlanğıc, amma…”
Danışıqlardan sonra İran tərəfi ehtiyatlı nikbinlik nümayiş etdirdi. İran XİN sözçüsü görüşlərin “hələlik” başa çatdığını, lakin prosesin davamı üçün qapının açıq qaldığını bildirdi. İranın xarici işlər naziri Abbas Arakçi isə bunu “yaxşı başlanğıc” adlandırdı və əsas problemin qarşılıqlı etimadsızlıq olduğunu vurğuladı.
Hazırda növbəti mərhələnin taleyi Vaşinqton və Tehranda aparılacaq daxili məsləhətləşmələrdən asılıdır. Qısa müddətdə konkret təqvim açıqlanmasa da, müzakirə xəttinin tam qapanmadığı açıq görünür.
Əsas sual hələ də açıq qalır: bu masa müharibənin qarşısını ala biləcəkmi? Cavab isə təkcə Maskatda yox, Pekin–Ankara–Tehran xəttində formalaşan balansda gizlidir.
Amir Aqiloğlu












