“Avroviziya” təmsilçimizin mahnısında PKK İZİ – MUSİQİLİ TƏXRİBAT – VİDEO

12:50

Azərbaycanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən müğənni Aysel Məmmədovanın “Sevgi qəfəsi” adlı mahnısında kürd sənətçisi Şivan Perverin musiqisindən bəhrələnib. Belə ki, mahnının 40-cı saniyəsindən sonra Şivan Perverin”Mala min” musiqisindən bir hissə səsləndirilib. Müğənninin, mahnıları PPK terrorcularının az qala himninə çevrilən Şivanın musiqisindən istifadə etməsi birmənalı qarşılanmayıb. Qeyd edək ki, sözügedən mahnı “Youtube” kanalında izləmə rekordu qırıb.

Yenicag.az-a açıqlama verən xalq artisti, tanınmış bəstəkar Oqtay Rəcəbov belə müğənniləri Azərbaycan adına ləkə kimi dəyərləndirib:

“O müğənni düzgün hərəkət etməyib, PKK terrorçularını dəstəkləyən müğənniləri təbliğ etməkdənsə, gül kimi Azərbaycan musiqilərindən istifadə etsin. Öz musiqilərindən niyə utanır? Öz musiqisinə, xalqının mənəvi dəyərlərinə, mədəniyyətinə xor baxan belə müğənniləri təbliğ etmək də lazım deyil. O, çox pis azərbaycanlıdır. Xalqını sevməyən adam başqa xalqları da sevə bilməz. Hansısa populyar bir mahnını götürüb bəhrələnməklə, düşünürsə ki, populyar olacaq, aldanır. Mənəvi dəyərlərinə, musiqisinə, mədəniyyətinə hörmətsizlik edən belə insanları heç kim sevmir. Onun prodüserinin də üzərinə böyük məsuliyyət düşür. Həmin adamlar o müğənnini istiqamətləndirməli və başa salmalıydı ki, belə mahnılardansa, milli musiqilərimizdən istifadə etmək lazımdır.

Dünya şöhrətli dahi alman bəstəkarı Bax vaxtilə “Bayatı şiraz” muğamının intonasiyalarından istifadə edib. O əsərlər indi bütün dünyada məşhurdur. Biz niyə onun-bunun musiqisindən bəhrələnək? Yaxşı olardı ki, həmin müğənni bizim xalq musiqilərimizə, muğamımıza və bəstəkar mahnılarına müraciət etsin”.

Hazırda xaricdə yaşayan Aysel Məmmədova ilə də əlaqə saxlamağa cəhd etdik, alınmadı.

Cəvahir